Akif Qurbanov ona qarşı irəli sürülən ittihamlara cavab verib

İllüstrasiya: Meydan TV

“İlham Əliyev “məhkəmə”nin də əvəzinə hökmümüzü verdi”

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri, “Toplum TV işi” üzrə həbsdə olan Akif Qurbanov ona qarşı irəli sürülən ittihamlara cavab verib.

Akif Qurbanovun məktubu “Facebook” səhifəsində paylaşılıb:

“İnsan ləyaqətinin üstünlüyü və insan haqları təminatı, respublikaçı səlahiyyət bölgüsü, demokratik idarəçilik və yerli özünüidarə, iştirakçılıq, azad və ədalətli seçki, ədalət mühakiməsi və hüququn aliliyi, təşəbbüskarlıq, rəqabət, sərvət bərabərliyi, tənqid və alternativ fikir dəyərlərindən qaçaq düşən hakimiyyət bizi “qaçaqmalçılıqda” ittiham edir”.

Akif Qubranov qeyd edir ki, Prezident İlham Əliyevin göstərişi ilə həbs olunub.

“İlham Əliyev bir daha təsdiq etdi ki, onun “hüquq pozan – YAP mühafizə” orqanları bizi onun göstərişi ilə girov götürüb. İlham Əliyev açıq şəkildə etiraf edir ki, onun üçün yerli qeyri-hökumət təşkilatları və müstəqil media cəzalandırılmalı müxalifətdir. Bu səbəbdən də o, bəribaşdan “təqsirsizlik prezumpsiyasını” tapdalayaraq “məhkəmə”nin də əvəzinə hökmümüzü verdi”.

“Biz sizin kimi büdcəni talamamışıq, ofşorlarda milyonlar-milyardlar gizlətməmişik, ölkədən çamadanlarla xaricə pullar qaçırmamışıq. Bizə kimsə deyə bilməz ki, pulumu yemisiz, qaçırmısız, oğurlamısız. Amma sizə deyənlər milyonlarladır. Hətta sizin təbirinizcə desək, bir əcnəbi belə deyə bilməz ki, onlardan pul almışıq və həmin puldan hansısa gizli işlər, şəxsi məqsədlər və s. istiqamətlər üçün istifadə etmişik. Amma sizin etdiklərinizi milyonlar bilib deyə bilməsə də, minlər deyir, yazır, göstərir, üzə çıxarır. Dəyərlərdən “qaçaq hakimiyyətin” başında duran bilsin ki, “tək adama” deyil, hüquqa itaət edirik”, – Akif Qurbanov bildirib.

“Toplum TV işi”…

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, Demokratik Təşəbbüslər İnstitutu, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

İyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib, redaksiyanın və əməkdaşların bütün avadanlıqları müsadirə olunub.

Hazırda “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

İş üzrə məhkəmənin ilk hazırlıq iclası aprelin əvvəlində baş tutub, proses aprelin 24-ə təxirə salınıb.

Ana səhifəSiyasətAkif Qurbanov ona qarşı irəli sürülən ittihamlara cavab verib