“Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının (ResPlatforma) spikeri Akif Qurbanov məktəblərdə hicab qadağası ilə bağlı ictimaiyyətə müraciət edib.
Toplum TV-nin dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik:
“Xalqın etimadından məhrum “Tək adam” rejimi zorbalıq və özbaşınalıqla hamıya öz cəngəllik qaydalarını diktə edə biləcəyini zənn edir. Məktəblilərə hicab qadağasını yenidən gündəmə süni şəkildə gətirmək də ölkəni öz mülkü, bizi isə iradəsiz təbəələri sayan müstəbid təfəkkürün növbəti təzahürüdür.
Sual olunur: nə baş verdi ki, rejimin birdən-birə yadına düşdü ki, Azərbaycan dünyəvi dövlətdir və guya dünyəvilik məktəblərdə hicab qadağasını tələb edir? Əgər məqsəd həqiqətən dünyəviliyi qorumaqdırsa, bu məsələ niyə illərdir gündəmə gətirilmirdi? Niyə məhz indi? Hamımıza gün kimi aydındır ki, İlham Əliyevin dünyəviliyi qorumaq kimi səmimi bir qayəsi yoxdur. Onun hakimiyyəti üçün əsas meyar hər hansı dəyərə sədaqət deyil, hakimiyyətin qorunmasıdır. Bəs onda məsələ nədir?
Dəmir yumruq ritorikasının arxasında gizlənən Əliyev Qarabağ qələbəsinin bütün siyasi dividendlərini tükədib. Cəmiyyətə verilən saxta islahat vədləri yerinə yetirilməyib və ölkənin gələcəyi ilə bağlı heç bir ümid özünü doğrultmayıb. Azərbaycan iqtisadi göstəricilərin bir çoxu üzrə müharibəni uduzan Ermənistandan geri qalır. Ölkədəki kəskin sosial bərabərsizlikdən və haqsız təbəqələşmədən isə ilk növbədə “Tək adam”ın yaxın çevrəsi və siyasi-iqtisadi əlaltıları faydalanır, xalqın böyük hissəsi bahalıq və iqtisadi səfalətlə üz-üzə qalır.
Belə bir şəraitdə rejim cəmiyyətdəki narazılığın səbəblərini aradan qaldırmaq əvəzinə, narazı səsləri boğmağa çalışır. Lakin repressiya təkbaşına kifayət etmir. Cəmiyyətin diqqətini real problemlərdən yayındırmaq, narazılığı başqa istiqamətə yönəltmək üçün yeni tamaşa və yeni düşmən obrazı lazımdır. Məhz belə məqamlarda rejim köhnə və sınanmış kartı yenidən oyuna atır: din və dünyəvilik qarşıdurmasını.
Öz avtoritarizminə bəraət qazandırmaq və itirdiyi ictimai etimadı bərpa etmək üçün Əliyev “parçala və hökm sür” siyasətinin növbəti mərhələsinə keçir. Cəmiyyət üçün süni mədəniyyət müharibəsi yaradılır. Bu müharibədə Əliyev özünü dünyəviliyin hamisi, “dini ekstremistlərə”, “islamçılara” qarşı mübarizənin öncülü kimi təqdim etməyə çalışır. Halbuki onun hakimiyyəti nə demokratik dünyəviliyin, nə də vicdan azadlığının təminatçısıdır. Samuel Consonun məşhur ifadəsini uyğunlaşdırsaq, vətənpərvərlik yaramazın son sığınacağı olduğu kimi, dünyəvilik də İlham Əliyevin cəmiyyətdən qorxusunun yeni sığınacağıdır.
Beləliklə, yenidən gündəmə gətirilən hicab qadağasının dünyəviliyin qorunması ilə əlaqəsi olduğuna dair iddialar puçdur. Burada söhbət “Tək adam”ın hakimiyyətini qorumaq uğrunda apardığı siyasi oyundan gedir. Onun davası yorğan davasıdır. Dəfələrlə belə oyunların şahidi olmuş cəmiyyət rejimin yaratdığı tamaşaya aldanmamalıdır.
Hər şeydən əvvəl bir həqiqəti xatırlamalıyıq: dünyəvilik dövlətin cəmiyyət üzərində ideoloji hökmranlıq vasitəsi deyil, insanların vicdan və etiqad azadlığının təminatıdır. Avtoritar dövlət dünyəvilik iddiası irəli sürə bilməz. Həqiqi demokratik dünyəvilik dövlətin dini etiqad qarşısında neytrallığını, vicdan azadlığını, hüquq qarşısında bərabərliyi və hüququn aliliyini tələb edir.
ResPlatforma olaraq biz “Kimlik Bəyanı”mızda Azərbaycanda həqiqi təmsilçi demokratiyanın və özünüidarə edən cəmiyyətin qurulması üçün dünyəviliyi üç təməl dəyərimizdən biri elan etmişik (digərləri respublikaçılıq və desentralizasiyadır). Bizim üçün dünyəvilik hakimiyyətin cəmiyyətə hansı həyat tərzini diktə etməsi deyil, fərqli əqidə və inanclara malik insanların bərabərhüquqlu vətəndaşlar kimi birgə yaşamasının konstitusion təminatıdır. Məhz buna görə də “Tək adam”ın dünyəvilik adı altında apardığı siyasi oyunun mahiyyəti bizim üçün aydındır.
Dünyəvilik bu günün problemi deyil. Biz həqiqi dünyəvi düzəni gələcəyin demokratik Azərbaycanında bəşəri hüquq prinsiplərinə uyğun şəkildə bərqərar edəcəyik. Gələcək demokratik Azərbaycanda parlament “Tək adam”ın şəxsi notariusu olmayacaq, xalqın ümumi iradəsini ifadə edən və hakimiyyət üzərində real nəzarəti həyata keçirən təmsilçi orqana çevriləcək. Qanunlar mənasız kağız parçaları olmayacaq, hüququn aliliyinin işığında qəbul ediləcək və hamı üçün eyni qaydada tətbiq olunacaq. Heç kim “Nazirlər Kabineti” adlanan, naftalin qoxusu verən saxta qurumların arxasında gizlənərək öz iradəsini xalqa diktə edə bilməyəcək.
Belə bir cəmiyyətdə dini etiqad azadlığı, o cümlədən valideynlərin uşaqlarını öz əqidə və inanclarına uyğun tərbiyə etmək hüququ qorunacaq. Eyni zamanda, uşaqların hüquqları və üstün mənafeyi də təmin ediləcək. Dini rəmzlərlə bağlı məsələlər inzibati özbaşınalıqla deyil, uşaqların təhsil hüququ və üstün mənafeyi ilə valideynlərin hüquqları arasında ədalətli tarazlıq yaratmaqla tənzimlənəcək. Bu qərarlar cəmiyyətin bütün maraqlı tərəflərinin ictimai müzakirələrdə iştirakını təmin edən demokratik proseslər vasitəsilə qəbul olunacaq.
Bu gün isə məktəblərin qapılarının qız uşaqlarının hicab taxdığına görə üzünə bağlanması və onların ayrı-seçkiliklə, zorbalıqla və özbaşınalıqla təhsildən yayındırılması tariximizin növbəti utanc səhifəsidir. Bu addımların heç birində həmin uşaqların üstün mənafeyi qorunmayıb, əksinə, kobudcasına pozulub. Bununla həmin uşaqların ləyaqəti alçaldılır. Qız uşaqlarının bu cür formada təhsilə çıxışına maneə qoyulması nə dünyəvilik dəyərləri ilə, nə də dünyəvi Azərbaycan uğrunda mübarizə aparmış maarifçi hərəkatın amalları ilə uzlaşmır. Ona görə də bu mənfur təcrübəyə dərhal son verilməlidir.
Bu gün dünyəvilik adı altında həyata keçirilən manipulyasiyalara qarşı cəsarətlə etiraz edən, hüquqlarını müdafiə edən vətəndaşlarımızla həmrəy olduğumu bildirirəm. Onları bütün qanuni vasitələrdən istifadə etməklə, təxribatlara uymadan və dinc mübarizə prinsiplərini qoruyaraq öz haqlı mövqelərinin müdafiəsini davam etdirməyə çağırıram.
“Tək adam”ın “parçala və hökm sür” siyasətinə qarşı bütün tərəqqipərvər həmvətənlərimizi əqidəsindən və etiqadından asılı olmayaraq birliyə çağırıram. Çünki vicdan azadlığı yalnız dindarların, dünyəvilik isə yalnız dünyəvilərin məsələsi deyil. Bunlar hər bir vətəndaşın azadlığını, ləyaqətini və bərabərliyini müəyyən edən ümumi məsələlərdir.
Gələcək demokratik və dünyəvi Azərbaycanda ədalətli, azad və bərabər cəmiyyət quracağımıza inamımızı itirmədən yola davam!”.