“Airbnb”: “Otellərin qorxulu röyası” Belarusu tərk edir

“Airbnb”. Foto: askarim/shutterstock

Şirkət aprelin 4-dən sonrakı bütün rezervasiyaları ləğv edib

Ev kirayələmə şirkəti olan “Airbnb” Rusiya və Belarusda fəaliyyətini dayandırıb.

Bu barədə açıqlama verən şirkət bildirib ki, bundan sonra qonaqlar və turistlər “aibnb.com” saytı üzərindən Rusiya və ya Belarusda qalmaq üçün ev rezervasiyası edə bilməyəcəklər.

Beləliklə, şirkət aprelin 4-dən sonrakı bütün rezervasiyaları ləğv edib.

“Airbnb”nin baş icraçı direktoru Brayan Çeski də martın 4-də təsdiq edib ki, artıq Rusiya və Belarusda rezervasiya etmək mümkün olmayacaq.

Hər iki ölkə ilə əməkdaşlıqları dayandırılıb.

Şirkət daha əvvəl Moskvanın fevralın 24-də Ukraynaya on minlərlə hərbçi göndərməsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara görə Rusiya və Belarusdakı bəzi maliyyə qurumları ilə əlaqəli əməliyyatları həyata keçirə bilmədiyini qeyd etmişdi.

Fevralın 28-də isə şirkət açıqlama verərək Rusiyanın hərbi müdaxiləsi səbəbindən Ukraynadan qaçmağa məcbur qalan şəxslərə ödənişsiz, qısamüddətli mənzillər təklif etdiyini bildirmişdi.
Şirkət ümumilikdə 100 000-dək ukraynalı qaçqının yerləşdirilməsini planlayırdı.

Onların uzunmüddətli vədədə qonaq edilməsi üçünsə şirkət qonşu Avropa ölkələri ilə əməkdaşlıq edəcəyini bildirirdi.

“Airbnb” şirkəti ötən ilin avqustunda Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra əfqan qaçqınların məskunlaşmasına da kömək etmişdi. Həmin vaxt 21 000-dən çox insanı mənzillə təmin etmişdi.
Dünyada şəxsi mənzillərin qısamüddətli icarə və rezervasiya sistemi kimi tanınan “Airbnb” 2008-ci ildə San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb.

Evlərinin kirayə haqqını verə bilməyən Brian Çeski ve Joy Qebbi otaqlarının birini kirayə vermək məcburiyyətində qalıb.

Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub.

Hazırda 220-dən çox ölkə və regionda fəaliyyət göstərən şirkət turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimləri təklif edir.

Bəzi hallarda “Airbnb”yə “otellərin qorxulu röyası” da deyirlər.

Ana səhifəDünya“Airbnb”: “Otellərin qorxulu röyası” Belarusu tərk edir