Deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham edilərək ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəs Səricanov həbsxanada fiziki təzyiqə məruz qalıb.
Bu barədə Meydan TV-yə onun anası Elnarə Səricanova məlumat verib.
Anası bildirir ki, Əbülfəs Səricanov 2025-ci ilin martında “Telegram” kanalında İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatları pislədiyinə, dini məzmunlu çağırışlar etdiyinə və atasına ömürlük cəza verən hakimi tənqid etdiyinə görə həbs edilib. O, Cinayət Məcəlləsinin 28.277-ci maddəsi (dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) ilə ittiham olunur.
Azər Səricanov deputat Fazil Mustafaya qarşı 2023-cü il martın 28-də həyata keçirilmiş silahlı hücumla bağlı istintaq çərçivəsində həbs olunan əsas şəxslərdən biridir.
Məhkəmə qərarına əsasən, ömürlük həbsə məhkum edilib.
“Paylaşımları psixoloji gərginliyin nəticəsi idi”
“Həyat yoldaşım həbs olunduqdan sonra oğluma həmişə deyirdim ki, diqqətli olsun, çünki onu nəzarətdə saxlayırlar. Sən demə, uşağın “Telegram”da kanalı varmış və orada bəzi paylaşımlar edibmiş. Kanalda İsrailin Fələstinə hücumları və orada körpə uşaqların ölümü ilə bağlı paylaşımlar edib. Həmçinin atasının həbsi ilə əlaqədar həmin işə baxan hakimin şəkilini paylaşaraq sərt ifadələr yazıb. İslam dini ilə bağlı da bəzi dini məzmunlu çağırışları olub. Məsələn, yazıb ki, “bir gün gələcək, biz bunları edam edə biləcəyik”. Mənim bundan xəbərim olmayıb. Amma əminliklə deyirəm ki, paylaşımlar onun yaşadıqları, keçirdiyi emosiyalar və psixoloji durumu ilə əlaqədardır”.
Elnarə Səricanova deyir ki, oğlunun həbsi atasına olan qərəzdən baş verib.
“Atasına ömürlük həbs cəzası verildiyi üçün oğlum hirsindən, əsəbindən belə paylaşımlar edib. Buna görə insanın üzərinə belə ağır ittiham qoymaq olmaz. Bu ittihama görə 14 ildən 20 ilə qədər həbs cəzası düşür. Sadəcə, çağırıb xəbərdarlıq etməklə kifayətlənə bilərdilər. Oğlumun həbsi və bu qədər ağır ittiham tamamilə qərəzlidir. Bütün bunlar atasının kimliyinə görə baş verib”.
“Dörd aydır ki, oğlumla görüşə imkan vermirlər”

Elnarə Səricanovanın sözlərinə görə, oğlu həbsindən sonra artıq dörd aydan çoxdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılır və bu müddətdə onlar yalnız bir dəfə görüşə biliblər:
“Həmin görüşdə DTX əməkdaşı içəri girib, bizə dedi ki, təcridxanada təmir işləri başladığı üçün uzun müddət görüşə bilməyəcəyik. Əvəzində isə həftədə üç dəfə telefonla danışmağa icazə veriləcəyini bildirdi. Biz də fikirləşdik ki, təmir bir ay çəkər. Artıq beşinci aya keçib, hələ də görüşə bilməmişik. Oğlum əvvəllər həftədə üç dəfə zəng edirdi. Sonradan bu say iki dəfəyə endirildi. Son iki həftədə isə yalnız bazar ertələri zəng edir.”
“Onu başqa təriqət üzvləri ilə eyni kameraya salıblar ki, qarşıdurma yaransın”
Elnarə Səricanovanın sözlərinə görə, bir müddət əvvəl oğlu ilə telefon danışıqlarının sayı azaldılıb:
“Bizə həftədə üç dəfə deyilmişdi. Sonradan zənglər əvvəlcə iki, sonra isə ümumiyyətlə, bir dəfəyə endirildi. Halbuki, qaydaya görə, zənglər həftədə iki dəfə olmalıdır. Sonra oğlum evə zəng edəndə dedi ki, başqa məzhəbə mənsub məhbusların saxlandığı kameraya yerləşdirilib. Oğlumun həmin kameraya salınması təsadüfi deyil, bu, onunla digər məhbuslar arasında qarşıdurma yaratmaq məqsədi daşıyır. Bizim (şiə-red.) onlara dini, ideoloji fərqimizi, yanaşmamızı bildikləri üçün oğlumu qəsdən onlarla eyni kameraya salıblar. Məqsədləri gərginlik yaratmaq və davaya səbəb olmaqdır. Oğlumla telefonla danışanda, bu haqda mənə məlumat verdi. Dedi ki, sonradan müstəntiq onun yerini dəyişib”.
“Vəkillə görüşə imkan verməyiblər”
Elnarə Səricanova deyir ki, həmin hadisədən sonra telefon danışıqlarının azalması ilə yanaşı, vəkilinin oğlu ilə görüşünə də imkan verilməyib:
“Vəkilimiz Bəxtiyar Hacıyev DTX-ya gedib, amma oğlumla görüşə buraxılmayıb. Biz də ev dustaqlığı ilə bağlı apellyasiya şikayəti verdik. İyulun 23-də Apellyasiya Məhkəməsinə gətiriləndə oğlumun gözünün altının göyərdiyini gördüm, onu döyüblər. Övladımın sağlamlıq vəziyyətindən çox narahatam. Yaşının az olmasına baxmayaraq, yüksək təzyiqdən əziyyət çəkir, böyrəyində daş var, tez-tez sancı tutur. Yaşı az olsa da, sağlamlıqla bağlı çox əziyyət çəkir. Məsələ ilə əlaqədar DTX-ya iki dəfə elektron məktub yazmışam, həmçinin də Ombudsmana müraciət etmişəm. Omudsmandan məsələni nəzarətə götürəcəklərini bildiriblər”.
İnanclıların hüquqlarını müdafiə edən Arzu Abdulla Əbülfəs Səricanovun həbsini ədalətsiz hesab edir. Onun sözlərinə görə, vətəndaş sosial şəbəkədə fikir bildirməyə görə bu cür ağır ittihamla həbs olunmamalıdır:
“Əbülfəsin cəzalandırılmaya yox, psixoloji yardıma ehtiyacı vardı”

“Əbülfəs bəlkə də atasına görə təhlükə mənbəyi kimi görülərək həbs edilib. Amma onun belə bir maddə ilə ittihamı gülüncdür. Hər hansı bir təhlükə yaratmayıb, sadəcə, fikir bildirib. Fikrinə görə bir gəncin həyatını məhv etmək, bu ölkənin vətəndaşının taleyini qaraltmaqdan başqa bir şey deyil. Əslində, Əbülfəsin kanalda paylaşdıqları və fikirləri ilə razı deyiləm. Amma özümüzü onun yerinə qoysaq, bəlkə də bir anlıq onu anlamaq olar. Əbülfəsin həmin yazını yazarkən hansı psixoloji durumda olduğunu düşünmək lazımdır. Ola bilsin ki, Əbülfəsin cəzalandırılmaya yox, psixoloji yardıma ehtiyacı vardı. Təəssüf ki, Azərbaycan hakimiyyətində “Bu, bizim vətəndaşımızdır, onun gələcəyi bizi narahat etməlidir” prinsipi yoxdur”.
Ombudsman məsələni nəzarətə götürdüyünü bildirir
Meydan TV məsələ ilə bağlı DTX-ya sorğu göndərsə də, cavablandırılmayıb.
Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, Elnarə Səricanovanın müraciəti nəzarətə götürülüb və iyulun 24-də o, oğlu ilə telefon əlaqəsi saxlaya bilib. Lakin Ombudsman tərəfindən məsələnin yerində araşdırılması ilə bağlı hər hansı məlumat verilməyib.
Elnarə Səricanova ötən gün oğlu ilə telefonla danışdığını Meydan TV-yə təsdiqləyib.