Aİ və Ermənistan görüşü keçirilib

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

Görüşdə sülh, ərazi bütövlüyü və köçlə bağlı müzakirələr olub

Ermənistanın Brüsseldə Avropa Birliyi ilə siyasi və təhlükəsizliklə bağlı görüşü olub.
Bu ilin yanvarında oxşar görüş Yerevanda keçirilib.

Görüşdə Ermənistan Aİ ilə xarici təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdə marağı olduğunu bildirib. Aİ isə Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə (29.800 kv.km) və sərhədlərinin toxunulmazlığına dəstəyini bəyan edib.

Tərəflər Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasının vacibliyindən danışıb.

Aİ 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, SSRİ Baş Qərargahının təqdim edilmiş müvafiq xəritələri əsasında sərhədlərin delimitasiyasına dəstəyini ifadə edib.

Ermənistan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək liderlərin görüşündə iştirak etməyə hazır olduğunu təsdiqləyib.
Ermənistan Aİ-nin üçüncü ölkələri missiyaya cəlb etməyə hazır olmasını alqışlayıb.

Tərəflər Dağlıq Qarabağdan ermənilərin kütləvi köçü məsələsinə də toxunub. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin, o cümlədən onların geri qayıtmaq hüququnun təmin edilməsi barədə əvvəllər bəyan edilmiş mövqeləri təsdiqləyiblər.

Görüşdə Ermənistan-Türkiyə arasında tam normallaşma prosesindən də danışılıb. Hər iki tərəf indiyədək əldə edilmiş razılaşmaların, xüsusilə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün quru sərhədlərinin açılmasının ən qısa müddətdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Dialoq iştirakçıları həmçinin, region ölkələri ilə münasibətlərini, geniş geosiyasi prosesləri, həmçinin hibrid təhdidlər və digər təhlükəsizlik çağırışları ilə bağlı məsələləri müzakirə ediblər.

Növbəti Aİ-Ermənistan Siyasi və Təhlükəsizlik Dialoqu 2024-cü ildə Yerevanda keçiriləcək.

Ana səhifəSiyasətAİ və Ermənistan görüşü keçirilib