Peter Mixalko: “Ötən il bizimlə olan jurnalistlərin bəzisi indi həbsdədir”

Peter Mixalko. Foto: Meydan TV

“Təəssüf ki, jurnalistika bütün dünyada getdikcə daha riskli peşəyə çevrilir

Söz azadlığı demokratiya standartının və demokratik sistemin əsas elementidir. Mən Azərbaycana gələndən üçüncü ildir ki, hər dəfə 3 may – Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüş keçirirəm. Bu, artıq ənənəyə çevrilib. Təəssüf edirəm ki, keçən il bizimlə olan jurnalistlərin bəzilərinə bu il dəvət göndərə bilmədik. Səbəb isə onların həbsdə olmasıdır. Biz həmin jurnalistləri yaddan çıxarmayaraq, medianın müstəqilliyi və plüralizmin vacibliyini qeyd edərək, bu görüşü keçiririk”, – Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalkonun sözləridir.

Səfir mayın 2-də jurnalistlərlə görüşündə müstəqil media və jurnalistlərin azadlığından danışıb, Azərbaycanla Ermənistan arasında münasibətlər, Avropa İttifaqının dəstəyi və s. məsələlərlə bağlı sualları cavablandırıb.

Diplomat bildirib ki, istənilən cəmiyyətdə müstəqil medianın, azad jurnalistlərin rolu əvəzolunmazdır. Lakin təəssüf ki, jurnalistika bütün dünyada getdikcə daha riskli peşəyə çevrilir. O xatırladıb ki, ötən il 100-dən çox jurnalist öldürülüb:

“Hazırda dünyada 300-dən çox jurnalist həbsdədir. Onların hamısı da peşə fəaliyyətlərinə görə həbs olunub. Müstəqil media orqanları getdikcə daha çox risk və basqılara məruz qalır. Bura siyasi, sosial, texnoloji, maliyyə riskləri daxildir”.

Avropa İttifaqının Azərbaycan üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulayan Peter Mixalkonun sözlərinə görə, tərəfdaşlıq prioritetlərinə insan haqları, hüququn aliliyi, demokratiya da aiddir:

Tərəfdaş ölkələrdən də gözləntimiz bu prinsiplərə hörmətlə yanaşmalarıdır. Bu, Azərbaycanın özü üçün də çox vacibdir. Nəzərə almaq lazımdır ki, bu il Azərbaycanda qlobal forum keçiriləcək, ölkə “COP29”a ev sahibliyi edəcək. Bütün dünya Azərbaycandakı müzakirələrə, baş verən hadisələrə fokuslanacaq. Mətbuatın durumu məsələsi həm də iqlim dəyişikliyi kontekstində jurnalistikanın rolu baxımından da vacibdir. İnkişaf etmək istəyən istənilən cəmiyyətdə azad mediaya, peşəkar jurnalistlərə ehtiyac var”.

Peter Mixalko. Foto: Meydan TV

Səfir deyir ki, Azərbaycanda medianın durumu, jurnalistlərin həbsilə bağlı narahatlığı hökumət nümayəndələrilə görüşlərdə qarşı tərəfin diqqətinə çatdırırlar:

 “Media azadlığı bizim prioritetlərdən biridir. Bununla bağlı narahatlığımızı ifadə edirik. Bu mövzu rəsmilərlə struktur dialoqumuzun tərkib hissəsidir. Beynəlxalq təşkilatlar söz və ifadə azadlığı, o cümlədən “Media haqqında” qanunla bağlı bir sıra tövsiyələr verib. Onlar icra olunmalıdır. Bu məsələ aktual olduğu müddətdə Avropa İttifaqı da onu qaldıracaq. Çünki Azərbaycan söz və ifadə azadlığının təmin olunmasıyla bağlı üzərinə öhdəlik götürüb. Biz də dialoqlarımızda tərəfdaşların gözləntilərini çatdırırıq”.

Peter Mixalko Azərbaycanda media azadlığı sahəsində duruma 3 il öncə ölkəyə ilk gəldiyi vaxtla müqayisədə konkret qiymət vermək istəməyib. Bu haqda suala cavabında bildirib ki, ortada beynəlxalq təşkilatların açıqladığı reytinqlər, statistikalar var:

“Ümumi şəkildə vəziyyətin yaxşılaşması çox vacibdir”.

Hələ müstəqilliyin ilk illərindən Avropa İttifaqının müxtəlif sahələrdə Azərbaycana dəstək verdiyini xatırladan diplomatın sözlərinə görə, bura ərzaq təhlükəsizliyi, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasından tutmuş, minaların təmizlənməsinə qədər bir çox istiqamətlər daxildir:

“Mina təmizlənməsi məsələsində Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşıdır. Avropa İttifaqının üzvü olan 27 dövlət bu məsələdə dəstək verir. Dəstəyimiz 3 istiqamətdədir: minaların təmizlənməsi, əhalinin qayıdışıyla əlaqədar maarifləndirmə kampaniyaları və mina qurbanlarına dəstək”.

Ana səhifəSiyasətPeter Mixalko: “Ötən il bizimlə olan jurnalistlərin bəzisi indi həbsdədir”