AİHM həbsdə olan şəxslərin ailə üzvlərinin çıxış qadağasına görə Azərbaycan hökumətini cərimələdi

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ölkədən çıxış  qadağasına görə Azərbaycan hökumətini cərimələyib.

Bu barədə AzadlıqRadiosu xəbər yayıb.

Məlumatda deyilir ki, AİHM deputat Fazil Mustafaya qarşı silahlı hücumda təqsirli bilinən Azər Səricanovun həyat yoldaşı Elnarə Səricanova və həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın şikayətləri əsasında qərar qəbul edib.

Şikayətçilər dəymiş mənəvi zərərə görə 6 min avro, məhkəmə xərclərinə görə 2 min avro təzminat tələb edib. Məhkəmənin qərarı ilə şikayətçilərin hər birinə 3 min avro, məhkəmə xərclərinə görə isə 500 avro kompensasiya təyin edilib.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Cəzasının başa çatmasına ay yarım qalmış onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsilə ittiham verilib.

Lakin sabiq deputat hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı.

Azər Səricanov isə deputat Fazil Mustafaya qarşı 2023-cü il martın 28-də həyata keçirilmiş silahlı hücumla bağlı istintaq çərçivəsində həbs olunan əsas şəxslərdən biridir.

Məhkəmə qərarına əsasən, ömürlük həbsə məhkum edilib.

Daha sonra onun oğlu Əbülfəz Səricanov da 2025-ci ilin martında həbs edilib. Ötən il noyabrın 13-də məhkəmənin qərarı ilə 10 il müddətinə azadıqdan məhrum edilib.

O, DTX tərəfindən başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 28.277-ci maddəsi (dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) ilə ittiham olunub.

Ana səhifəSiyasətAİHM həbsdə olan şəxslərin ailə üzvlərinin çıxış qadağasına görə Azərbaycan hökumətini cərimələdi