Ağsuda bələdiyyə sədri icra başçısını, rayon prokurorunu və DTX rəisini məhkəməyə verib

Fariz Xəlilli. Foto: Meydan TV

Fariz Xəlilli: “Biz də başqaları kimi bir qurumuq, niyə icra başçısından asılı olmalıyıq?”

Ağsunun Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu, DTX-nın rayon şöbəsinin rəisi Fuad Təhməzovu və rayon prokuroru Elnur Cəfərovu məhkəməyə verib.

Bələdiyyə sədri Meydan TV-yə danışır ki, bu il oktyabrın 26-da Gədəliyə gələn icra başçısı vətəndaşlarla səyyar görüş keçirib. O da Gəgəli Bələdiyyəsinin sədri kimi icra hakimiyyətinin dəvəti ilə görüşdə iştirak edib.

Bələdiyyə ilə bağlı suallara cavab verərkən icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov sakinləri bələdiyyə sədri ilə üz-üzə qoyub, seçicilərinin qarşısında onunla aşağılayıcı tərzdə davranıblar.

Bələdiyyə sədri Meydan TV-yə həmin səyyar görüşdə baş verənlərdən danışıb. Onun sözlərinə görə, rayon məmurlarının aşağılağıcı davranışları üzündən görüşü yarımçıq tərk etməli olub:

“Sakinlərə deyirlər ki, guya mən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini icad etmişəm, vətəndaşları aldadıram. Bildirmişəm ki, bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur. Guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli Bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu, Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır.  Bildirişləri kəsib vergi ödəyicilərinə veririk. Guya borcluların İcra və Probasiya Şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli Bələdiyyəsində tətbiq olunur və bu, mənim insafsızlığımdır. Bildirmişəm ki, bu, qanunvericiliklə tənzimlənir. Bələdiyyənin büdcəsi və hesabatlılığını isə lağlağıya çevirdilər. Hətta mənim elmi araşdırma üçün Avropaya bələdiyyənin büdcəsi hesabına səfər etdiyimi də dedilər. Halbuki, mən dövlət büdcəsi hesabına getmişdim, bələdiyyə büdcəsinin yox… Bir sözlə, məni seçicilərimlə üz-üzə qoymaq üçün hər yola, hər sözə əl atdılar”.

Fariz Xəlillinin sözlərinə görə, əvvəlki bələdiyyə sədri özünə və yaxın qohumlarına yüz hektarlarla örüş torpağı ayırıb. Sonradan Torpaq Komitəsində işləyəndə həmin torpaq sahələrinin təyinatını dəyişdirməyə və satmağa nail olub. Hazırda isə Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri kimi qeyri-qanuni subsidiyalaşdırılma işləriylə məşğuldur. Bələdiyyə sədri hələ də rayon məmurlarıyla ona qarşı birləşib:

“Rayonun məmurları həmin keçmiş bələdiyyə sədriylə daha rahat dolanırdılar. Ancaq əvvəlki bələdiyyə sədrindən fərqli olaraq mən yeniliklər, dəyişikliklər etməyə can atıram, bələdiyyənin işinə qarışmaması üçün məmurlara müqavimət göstərirəm, bu, onların xoşuna gəlmir. Bələdiyyə sədrini idarə etməyə, qarşılarına qoyub uşaq kimi danlamağa öyrəşiblər. Mən bələdiyyənin büdcəsini formalaşdırmışam, hazırda özümüzə görə büdcəmiz var, biz də başqaları kimi bir qurumuq, niyə icra başçısından asılı olmalıyıq? Niyə başımızın üstündə dayanmalıdırlar?”.

Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra hakimiyyəti bələdiyyələrin işinə qarışmır, Gəgəli Kənd Bələdiyyəsi sədrinin danışdıqlarının heç bir əsası yoxdur:

“Hazırda da məhkəməyə müraciət edib, son qərarı məhkəmə verəcək”.

Bələdiyyə sədri deyir, bəli, bu ilin noyabrında tənbəllik etməyib, hər üçünə qarşı Ağsu Rayon Məhkəməsində iddia qaldırıb. Fariz Xəlilinin məhkəmə iddiası hər üç vəzifəlinin Cinayət Məcəlləsinin 148-ci maddəsinə və 308-ci maddəsinə əsasən cəzalandırılması, mənəvi zərərin ödənilməsidir. O, zərər kimi icra başçısından 30 min manat, prokuroru və DTX rayön şöbəsinin rəisinin hər birindən 15 min manat kompensasiya tələb edir.

Məhkəmənin keçirilmiş hazırlıq iclasında hakim cavabdehlərin ünvanlarının göstərilmədiyini əsas gətirərək iddia ərizəsini iddiaçıya qaytarıb. Fariz Xəlilli qərardan Şirvan Apelyasiya Məhkəməsinə şikayət edib.
Bələdiyyə sədri təkcə məhkəməyə yox, Prezident İlham Əliyevə də müraciət edib:

“… Kənddə indiyə qədər büdcəmiz qanunvericiliyə uyğun olaraq 100 faiz nağdsız əməliyyatlarla formalaşıb və xərclənib. Bütün işlər hesabatlı, şəffaf olub və mümkün hər yerdə elan edilib. Ədliyyə Nazirliyindən və geniş ictimaiyyətdən Gəgəli Bələdiyyəsi haqqında məlumat ala bilərsiniz. Təəssüf ki, indiyə qədər işimizə mane olan bu qruplaşma haqqında bütün aidiyyəti qurumlara məlumat versək də,  cavabsız qalıb”, – bələdiyyə sədri Prezidentə müraciətində bildirib.

Ana səhifəBölgəAğsuda bələdiyyə sədri icra başçısını, rayon prokurorunu və DTX rəisini məhkəməyə verib