Ağsu sakini: Rəis müavini üstümə yeridi, sinəmdən yumruqla vurdu…

Rəşad Əliyev. Foto: Meydan TV

Rəşad Əliyev: “Məni qanunsuz cərimələməkləri bir yana, üstəlik, yaxınlarımdan da 500 manat alıblar”

Ağsu rayon sakini, ikinci qrup əlil olan Rəşad Əliyev polislər tərəfindən qanunsuz saxlandığını, rayon polis şöbəsində pis rəftara məruz qaldığını və əsassız cərimələndiyini deyir. O iddia edir ki, qanunsuz saxlanması, heç bir əsas olmadan cərimələnməsi bir yana, üstəlik, buraxılmasından ötrü yaxınlarından da əlavə pul alınıb.

“Hansı əsasla məni polis şöbəsinə aparırsız?”

Rəşad Əliyev Meydan TV-yə danışır ki, saxlandığı gün əmisinin avtomobili ilə həyat yoldaşının rəfiqələrinin yaşadığı əraziyə gediblər:

“Rayonda “Muzey” adlanan ərazi var, yoldaşımın bəzi rəfiqələri orada yaşayır. Fikirləşdik ki, bəlkə evdə olan satılıq mallardan nəsə istəyənlər ola bilər. Ona görə əmimin maşınıyla apardıq. Əmim maşını saxladı, özü çay içməyə getdi. Yoldaşım elə yaxınlaşıb soruşurdu ki, nəsə istəyən var, ya yox, bu zaman Post-Patrul Xidməti maşını yaxınlaşdı, içəridən üç nəfər düşdü. Mənə dedilər ki, “şöbəyə getməlisən, çünki burada küçə ticarətilə məşğul olursan”. Dedim ki, maşının yük yeri açılmayıb, adamlar toplaşmayıb, avtomobilin içində oturmuşam, hansı əsasla məni şöbəyə aparırsız?”

Ağsu sakini deyir ki, etirazları nəticə verməyib və onu polis şöbəsinə aparıblar. Orada da küçə ticarətilə məşğul olduğunu iddia edərək, bunun üçün lazımi adamlardan icazə almalı olduğunu nəzərinə çatdırıblar.

“İzah edə bilmirdim ki, 1 qəpiklik alver eləməmişəm”

“Onlara heç cür izah edə bilmirdim ki, vallah, 1 qəpiklik alver eləməmişdim. Sahə müvəkkillərinin rəisi deyir ki, “hər şeyin adamı var, yeri var, ona əməl edəndən sonra nəsə eləyə bilərsən”. Mən cavab verəndə biri üstümə qışqırdı ki, “səsini aşağı sal”. Ona dedim ki, mən qışqırmıram, sual veriblər, cavablandırıram. Bu zaman üstümə yeridi, sinəmdən yumruqla vurdu, boğazımdan yapışdı, özümü itirdim, başım fırlandı. Həmin adam qışqırdı ki, aparın, basın bunu “kletkaya”…”, – Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, sinəsindən vuran, üstünə qışqıran şəxsin Ağsu Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Əliyev olduğunu sonradan bilib. Çünki onun əmrlərini icra edən adamlar “Vüsal müəllim” deyə xitab edirlərmiş. Gündüz saat 16 radələrindən axşam saat 21.30-a qədər polis şöbəsindəki müvəqqəti saxlama kamerasında qaldığını deyən Rəşad Əliyev danışır ki, axşam saatlarında onu çıxarıb aparıblar. Qarşısına da sənəd qoyub, imzalamağı tələb ediblər:

“Dedim ki, mən məktəb oxumamışam, orada yazılanları mənə oxuyun. Mənə dedilər ki, guya şöbəyə nə vaxt daxil olmağım və çıxmağımla bağlı saatlar yazılıb. İnanıb qol çəkdim. Sən demə, mənim haqqımda protokol imiş, cərimələyirmişlər. Buraxılandan iki gün sonra bu barədə mənə bildiriş gəldi ki, 80 manat cərimələnmişəm”.

“Şikayətlərimə baxmırlar, bilmirəm, Vüsal müəllimdən çəkinirlər, yoxsa nə məsələdir”

Polis şöbəsində məruz qaldığı pis rəftar nəticəsində səhhətində ciddi problemlər yarandığını vurğulayan Rəşad Əliyev bildirib ki, buraxılandan sonra birinci gecə qonşuluqdakı tibb bacısını çağırıblar, ona tibbi yardım göstərib. Ertəsi gün vəziyyəti yaxşılaşmadığına görə Təcili Tibbi Yardım çağırıblar.

“Gəlib ağrıkəsici vurdular, yatdım. Bir gün sonra gördüm ki, ağrılar kəsmir, xəstəxanaya getdim. Ardıcıl bir neçə gün xəstəxanaya gedib-gəldim. Sonra göndərişlə Bakıya – Respublika Xəstəxanasına da getdim. İki-üç gün sonra bildim ki, mənə qanunsuz cərimə yazmaqları bir yana, çıxmağım üçün yaxınlarımdan da rəis müavini Vüsal Əliyev 500 manat pul alıb”.

Rəşad Əliyev polis şöbəsində olanda həyat yoldaşı onun qanunsuz saxlanması haqda Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verib. Özü də buraxılandan sonra şikayətçi olub, şöbədə döyüldüyünü bildirib. Bundan başqa, Baş Prokurorluğun “Qaynar Xətt”inə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət edib.

Ağsu sakini araşdırmalardan narazıdır:

“Şikayətlərimdən heç birinə baxılmayıb. Bilmirəm, Vüsal müəllimdən qorxurlar, çəkinirlər, yoxsa nə məsələdir. Qalmışam ortalıqda, heç kim maraqlanmır, şikayətə baxmır”.

DİN: “Şöbədə səs-küy salıb”

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Rəşad Əliyev rayonda polis əməkdaşlarının keçirdiyi nəzarət-profilaktik tədbirlər zamanı qanunsuz küçə ticarətilə məşğul olduğuna görə saxlanılıb:

“Ona izah edilib ki, icazə verilməyən yerdə ticarətlə məşğul olur. Lakin həmin şəxs polis şöbəsində səs-küy salıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (qanunsuz küçə ticarəti) maddəsilə protokol tərtib olunub”.

Ağsu Rayon Polis Şöbəsində Rəşad Əliyevə qarşı pis rəftar, onun döyülməsi, yaxınlarından rüşvət alınması haqda deyilənləri isə DİN-in mətbuat xidmətinin Şəki regional qrupu təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, hazırda Rəşad Əliyevin şikayəti üzrə Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.a

Ana səhifəBölgəAğsu sakini: Rəis müavini üstümə yeridi, sinəmdən yumruqla vurdu…