Ağstafa sakini: “Beş uşaqla, xəstə anamla uçuq daxmada qalırıq”

Foto: Meydan TV

Şikayətçi deyir ki, ailə üzvləri tualet üçün qonşulara gedirlər

“Dağılmaqda olan bu evdə biri xəstə olmaqla beş azyaşlı uşaq, gözü görməyən, qulağı eşitməyən xəstə anam, bacım və mən yaşayıram. İcra hakimiyyətinin işçiləri gəlir, evə baxır, ürəkyananlıq göstərirlər, deyirlər, bu uşaqları burda necə böyüdürsünüz? Çıxıb gedirlər. Arxalarıyca icra hakimiyyətinə gedirik, deyirik, gəldiniz, vəziyyətimizi gördünüz, halımıza acıdınız, bəs bizə kömək etmək barədə düşünürsünüz? Deyirlər, yox, bizdə belə imkan yoxdur”.

Bunu Meydan TV-yə Ağstafa rayonunun Xətai kənd sakini Ramilə Nağıyeva deyir.

“5-6 manata gecə-gündüz parniklərdə işləyirik”

Ramilə xanımın sözlərinə görə, həyat yoldaşından ayrıldıqdan sonra azyaşlı övladlarıyla xəstə anasının yanına qayıdıb. Ancaq şəraitsizlik azyaşlı övladlarını da xəstə edib:

“İki bacıyıq, ikimiz də boşanmışıq, uşaqlarımızla anamızın yanına qayıtmışıq. Bu kiçik, uçuq daxmada yaşamağa məcburuq, çünki getməyə yerimiz yoxdur. Uşaqlardan biri əqli xəstədir. Anamızın gözləri görmür, qulaqları eşitmir, başqa xəstəlikləri də var, yataqdadır. Bacımla gündəlik 5-6 manata Şəmkirdə, orda-burda parniklərdə işləyirik, elə vaxtlar olur ki, günlərlə parniklərdə qalıram, qazancımı evə yollayıram. Nə anamın, nə də xəstə uşaqların dərmanlarını ala bilmirik, qazandığımız qəpuk-quruş uşaqların heç çörəyinə, suyuna çatmır. Bir tərəfdən də bərbad ev başımıza uçur. Anam, beş uşaq nəmişliyin içində çabalayır”.

Ramilə Nağıyeva, Meydan TV

“Deyirlər, sizə kömək etmək imkanımız yoxdur”

Ramilə xanım deyir, evin təmiri üçün Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edib. Qurumdan gələrək evə baxış keçiriblər:

“Gəlirlər, baxırlar, “yazıq deyil bu uşaqlar?” deyib, başlarını bulayırlar, çıxıb gedirlər. Görürük bir xəbər yoxdur, özümüz icra hakimiyyətinə gedirik, deyirik ki, bəs bir tədbir görülməyəcək? Deyirlər, sizə kömək etmək imkanımız yoxdur”.

Uşaq əqli xəstə, anamın gözləri görmür

Xanımın deməsinə görə, icra hakimiyyətindən sonuncu dəfə iki ay əvvəl gəliblər:

“Dedilər ki, baxarıq, imkan olsa kömək edərik. Ancaq bizə o qədər belə vədlər verilib ki, artıq imanmağa, ümid bəsləməyə yer qalmayıb. Biz Prezidentimizdən kömək umuruq. Bu uşaqların üçü oğlandır, sabahın əsgərləri… Axı bunlar bu nəmişliyin, soyuğun içində şikəst böyüyürlər. Oğlumun 12 yaşı var, dediyim kimi, əqli qüsurludur. O biri uşağın dabanları yara töküb. Uşaqlardan kiçiyi isə hələ beşikdədir. Anam yataq xəstəsidir, hamısı da eyni otaqda yatmağa məcburdur, çünki ikinci otağımız yoxdur ki, heç olmasa anamın yatağını ayıraq. Anamın yaşı təqaüdə düşmür, xəstəliklərinə görə əlillik təyin olunmur ki, heç olmasa əlillik pensiyası alsın, öz dərmanlarını həll eləsin. Beləcə, hər tərəfdən sıxıntıdayıq”.

Foto: Meydan TV

Ayaqyolu yox, hamam yox…

Bir otaqdan ibarət evdə ayaqyolu, hamam da yoxdur. Şikayətçi deyir ki, ailə üzvləri tualet üçün qonşulara gedirlər. Otağın ortasında vannaya su doldurub yuyunurlar:

“Xəstə anamı, körpə uşaqları qışın bu vaxtı əl-ayaqları dona-dona qonşuların tualetinə aparıb-gətiririk. Evimiz soyuqdur, aradabir borca görə qazı kəsirlər, beşikdə körpə var, elə bu soyuq otaqda yuyundurmaq məcburiyyətindəyik”.

Foto: Meydan TV

Ailənin qaz xətti tez-tez borca görə kəsilir. Hazırda qaza olan 200 manatdan çox borcu necə ödəyəcəklərini bilmirlər.

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ailənin qaldığı evə qurumun memarı tərəfindən baxış keçirilib. Ailəyə də bildirilib ki, yaxın aylarda qurum evdə bəzi təmir işləri aparılmasına köməklik göstərəcək. “İcra hakimiyyətlərinə bu işlər üçün büdcə ayrılmır. Bununla belə, çalışacağıq ki, müəyyən köməklik edək”, – icra hakimiyyətindən bildirilib.

Ana səhifəBölgəAğstafa sakini: “Beş uşaqla, xəstə anamla uçuq daxmada qalırıq”