Ağalarov “Crocus City Hall”da çalışanların işsiz qalmayacağını deyir

“Crocus City Hall”. Foto: Reuters

Emin Ağalarov: “Konsert zalının 300-ə yaxın əməkdaşı işsiz qalmayacaq”

“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, terror hücumu nəticəsində dağıdılmış “Crocus City Hall”un bərpa edilib-edilməməsi ilə bağlı yekun qərar hələ verilməyib.

Onun sözlərinə görə, konsert zalının sahibləri Prezident Vladimir Putinin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun fikirlərini və ictimai rəyi rəhbər tutacaqlar.

Emin Ağalarov həmçinin bildirib ki, sığorta dəymiş ziyanın yalnız 1/40 hissəsini ödəyəcək.

O, müsahibəsində həmçinin “Crocus City Hall” binasının “Qazprombank”a girov qoyulduğunu təsdiqləyib və əmlakın dəyərinin düşməsini kompensasiya etmək üçün “Crocus Group”un banka girov kimi digər aktivləri təqdim etmək planlarını açıqlayıb.

Onun sözlərinə görə, həmin terror hücumundan sonra ictimai yerlərin mühafizəsi ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır.

Emin Ağalarov həmçinin bildirib ki, konsert zalının 300-ə yaxın əməkdaşı işsiz qalmayacaq.

Emin Ağalarov
Foto: arxiv

Onlar “Crocus Group”un digər obyektlərində işlə təmin olunacaqlar.

Kremlin sözçüsü Dmitri Peskov bu gün, martın 28-də jurnalistlərə deyib ki, “Crocus City Hall”un bərpasından danışmaq hələ tezdir.

O qeyd edib ki, hazırda bu məsələ Kremlin gündəmində deyil.

Buna baxmayaraq, istintaqın aktiv mərhələsi davam edir və bu barədə danışmaq və hər hansı mövqe tutmaq, yəqin ki, tezdir”, – Peskov bildirib.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall”da sovet və Rusiya rok qrupu “Piknik”in nəzərdə tutulan konsertindən öncə terror hücumu olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin martın 27-nə olan məlumatına görə, konsert salonuna hücum nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda, Rusiya hakimiyyəti terror aktının arxasında Ukraynanın olduğunu iddia edir.

Bu barədə Prezident Vladimir Putin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov danışıblar.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya xüsusi xidmət orqanlarının terror aktının müxtəlif versiyaları üzərində işlədiyini bildirib.

Mətbuat katibi eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar terror hücumunun yeganə variantı İŞİD-in olmasına israr etməklə diqqəti nədənsə yayındırmağa çalışır.

ABŞ Kremlin Moskvadakı terrorla bağlı şərhlərini “çirkin kampaniya” adlandırıb.

Ukrayna terror aktında iştirakını inkar edib.

“Bloomberg” iddia edir ki, Prezident Vladimir Putinin çevrəsi Ukraynanın terror aktında əli olduğuna dair heç bir dəlilin olmadığına əmindir.

Lakin Putin bu faciədən istifadə edərək rusları Ukrayna ilə müharibəyə cəlb etmək niyyətindədir.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalı azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan zal 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəDünyaAğalarov “Crocus City Hall”da çalışanların işsiz qalmayacağını deyir