Mənbə: google

ADR Hərəkatının üzvləri inzibati cəza aldı

Apelyasiya məhkəməsi şikayəti təmin etməyib

Aprelin 9-da Sumqayıt Apelyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Hərəkatının Ali Məclis üzvü Şakir Məmmədovun şikayətinə baxılıb. Apelyasiya şikayəti Ş.Məmmədovun 15 günlük həbs olunması barədə aprelin 6-da çıxarılmış məhkəmə qərarından verilmişdi.

Ş.Məmmədovun yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, şikayətə hakim Nazim Mövsümov baxıb: “Məhkəmədə özü də, vəkili Fariz Namazlı da bildirdi ki, qərar qanunsuzdur. Evin yanında, binadan çıxan kimi əvvəldən gözləyən polislər yaxınlaşıblar. Razılaşıb və birlikdə bölməyə gediblər. Evdən çıxmaq üçün də SMS-lə icazə almışdı, aptekə gedəcəkdi. Bölmədə də bir neçə gün əvvəl hökumətin insanlara sosial yardım göstərməli olması barədə “Facebook”da yazdığı statusu irad tutublar. Özü də məhkəmədə dedi ki, onu həmin statusa görə cəzalandırıblar”.

Hakim Nazim Mövsümov apelyasiya şikayətini təmin etməyib, Sumqayıt Şəhər Məhkəməsinin aprelin 6-da çıxardığı qərarı qüvvədə saxlayıb. Qərara əsasən, Ş.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 15 gün inzibati qaydada həbs olunub.

Aprelin 9-da Azərbaycan Demokratiya və Rifah Hərəkatının başqa bir fəalı Vəfadar Əliyev də Bakının Binəqədi rayonunda məhkəmə qarşısına çıxarılıb. Hərəkatın Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü olan Vəfadar Əliyev də İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə ittiham olunub. Binəqədi Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbsə cəzası kəsilib.

V.Əliyevin yaxınları Meydan TV-yə bildirib ki, o, polisə müqavimət ittihamı saxtadır. Yaxınları deyir ki, V.Əliyevi Binəqədi rayonu, 7-ci polis bölməsinin əməkdaşları aprelin 8-də evindən aparıblar.

V.Əliyevin vəkili Fəxrəddin Mehdiyev Meydan TV-yə bildirib ki, həbs qərarından apelyasiya şikayəti veriləcək.

“Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti də fürsətçilik edib, müstəqil və müxaif fikir sahiblərini cəzalandırmaqla məşğuldur”, - deyə hərəkatın sədri Qubad İbadoğlu “Facebook” səhifəsində həbslərə münasibət bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kt6dad

Ən çox baxılan