ADO rəhbəri: Virtual tamaşalar teatr sənətinə uyğun gəlmir

Elmin Bədəlovu daha bir məqam narahat edir.

Source: Foto: Meydan TV



Teatrların hazırladığı tamaşalara baxmaq vaxt itkisidir”

Azərbaycanın dövlət teatrlarında yeni növ koronavirus pandemiyası ilə əlaqədar öncədən müəyyən edilmiş repertuar əsasında virtual tamaşalar nümayiş olunur.

İlk müstəqil teatr ADO (Azərbaycan Dağınıq Oda) isə sərt karantin dövründə virtual tamaşalar nümayiş etdirməyib.

Teatrın rəhbəri, rejissor Elmin Bədəlov deyir ki, teatr canlı sənət növüdür.

Burada tamaşalar onlayn deyil, canlı nümayiş olunmalıdır: “Biz pandemiya başlayan gündən elan etdik ki, onlayn tamaşalar göstərməyəcəyik. Çünki teatrın öz spesifikliyi var, bu, kino deyil. Onlayn, yaxud virtual tamaşalar teatr sənətinə uyğun gəlmir. Onun fərqliliyi, özəlliyi də canlı olmağındadır. Tamaşaları onlayn göstərmək çox gülməlidir. Üstəlik, bu tamaşalar vizual, yaxud teletamaşa formatında deyil. Ümumiyyətlə, Azərbaycanda teatra gedib, tamaşalara canlı baxanda adamı yuxu tutur, yatmaq istəyir, qalmışdı ki, gedib onlayn tamaşalara baxa. Düşünürəm ki, teatrların təqdim etdiyi tamaşalara baxmaq vaxt itkisidir”.

Elmin Bədəlovu daha bir məqam narahat edir.

O deyir ki, əksər dövlət teatrları uşaq tamaşaları nümayiş etdirərək, kassa doldurmaqla məşğuldur: “Dövlət teatrları pul qazanmaq üçün həmişə uşaq tamaşaları hazırlayır. Ölkənin ana teatrında – Akademik Milli Dram Teatrında uşaq tamaşaları göstərib, pul qazanmaq dövlət teatrını barmağına dolamaq kimi bir işdir. Bunun üçün Bakı Uşaq və Gənclər Teatrı, Kukla Teatrı var”.

ADO (Azərbaycan Dağınıq Oda) teatrı səkkiz ildir fəaliyyət göstərir.

Fəaliyyəti dövründə həmişə qeyri-adi tamaşaları ilə fərqlənib. Klassik teatr ənənələrindən çox uzaq olan modern teatrın, binası yoxdur, aktyorlar tamaşaları kirayələdikləri mənzildə təqdim edir.

Ana səhifəMədəniyyətADO rəhbəri: Virtual tamaşalar teatr sənətinə uyğun gəlmir