ADO fəaliyyətini bərpa edib

“Çox darıxmışdıq. İstəyirdik ki, tamaşa oynayaq”.

Source: Foto: Meydan TV


Elmin Bədəlov Avropa Məhkəməsinin 10 ildən sonra qərar çıxardığını deyir

“2010-cu ildə Şüvəlanda Şimal dres deyilən ərazidə fotoçəkiliş aparan zaman bizi ölümcül döymüşdülər. Bununla bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etdik. Lakin məhkəmənin müsbət nəticəsi olmadı”.

Bu sözləri Meydan TV-yə Azərbaycan Dağınıq Oda Tearının (ADO) rəhbəri, keçmiş jurnalist Elmin Bədəlov deyir. Onun sözlərinə görə, jurnalist həmkarı Anar Gəraylı ilə birgə “varlılar məhəlləsi” deyilən ərazidə çəkiliş apararkən mühafizəçilər tərəfindən döyülüblər:

“Orada çox maraqlı malikanələr var idi. Hətta malikanələrdən biri Hökumət Evinin binası böyüklükdə idi. Üzərində Misir ehramları, həmçinin böyük hərflərlə NNZM yazılmışdı. Yəni nəqliyyat naziri Ziya Məmmədov. Hərflərin hər biri mən boyda, özü də qızılı rəngdə idi. Daha bilmədim, qızıldan idi, ya yox. Çəkiliş aparanda bir də gördük ki, maşınlarla gəldilər, sən demə, kamera varmış fikir verməmişik. Maşınlardan düşdülər, çatan kimi, aparatı əlimizdən aldılar, özümüzü də döyməyə başladılar. Soruşmadılar ki, kimsiniz, haradan gəlmisiniz? Hətta Anarı boğmağa başladılar. Bizə üç saat işgəncə verdilər”.

Elmin Bədəlovun dediyinə görə, Xəzər Rayon Məhkəməsi işə qeyri-obyektiv baxdığı üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub:

“Elə həmin il vəkillər şikayətimizi Avropa İnsan Hüquqları Məhkəməsi göndərdilər. Ötən ay qərar çıxdı ki, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, tərəflərin razılığı ilə hökumət tərəfindən bizə səkkiz min avro ödəməlidir”.

ADO-nun rəhbəri onu da bildirib ki, koronavirusla əlaqədar ölkədə bütün teatrlar fəaliyyətini dayandırsa da, onlar sentyabr ayından tamaşaların nümayişinə başlayıblar:

“Çox darıxmışdıq. İstəyirdik ki, tamaşa oynayaq. Yaradıcı insan özünü səhnədə realizə edir. Görürdüm ki, bu fasilə aktyorlara mənfi təsir etməyə başlayıb. Fikirləşdik ki, on nəfər qrup halında hazırlığa gedirsə, insanlar artıq kafe-restorana gedə bilirlərsə, biz də on bilet satışa çıxaraq. Ara məsafə qoyaq. Fasilədən sonra insanların üzündə sanki yadırğamış bir yerə gəldikləri ifadəsi var. Bir neçə tamaşa oynamışıq”.

Elmin Bədəlov Bakı Şəhər İcra Hakimiyyətinin teatr kollektivinə küçə tamaşalarına görə qoyduğu qadağadan da danışıb:

“Bu məsələ üç ilə yaxındır davam edir. Biz Mədəniyyət Nazirliyinə müraciət etmişdik ki, küçə tamaşaları üçün bizə icazə versin. Nazirlik dedi ki, buna görə icazəni Bakı Şəhər İcra Hakimiyyəti verməlidir. Məcbur olub, 1 saylı İnzibati, İqtisadi Məhkəməsinə müraciət edib, prosesi udduq. Bakı Şəhər İcra Hakimiyyəti isə qərarla razı olmayıb, apelyasiya şikayəti verdi. Apelyasiya Məhkəməsi iddiamızı əsassız hesab etdi. Sözlərindən belə anlaşıldı ki, bu işə görə ümumiyyətlə, məhkəməyə müraciət etmək əsassızdır. Ali Məhkəməyə müraciət etmişik. Düşünürük ki, əgər dövlət qurumları şikayətmizə baxmırsa, əsassız sayırsa, Ali Məhkəmənin cavabından asılı olmayaraq, küçələrə çıxıb oynayacağıq. Belə başa düşəcəyik ki, icazə almağa heç ehtiyac yoxdur. Bu küçələr bizim deyil? Biz bu ölkənin vətəndaşıyıqsa, öz küçəmizdə niyə oynamayaq? Azad, demokratik bir ölkədir. Biz çıxıb, küçədə oyanaya bilərik. Buna yəqin ki, dövlət qurumları sevinəcək. Hətta tamaşaçılar belə sosial şəbəkələrdə yazırlar ki, teatrdan niyə bu qədər qorxurlar? Mən də fikirləşirəm ki, niyə qorxurlar? Bu incəsənətdir, mədəniyyətdir, bundan qorxmaq lazım deyil. Aktyordur, çıxıb küçədə oynayır. Bu, dünya ölkələrində var. Frasnsa Oriak şəhərini sırf küçə teatrı festivalına ayırıb. Şəhərin min iki yüz yerində səhnələr quraşdırıb ki, dünyadan və digər ölkələrdən gələn aktyorlar, artsitlər orada oynasınlar. Bizdə isə bu olmaz. Qəribə tendensiyadır. Səbəbini anlamaqda çətinlik çəkirəm. Biz istəyirik ki, ölkəmizin insanları mədəniyyətin yeni bir mərhələsini görsün. İstəyirik ki, ənənəvidən çıxaq, mədəniyyətə təkan olsun”.

Ana səhifəMədəniyyətADO fəaliyyətini bərpa edib