Adını Qavroş qoydum

Kəndin ən kasıb kişisinin oğlu

Source:

Çoxdan başlamışdım bu yazını. Öz kəndimin simasında müasir Azərbaycan kəndinin obrazını yaratmağa çalışasıydım. Araya o qədər ağır hadisələr düşdü ki, onların fonunda mənim kəndimin faciəsi muştuluğa bənzədi. Əslində o kənd barəsində sadəcə doğulub müəyyən yaşa gəldiyim ünvan kimi düşünmək istərdim. Amma olmadı… O kənd atamı, ana dediyim iki gözəl varlığı, qardaşlarımı əlimdən alaraq məni yenidən özünə çəkdi.

Ölkənin xırda yaşayış yerlərindən biri kimi bizim kənddə də padşahpərəstlik daim qüvvədədir. Təsir və əks təsir baxımından bu halda mütləq bir azadlıq çırpıntısı olur. Ki, illər öncəsi o çırpıntıyla mən zəif bir qanad çalaraq bir az aralıya düşdüm. O aralıda azadlıq baxımından həyat mənim kəndimdən kəskin fərqlənmirdi. Sadəcə texniki imkanlar çoxalmışdı, gediş-gəliş sərbəstliyi, məlumat bolluğu vardı.

Sonralar dünyanın inkişaf fonunda ölkədə naqolay dəyişikliklər dövrü başladı. Bizim kənddə də ənənəvi olaraq yanlış və naşı islahatlar aparıldı. Təbii ki, ümumi görüntü, əyin-baş, məişət cihazları dəyişdi. Texniki tərəqqi evimizin içinə, cibimizə qədər yol açdı. Şüur və münasibətlər, dünyagörüşü, mənəviyyat, insani dəyərlər isə gerilədi. Qapalı sovet idarəçiliyindən birbaşa böyük dünyaya açılan sərbəst, dağınıq toplum azad vətəndaş cəmiyyətinə çevrilə bilmədi.

Eyni məqsədlə hakimiyyətə xidmət edən müxtəlif televiziya kanalları məzmunsuz süni verilişlərlə xalqı çaşdırmağa nail oldular. Cürbəcür qeyri-peşəkar qəzetlər, saytlar da o cümlədən. Ümumilikdə isə xalq özü bu məsələdə dərin sulara girib Xıdır Nəbini çağırmaq istəmədi. Çünki, həyat məhz dayaz vəziyyətdə daha rahat və cazibədardı.

Mənim kəndim bir zamanlar Qutqaşın olan, indiki fövqəladə Qəbələnin ən ucqar kəndlərindən biridir. Hazırki sosial-iqtisadi vəziyyəti bütün ölkədəki kimi stabil ağır sayıla bilər. Ötən əsrə düşmüş bizim uşaq vaxtlarımızda sovet dövrünün kolxozu, məktəbi, kitabxanası, klubu olan bir kənd idi. İnzibati binalarda Leninin büstü, o zamankı dövlət rəsmilərinin portretləri vardı. Hərçənd, o kəndin boynuna bitib-tükənməyən qurultaylar şərəfinə əfsanəvi öhdəliklər qoyulurdu. Şişirdilmiş göstəricilər hesabına xüsusi adamlardan süni əmək qəhrəmanları düzəldirdilər.

Bütün bu işlərin içində yenə biz Hüqonu, Tolstoyu, Dostoyevskini, Cek Londonu və dünya ədəbiyyatının digər incilərini oxuyardıq. Millilərimizi də bir başqa həyəcanla! Ölməz “Ölülər”i öz aramızda səhnələşdirər, “Hophopnamə”ni su kimi içərdik. Kitabxanası ştat qarışıq satılmış o kənddə kitabı bağlanmış adamlar neçə illərdi danışmağa söz axtarırlar…

Keçmişi xatırlamaqda məqsədim sovet dövrünü tərifləmək deyil. Buna nə artıq sümükləri çürümüş onun ehtiyacı, nə də ayaqüstə sürünən mənim həvəsim var. Sadəcə tükənməkdə olan bizim nəslin yaxın keçmişini xatırladım… Səbəb? – Səbəb ölkədə baş alıb gedən mənəviyyat böhranıdır… Və bu mövzuda danışacaq axırıncı adam bəlkə də mənəm. Amma sıramı gözləməyə vaxtım çatmaz deyə yazıram…

Məmmədhəsən əminin on beş manatı

Çoxdanın əhvalatıdı, bəlkə heç əhvalat deyildi, kabusdu-nəydi… Qonaq olduğum evdə kanalların hansındansa nəsə “adət-ənənəyə həsr olunmuş veriliş” gedirdi. Belə vaxtlarda ev adamını hayıl-mayıl edən hay-küyə xələl gələr deyə, bərkdən nəfəs almağa da qorxursan. Kirimişcə oturub əttökən efirə zillənməkdən başqa çarən qalmır. Nəhayət, bu ara aparıcı qız toya yığılmış pulların təftişini aparır:

– Toya ən az nə qədər pul yazdırılıb?

“Kassir” dəftərə baxıb sevincək cavab verir:

– On beş manat!

Xanım qız rəqəmlə kifayətlənməyib nümayişkaranə tərzdə on beş manat yazdıran imkansız adamın adını da soruşur. Onunla canlı ünsiyyətin məmnunluğunu yaşayan bizim Qurbanəli bəy söyləyir:

– Məmmədhəsən!

…Bir sabah məktəbdə millli televiziyanın “ifşa etdiyi” o kasıb kişinin uşaqlarını barmaqla göstərəcəklər. Qızı xəlvət bir dəhlizə çəkilib için-için ağlayacaq. Oğlan yerdən bir parça odun götürüb, onlara şonquruq qoşan bələdiyyə sədrinin və yaxud icra nümayəndəsinin ərköyün oğlunun təpəsinə atacaq. Müəllimə ətirli dəsmalıyla məktəbin fəxri şagirdinin başını-gözünü təmizləyəcək. Direktor toplantı çağıracaq. Toplantıda o yoxsul kişinin “vəhşi oğlu” daxili intizamı pozmaqdan tutmuş xarici siyasətə ziyan vurmağa qədər günahlandırılacaq. Məntəqə seçki komissiyasının sədri kimi ictimailəşmiş direktor xanımın humanizmi bununla soyumayacaq.

Hər kəsin qarşısında balaca Xudayardan üzr istətməklə ona “əyani dərs vermək” üçün uşağı toplantının qarşısına çıxardacaq. Uşaq məmur balasının lovğalıq yağan sifətinə tüpürərək arxa sıralardakı bacısının əlindən tutub, ordan uzaqlaşacaq. Xanım direktor hikkəsindən onların arxasınca daha ağır ifadələr işlədəcək. Ertəsi gün məktəbə gətizdirdiyi valideyni övladına qarşı doldurub, uşağın üstünə göndərəcək. Həmin o qaramat ertədən sonra həyatdan yorulmuş o uşaq onsuz da təhsillə əlaqəsi olmayan o məktəbdən və o yerlə bağlı bütün xəyallarından üz döndərəcək.

Qalanını təsvir etməyə gücüm çatmır. Özünüz düşünün…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəAdını Qavroş qoydum