”Adını ”pilot layihə” qoyub, vətəndaşları aldadırlar”

Şərifzadə küçəsinin sakinləri şikayət edir

Source:


Şərifzadə küçəsinin sakinləri şikayət edir

“Bütün işbazlar vəziyyətdən sui-istifadə edir. Kim haranı tikirsə, gəlir həmin ərazidə yaşayanları aldadır ki, guya pilot layihə həyata keçirir. Dillərinə bir söz düşüb – pilot layihə… İndi bu adam da “pilot layihə” deyib, bu qədər vətəndaşı aldadır, əli hara çatırsa, qamarlayır, tikir. O qədər arxayındır ki, metronun havalandırma sistemi çıxan yeri də tikib. Metropoliten rəhbərliyi də onunla bacara bilmir”.

Şərifzadə küçəsindəki 166 saylı binanın sakinləri Meydan TV-yə danışırlar ki, bir müddətdir Fəxrəddin Paşayev adlı bir sahibkar ərazidə tikinti aparır. Sakinlərin deməsinə görə, Fəxrəddin Paşayev 2014-cü ildə 164 saylı binanın qarşısında tikintiyə görə sənəd alıb. Sakinlər də yığışıb həmin sənədi ləğv etdiriblər, nəticədə tikinti aparılmayıb. Lakin bu yaxınlarda yenə peyda olub, bu dəfə yeni sənədlə. İndi 164 saylı binanın qarşısında obyekt tikir, ancaq məsələ bununla bitmir. Sahibkar 166 saylı binanın ətrafına da əl atıb.

Metropolitenin şaxtasını da tikib

166 saylı binanın sakini Arzu Mirzəyeva deyir, tikinti nəticəsində evi zülmətə dönüb və havasızlıq yaranıb:

“Bir tərəfdən pilot layihəyə görə yaşayış binası tikib işığı, havanı kəsiblər, o biri tərəfdən də bu adam binanın qarşısını tikir. Hər tərəfdən mühasirəyə alınmışıq. Beşmərtəbəli binadır, hər tərəfdən bir metr məsafə qoyub hündür binalar tikirlər. Mənim pəncərəmlə Fəxrəddin Paşayevin tikdiyi binanın arasında heç bir metr məsafə yoxdur. Adamların gediş-gəliş yolunu daraldıb, bir adam keçəndə ikinci adam binanın başında dayanıb gözləməlidir, yol verməlidir, sonra keçməlidir. Yolu o qədər daraldıb ki, iki nəfərin eyni vaxtda o yoldan keçməsi mümkün deyil”.

Sakinlərin sözlərinə görə, sahibkarın bu binanlın qarşısında tikinti aparması üçün heç bir sənədi yoxdur. Üstəlik, “İnşaatçılar” metrostansiyasının havalandırma sistemi də həmin əraziyə çıxır və qarşısı tikilir:

“Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, dedilər, gücümüz çatmır, bizlik deyil, dönüb çıxıb getdilər. Metropolitendən gəldilər, dedilər, bizlik deyil, dönüb getdilər. DİN-in “102” xidmətinə zəng vurduq, 39-cu polis bölməsi tökülüşdü bura, bir azdan hardan kim zəng elədisə, onlar da çıxıb getdilər. Fəxrəddin Paşayev deyirdi, metronun havalandırılmasının da icazəsini alıb. Ona verilən icazə 164 saylı binanın ətrafı üçün verilib, bu icazə 2013-cü ildə Tağı Əhmədov işlədiyi müddətə aiddir. Məsələyə aydınlıq gətirmək üçün metropolitenə ərizə ilə müraciət etdik. Ərizəmizə cavab olaraq metropolitenin nümayəndəsi əraziyə gəldi. O, Fəxrəddin Paşayevə yaxın olan sakinin vasitəsilə telefon əlaqəsi saxladı və sənədlərlə birgə yanına gəlməyi tapşırdı. İki gün sonra həmin nümayəndə yenə gəldi, ərazidə fotoçəkilişlər apardı. Yaxınlaşıb işin nə yerdə olduğunu soruşduq, dedi, məsələ araşdırılıb. Fəxrəddin Paşayevin sənədində Tağı Əhmədovun zamanında işləmiş keçmiş rəisin imzası və möhürü ilə təsdiqlənmiş qeyd vardı. Orada göstərilirdi ki, havalandırmanın yanından kabel xətləri keçir. Ancaq metropolitenin bu nümayəndəsi inadla bildirdi ki, buradan heç bir kabel xətti keçmir, keçmiş rəis səhv edib imza atıb”.

Dedilər, ikimərtəbəli olacaq, altıncı mərtəbəni tikir

164 saylı bina sökülüb, sahibkar sakinlərə bildirib ki, həmin söküntünün yaxınlığında pilot layihə üzrə ikimərtəbəli qeyri-yaşayış obyekti tikir. Lakin artıq tikinti beşinci mərtəbəni ötüb.

“162 və 166-cı binaların sakinləri şikayət etdi. Çünki ona tikintiyə Sərəncam 164 salyı binaya verilmişdi, biz də onu ləğv etdirib işi dayandırmışdıq. Sonra necə oldusa, gəldi girdi əraziyə, 164 saylı binanın yerindən başladı tikməyə, sonra da hasarı böyütdü, metropolitenin havalandırma sisteminin şaxtasına qədər apardı. İcra hakimiyyətinə şikayətə getdik, dedilər ki, ikimərtəbəli bina tikir. Ancaq artıq atıncı mərtəbəni tikir”.

Yasamal Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, “SKY-Residence” şirkəti qeyd olunan binaların qarşısında çoxmərtəbəli yaşayış binası inşa edir:

“O ərazidə genişmiqyaslı pilot layihə həyata keçirilir, şirkətin hər bir sənədi qaydasındadır. Başqa məlumatımız yoxdur. Qalan sualları başçı cavablandıra bilər, o da ərazidədir”.

Sakinlər deyir, hələ sahibkar ərazidə ağacları kəsib özül qazmağa cəhd edərkən hökumət qurumlarına müraciət ediblər. Yasamal Rayon İcra Hakimiyyətindən onlara göndərilən məktubda bildirilib ki, Yaşıllaşdırma İdarəsi həyətdə iki quru ağac kəsib, narahatçılğa əsas yoxdur, ərazidə hər hansı tikinti aparılmayacaq. Bundan bir müddət sonra necə deyərlər, sahibkar qollarını çırmalayıb.

Ana səhifəReportaj”Adını ”pilot layihə” qoyub, vətəndaşları aldadırlar”