Aclıq aksiyası keçirən məhbuslara qarşı münasibət:  Qanunvericilik, öhdəliklər və konvensiyalar

İllüstrasiya: Meydan TV

AbzasMedia-nın həbs edilmiş icraçı direktoru Ülvi Həsənli iyulun 21-dən  aclıq aksiyası keçirir. O, aclıq aksiyasını barəsində hökm qüvvəyə minmədən Bakı İstintaq Təcridxanasından Umbakıda yerləşən cəzaçəkmə müəssisəsinə köçürülməsinə etiraz olaraq keçirdiyini bildirib. Ona dəstək olaraq onun həmkarları, AbzasMedia-nın həbsdə olan 3 qadın jurnalisti – baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 7 günlük aclıq aksiyası keçirdilər. Onlar daha sonra ailə üzvlərinin keçirdikləri narahatlıqları və səhhətlərində yaranan problemləri nəzərə alaraq iyulun 28-də aclığı dayandırdıqlarını bəyan ediblər və eyni məzmunda çağırışı Ü. Həsənliyə də ediblər.

AbzasMedia-nın həbsdə olan heyətinin aclıq aksiyasına başlamasının ardından onların Penitensiar Xidmət tərəfindən təzyiqlərə məruz qaldığı bildirilir. Belə ki, Ü. Həsənli cərimə təcridxanasına (ümumişlək dildə “kars”a) salınıb.  Məlumata görə, Ü. Həsənliyə dəstək olaraq aclığa qoşulan S. Vaqifqızı isə digər təzyiqlərə məruz qalıb. Belə ki, onun yaxınları tərəfindən şəxsi əşyaları qəbul edilməyib.

Əvvəllər də aclıq aksiyası keçirən siyasi məhbuslar oxşar təzyiq və təqiblərə məruz qalıblar. Belə ki, 2019-cu ildə siyasi məhbusların kütləvi aclıq aksiyası vaxtı cərimə təcridxanasında yerləşdirilmə tənbehindən istifadə edilirdi.

Bir sıra beynəlxalq media hüququ təşkilatları AbzasMedia əməkdaşlarının aclıq aksiyası vaxtı təzyiq və təqiblərə məruz qalmasını qınayaraq Azərbaycan hökumətini bu hallara son qoymağa çağırış edən bəyanat yayıb. Həmin təşkilatlar Azərbaycan hakimiyyət orqanlarını AbzasMedia-nın aclıq edən əməkdaşlarının hüquqlarını riayət etməli olduğunu bildiriblər.

Aclıq aksiyası keçirən məhbusların hansı hüquqlara sahib olması və onlarla Penitensiar Xidmət tərəfindən aclıq dövründə necə davranılması ilə bağlı isə qanunvericilik başqa mövqedədir.

Meydan TV mövcud qanunvericiliyə və Azərbaycanın beynəlxalq hüquqi öhdəliklərinə əsasən, aclıq aksiyası keçirən məhbuslara münasibətdə Penitensiar Xidmətin vəzifələrini araşdırır.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 42-ci maddəsinə əsasən, həbs edilmiş şəxs yeməkdən imtina etdikdə, həbs yerinin rəisi və ya onu əvəz edən şəxs bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal cinayət prosesini həyata keçirən orqana yazılı formada məlumat verməlidir. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, həbs yerinin müdiriyyəti məhbusun irəli sürülən qanuni tələblərinin təmin edilməsi üçün təcili tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, tutulmuş və ya həbs edilmiş şəxsə müvafiq izahat verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.

Qanunvericilik həmçinin nəzərdə tutur ki, aclıq aksiyası keçirən məhbus həbs yerinin rəisinin əsaslandırılmış qərarına uyğun olaraq digər məhbuslardan ayrı saxlanılır və onun üzərinə həkim nəzarəti təyin edilir. Həbs yerlərində dair müvafiq hüquq normalara əsasən, aclıq aksiyası keçirən məhbusun məcburi qidalandırılması yalnız son çarə kimi, həkimin əsaslandırılmış rəyi əsasında və məhbusun ləyaqətini alçaltmamaq şərtilə yol verilə bilər.

Azərbaycanın daxili qanunvericiliyi ilə yanaşı, ölkənin qoşulduğu və ratifikasiya etdiyi beynəlxalq hüquqi müqavilələr də məhbusların aclıq aksiyası keçirərək etiraz etmək hüququnu tanıyır. Belə ki, Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi pis rəftarı, yəni qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzanı, eləcə də işgəncəni qadağan edir. Konvensiyasını şərh etməyə səlahiyyətli olan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında məhbusların aclıq aksiyası keçirərək etiraz etmək hüququna həbsxana rəhbərliyinin hörmət etməli olduğu qənaətinə gələrək məhbusun iradəsinə əsassız yerə müdaxilə etməyi Konvensiyasının 3-cü maddəsi ilə təmin edilən pis rəftar qadağasının pozuntusu kimi müəyyənləşdirib. Avropa Məhkəməsi bu baxımdan məcburi qidalandırmanı istisna hal kimi müəyyən edib. Bu tipli qərarları əsasında Məhkəmə aclıq aksiyası keçirən məhbuslara qarşı təzyiqlərə və təqibə yol verilməsini qadağan edib.

Aclıq aksiyası keçirən məhbus üçün cərimə təcridxanasına keçirilmək daha ağır vəziyyət yaradır…

Beləliklə, həm müvafiq Azərbaycan qanunvericiliyi (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 42-ci maddəsi), həm də beynəlxalq hüquq (Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi) aclıq aksiyası keçirilən məhbusların şəxsi iradəsinə hörmət edilməsini nəzərdə tutur və onlara qarşı həbs yerlərinin rəsmiləri tərəfindən təzyiq göstərilməsini qadağan edir.

Məhbusun cərimə təcridxanasında yerləşdirilməsi onu cəzalandırmaq xarakteri daşıyır. “Həbs yerlərində saxlanılan şəxsləri hüquq və azadlıqlarının təmin olunması haqqında” Qanunun 39.1.3-cü maddəsinə əsasən daxili intizam qaydalarını pozan məhbusa xəbərdarlıq və töhmətlə yanaşı 7 günədək müddətə cərimə təcridxanasında yerləşdirilmə tənbeh tədbiri tətbiq edilə bilər. Qanunvericilik cərimə təcridxanasını ən ağır tənbeh tədbiri kimi müəyyənləşdirir. Mövcud Daxili İntizam Qaydalarına görə, cərimə təcridxanasının sahəsi daha kiçik olur və orada saxlanma şəraiti standart kameraya nisbətdə daha məhdud olur. Aclıq aksiyası keçirən məhbus üçün cərimə təcridxanasına keçirilmək daha ağır vəziyyət yaradır. Bundan əlavə, qanunvericilik açıq-aşkar müəyyənləşdirib ki, aclıq aksiyası keçirən şəxs həkim nəzarətində olmalı və ona münasibətdə daha ehtiyatlı davranılmalıdır. Lakin cərimə təcridxanası bu tələblə tamamilə ziddiyyət təşkil edir. Bu baxımdan Ü.Həsənlinin aclıq aksiyası keçirdiyinə görə cərimə təcridxanasına keçirilməsi həbs yerlərində saxlanılan şəxslərin hüquqlarına dair qanunvericiliklə ziddiyyət təşkil edir və Avropa Konvensiyasının 3-cü maddəsi ilə qorunan pis rəftar qadağasının pozuntusudur.

S.Vaqifqızına münasibətdə yaxınlarının ona gətirdikləri şəxsi əşyaların verilməməsi qanunvericiliyin açıq-aşkar pozuntusudur. Çünki həbs yerlərinin daxili intizam qaydalarına əsasən, şəxsi istifadə əşyalarına məhdudiyyət qoyulması istisna haldır və yalnız İntizam Qaydalarına Əlavə edilmiş Siyahı ilə məhdudlaşır. S. Vaqifqızına şəxsi əşyalarının, o cümlədən, geyim əşyalarının verilməməsi qanunvericiliyin bu tələbi ilə ziddiyyət təşkil edir. Bu məhdudiyyətin onun aclıq aksiyası keçirməsinin qarşısını almaq məqsədilə edilməsi isə Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusudur. Çünki bu məhdudiyyətin tətbiq edilməsinin məqsədi onun etiraz iradəsinə mane olmaq məqsədi daşıyır.

Beləliklə, aclıq aksiyası keçirdiklərinə görə cərimə təcridxanası tənbehi ilə cəzalandırılan Ü. Həsənlinin və geyim əşyaları təhvil verilməyən S. Vaqifqızının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15 və 42-ci maddəsi ilə qorunan və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təminat altına alınan hüquqları pozulub.

Ana səhifəAnalitikaAclıq aksiyası keçirən məhbuslara qarşı münasibət:  Qanunvericilik, öhdəliklər və konvensiyalar