Hesabat: “AbzasMedia işi” hüququn aliliyinin deyil, hüquq vasitəsilə idarəetmənin nümunəsidir”

AbzasMedia. Foto: Meydan TV

Ədalət uğrunda Kluni Fondunun (Clooney Foundation for Justice) “TrialWatch” təşəbbüsü “AbzasMedia işi” üzrə məhkəmə prosesinin ədalətli məhkəmə araşdırması standartlarını pozduğu və müstəqil jurnalistikanı hədəfə almaq məqsədi daşıdığı qənaətinə gəlib.

AbzasMedia-nın yazdığına görə, iyulun 23-də dərc olunan hesabat “TrialWatch”un məhkəmə monitorinqinə və “Davis Wright Tremaine LLP” hüquq firmasının apardığı hüquqi təhlilə əsaslanır. Sənədi Şon Sallivan, Coel Riçert, Nelli Danderdeyl, Ella Beres, Syuzan Stitt və Filip Lamborn hazırlayıblar.

“TrialWatch” Ekspertlər Panelinin üzvü, hakim Fransuaza Tulkens məhkəmə prosesini mümkün olan ən aşağı – “F” qiyməti ilə dəyərləndirib. O, prosesi “ədalət mühakiməsinin parodiyası” adlandırıb və ittihamların yetərli sübut bazasına malik olmadığını bildirib.

“Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuş Avropa Şurası üzvü olan dövlətdə məhkəmə sisteminin bütün səviyyələrində ədalətli məhkəmə hüququnun bu qədər ciddi və aşkar pozulması qəbuledilməzdir”, – hesabatda Fransuaza Tulkensə istinadən bildirilir.

Hesabatda pozuntuların artıq ayrı-ayrı hadisələr deyil, institutlaşmış və sistemli xarakter daşıdığı qeyd olunur. 

Yeddi nəfər eyni ittihamlarla mühakimə olunub

Cinayət işi üzrə AbzasMedia-nın təsisçisi və direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), tərcüməçi və layihə meneceri Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, eləcə də iqtisadçı və AzadlıqRadiosu-nun jurnalisti Fərid Mehralızadə mühakimə olunublar.

Hesabatda Fərid Mehralızadənin AbzasMedia ilə peşəkar əlaqəsinin məhkəmə boyunca mübahisələndirildiyi vurğulanır.

Yeddi şəxs qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, vergidən yayınma və sənəd saxtalaşdırılması da daxil olmaqla eyni ittihamlar üzrə təqsirli bilinib.

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il altı 6 müddətinə azadlıqdan məhrum ediliblər.

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəyə üç il müddətinə rəhbər və maddi məsul vəzifələr tutmaq qadağası da qoyulub.

81 vəsatətdən yalnız biri təmin edilib

“TrialWatch”un hesabatına görə, müdafiə tərəfi ibtidai istintaq və məhkəmə dövründə 81 vəsatət qaldırıb.

Vəsatətlər həbslərin qanunsuzluğu, pis saxlanma şəraiti, ittiham tərəfinin sübutlarına çıxış, sənədlərin əsllərinin təqdim olunması, bəraətverici materialların əldə edilməsi, şahidlərin çağırılması, işgəncə və zorakılıq iddialarının araşdırılması kimi məsələləri əhatə edib.

Məhkəmə 81 vəsatətdən yalnız birini – təqsirləndirilən şəxslərin vəkillərinin yanında oturmasına icazə verilməsi barədə müraciəti təmin edib.

Hesabat müəllifləri hesab edirlər ki, məhkəmə bütün şübhələri ittiham tərəfinin xeyrinə həll edib, təqsirsizlik prezumpsiyasını pozub və müdafiənin effektiv qurulmasına mane olub.

Zorakılıq və məcburetmə iddiaları araşdırılmayıb

Ülvi Həsənlini həbs zamanı mülki geyimli və maskalı şəxslərin döydüyü, polis bölməsində elektron cihazlarının şifrələrini açıqlaması üçün ona təzyiq göstərildiyi bildirilib.

Onun sözlərinə görə, dindirmə zamanı polis əməkdaşları “Qarabağdakı korrupsiyanı niyə araşdırırsınız?” və “Ölkədə baş verən problemləri niyə işıqlandırırsınız?” kimi suallar veriblər.

Ülvi Həsənli AbzasMedia-nın ofisində tapıldığı bildirilən 40 min avronu polisin yerləşdirdiyini deyib. Müdafiə ofisdəki kamera görüntülərinin təqdim olunmasını və pul üzərində barmaq izi ekspertizası aparılmasını istəsə də, vəsatətlər rədd edilib.

Fərid Mehralızadə saxlanılarkən başına torba keçirildiyini, avtomobildə 15–20 dəqiqə döyüldüyünü və telefonunun şifrəsinin tələb olunduğunu bildirib. O, polis əməkdaşlarının “Sənin dilin çox uzanıb” və “Bilmirdin ki, çox danışsan, axırı belə olacaq?” kimi ifadələr işlətdiyini deyib.

Məhəmməd Kekalov isə ibtidai istintaq zamanı verdiyi ifadədən məhkəmədə imtina edib. O, 48 saatdan çox vəkilsiz saxlanıldığını və polisin istədiyi məlumatları verməyənədək dindirildiyini bildirib.

Məhəmməd Kekalov təşkilat və jurnalist adlarını televiziyadan eşitdiyi məlumatlar əsasında sadaladığını, ifadəni yalnız təzyiqin dayandırılması üçün verdiyini deyib.

“TrialWatch” məhkəmənin bu iddiaları müstəqil və effektiv şəkildə araşdırmadığını bildirir.

Hesabat: Qaçaqmalçılığa dair birbaşa sübut olmayıb 

Prokurorluq təqsirləndirilən şəxslərin xarici qrantları bəyan etmədən Azərbaycana gətirdiyini iddia edib.

Lakin hesabatda qeyd olunur ki, ittiham tərəfi gömrük sənədi, pulun götürülməsi aktı, gömrük əməkdaşının ifadəsi və ya konkret sərhəd keçidində bəyan edilməmiş pul aşkarlandığını göstərən sübut təqdim etməyib. 

Müdafiə tərəfinə görə, ittihamda istinad olunan 184 sərhəd keçidinin heç birində təqsirləndirilən şəxslər üzərində bəyan edilməmiş vəsait tapılmayıb. 

Hafiz Babalının 2021-ci ildən xaricə səfərinə qadağa qoyulmasına baxmayaraq, o da qaçaqmalçılıqda təqsirli bilinib.

İttiham tərəfi əsasən Məhəmməd Kekalovun sonradan geri götürdüyü ifadəyə və təqsirləndirilən şəxslərin səfər tarixlərinin bəzən üst-üstə düşməsinə əsaslanıb.

“Jurnalistika sahibkarlıq kimi təqdim edilib”

Müdafiə tərəfi AbzasMedia-nın gəlir əldə edən kommersiya müəssisəsi deyil, qrantla maliyyələşdirilən media qurumu olduğunu bildirib.

Vəkillər qrant müqavilələrinin qeydiyyata təqdim edilməməsinin ən çoxu inzibati məsuliyyət və cərimə yarada biləcəyini, cinayət hesab olunmadığını vurğulayıblar.

Hesabatda Azərbaycan qanunvericiliyinə əsasən sahibkarlığın sistemli və qazanc əldə etməyə yönəlmiş fəaliyyət olduğu, təqsirləndirilən şəxslərin isə şəxsi mənfəət əldə etdiyini göstərən sübut təqdim edilmədiyi qeyd olunur.

Müdafiə “Rəsul Cəfərov Azərbaycana qarşı”, “Məmmədli Azərbaycana qarşı” və “Əliyev Azərbaycana qarşı” işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına da istinad edib.

Həmin qərarlarda qrantların qeydiyyata alınmamasının, kommersiya və gəlir məqsədini göstərən sübutlar olmadan, qanunsuz sahibkarlıq kimi qiymətləndirilməsi əsaslandırılmamış hesab olunub.

“TrialWatch” bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə jurnalistikanın niyə sahibkarlıq sayıldığı və Avropa Məhkəməsinin əvvəlki qərarlarının niyə nəzərə alınmadığı izah edilməyib.

Sənədlərin əslləri müdafiəyə verilməyib

Prokurorluq saxtalaşdırma ittihamını əsaslandırmaq üçün AbzasMedia ilə əlaqələndirilən ödəniş qəbzlərini təqdim edib.

Şahidlər həmin qəbzlərdəki imzaların onlara məxsus olmadığını və AbzasMedia-dan ödəniş almadıqlarını bildiriblər.

Hesabata görə, qəbzlərin əslləri məhkəməyə təqdim edilməyib. Xətt ekspertizasının sənədlərin əslləri deyil, fotoşəkilləri üzərində aparıldığı bildirilir.

Ülvi Həsənli istintaqa xətt nümunəsi vermədiyini deyib. Müdafiənin sənədlərin əslləri, ekspert rəyi və ekspertizanın əsaslandığı materiallarla tanış olmaq tələbləri rədd edilib.

Fərid Mehralızadə ilə bağlı fərdi sübut göstərilməyib 

Fərid Mehralızadə məhkəmə boyunca AbzasMedia-nın əməkdaşı olmadığını bildirib.

Ülvi Həsənli, Nərgiz Absalamova və Elnarə Qasımova da onun media qurumu ilə peşəkar əlaqəsinin olmadığını təsdiqləyiblər. Nərgiz Absalamova Fərid Mehralızadədən yalnız iqtisadçı kimi müsahibə aldığını deyib.

Müdafiə tərəfi onun adının heç bir qrant müqaviləsində və ya müvafiq sənəddə olmadığını bildirib.

Fərid Mehralızadə telefonundakı məkan məlumatlarının heç vaxt AbzasMedia-nın ofisində olmadığını sübut edə biləcəyini deyib. Lakin məhkəmə həmin məlumatların müdafiəyə təqdim olunmasını təmin etməyib.

“TrialWatch” hesab edir ki, bütün şəxslərin fərdi rolu və məsuliyyəti müəyyən edilmədən eyni maddələrlə məhkum edilməsi cinayət məsuliyyətinin fərdiliyi prinsipini pozub.

Apellyasiya və kassasiya qərarları formal sayılıb

Bakı Apellyasiya Məhkəməsi 2025-ci il sentyabrın 9-da hökmləri qüvvədə saxlayıb.

Apellyasiya məhkəməsi qərarında təqsirləndirilən şəxslərin günahsızlıqlarını sübut edə bilmədiyini qeyd edib.

“TrialWatch” bunun sübutetmə yükünün qanunsuz olaraq ittiham tərəfdən müdafiə tərəfinin üzərinə keçirilməsi olduğunu bildirir. Hesabat müəllifləri vurğulayırlar ki, şəxslərin günahsızlığını deyil, prokurorluğun onların təqsirini şübhədən kənar sübut etməsi tələb olunur.

Ali Məhkəmə kassasiya şikayətlərinə üç ayrı iclasda baxıb. Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova işə hissə-hissə baxılmasına etiraz olaraq iclaslarda iştirak etməyiblər.

Son iclasda Ali Məhkəmə cəmi on dəqiqəlik müşavirədən sonra şikayətləri rədd edib.

“TrialWatch” hesab edir ki, həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə müdafiənin əsas arqumentlərinə cavab vermədən aşağı instansiyanın qərarlarını formal şəkildə təsdiqləyib.

Hesabat siyasi məqsəd ehtimalını yüksək sayır

“TrialWatch” “AbzasMedia işi”ni Azərbaycanda müstəqil jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə və korrupsiya araşdırmaçılarına qarşı daha geniş cinayət təqibi mühitində qiymətləndirib.

Hesabatda AbzasMedia ilə eyni dövrdə Toplum TV, Meydan TV və Kanal 13 əməkdaşlarının da cinayət məsuliyyətinə cəlb olunması müstəqil mediaya qarşı əlaqələndirilmiş təqib ehtimalının göstəricisi kimi təqdim edilir.

“TrialWatch” bildirir ki, təqsirləndirilən şəxslərin fəaliyyəti ifadə və birləşmək azadlığı ilə qorunan jurnalistika, araşdırmaların hazırlanması, redaksiya layihələrinin əlaqələndirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlıqdan ibarət olub.

Hesabat müəlliflərinin qənaətinə görə, işin siyasi məqsədlə açılması ehtimalı yüksəkdir. Onlar cinayət təqibinin jurnalistlərin hökumət korrupsiyası barədə araşdırmalarını dayandırmağa və gələcək jurnalist fəaliyyətinin qarşısını almağa yönəldiyini bildirirlər.

Hesabatın yekununda proses “kobud hüquqi sui-istifadə”, Ali Məhkəmənin qərarı isə “hüququn aliliyinin deyil, hüquq vasitəsilə idarəetmənin nümunəsi” kimi qiymətləndirilib.

“TrialWatch” belə nəticəyə gəlib ki, “AbzasMedia işi” Avropa İnsan Hüquqları Konvensiyasının sistemli pozuntularını nümayiş etdirir.

Ədalət uğrunda Kluni Fondu (Clooney Foundation for Justice) dünyada insan hüquqlarının pozulmasına görə məsuliyyətin təmin edilməsi yolu ilə ədalətin bərqərar olunmasına çalışır.

“TrialWatch” Ədalət uğrunda Kluni Fondunun söz azadlığının müdafiəsi üçün ödənişsiz hüquqi yardım göstərən təşəbbüsüdür. Təşəbbüsün missiyası ədalətsizliyi üzə çıxarmaq, haqsız yerə həbs edilən şəxslərin azadlığa buraxılmasına kömək etmək və bütün dünyada qanunun aliliyini təşviq etməkdir.

Ana səhifəSiyasi işlərHesabat: “AbzasMedia işi” hüququn aliliyinin deyil, hüquq vasitəsilə idarəetmənin nümunəsidir”