“AbzasMedia” ilə əlaqəsi olmadığını deyən iki gənc bu iş üzrə polisə çağırılıb

Foto: “AbzasMedia”

Onlara niyə bu iş üzrə şahid qismində cəlb edilmələri ilə bağlı açıqlama verilməyib

Aprelin 15-də daha iki gənc “AbzasMedia” işi ilə bağlı dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Onlar “AbzasMedia” ilə heç bir əlaqəsi olmayan İnarə Hünbətova və Şəms Hacıyevadır.

Aprelin 15-dən etibarən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqləri onlarla əlaqə saxlayıb, İnarə Hünbətovanı aprelin 16-sı, Şəms Hacıyevanı isə 17-si günorta saatlarına idarəyə dəvət ediblər.

Onlara niyə bu iş üzrə şahid qismində cəlb edilmələri ilə bağlı açıqlama verilməyib.
Daha öncə aprelin 10-da jurnalist İsmayıl Tağıyev də “AbzasMedia” işi üzrə dindirilməyə çağırılmışdı.

Ötən il noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “AbzasMedia”da hökumət rəsmiləri ilə bağlı dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq “AbzasMedia” işi üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Ana səhifəSiyasət“AbzasMedia” ilə əlaqəsi olmadığını deyən iki gənc bu iş üzrə polisə çağırılıb