ABŞ və Fransa vətəndaşlarını Azərbaycanla sərhədə getməməyə çağırıb

ABŞ və Fransa. Foto: J_UK/shutterstock

Hər iki ölkə sərhəddə baş verən toqquşmalardan narahatlığını ifadə edib

ABŞ və Fransanın Yerevandakı səfirlikləri öz vətəndaşlarını Azərbaycanla sərhədə getməməyə çağırıblar.

Bu barədə hər iki ölkənin Ermənistandakı səfirlikləri məlumat yayıb.

ABŞ səfirliyi sentyabrın 23-də yaydığı açıqlamada Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmanı əsas gətirərək vətəndaşlarına həssas olmağı tövsiyə edib.

“Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində baş vermiş hərbi əməliyyatlardan sonra ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə qeyri-vacib səfərlər qadağan edilib”, – açıqlamada belə deyilir.

“Ermənistandan Azərbaycana səfər etmək mümkün deyil. Rəsmi olaraq Dağlıq Qarabağa və ətraf ərazilərə getməmək tövsiyə olunur. Bu bölgə Fransanın Yerevandakı səfirliyinin konsulluq dairəsinə daxil deyil və orada konsul mühafizəsi təmin edilə bilməz”, – deyə Fransa səfirliyi də sentyabrın 22-də analoji xəbərdarlıqla çıxış edib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma baş verib və nəticədə hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 15-də 79, Ermənistan isə 200-dən artıq hərbçisini itirdiyini açıqlayıb.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətABŞ və Fransa vətəndaşlarını Azərbaycanla sərhədə getməməyə çağırıb