ABŞ Rusiyanın terrorla bağlı ictimaiyyətə yanlış şərhlər verdiyini deyir

ABŞ-Rusiya. Foto: Casablanca Stock/shutterstock


“Kreml Ukraynaya qarşı təcavüzünə bəraət qazandırmaq üçün təqsiri Qərbin üzərinə atmağa çalışır”

ABŞ hökuməti 2024-cü il martın 7-də Moskva vaxtı ilə səhər saat 11:15-də müəyyən edilmiş kanallarla Rusiyanın təhlükəsizlik xidmətlərinə terror hücumu təhlükəsi ilə bağlı yazılı xəbərdarlıq təqdim edib.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

Ertəsi gün, martın 8-də isə biz ictimaiyyət üçün xəbərdarlıq dərc edərək Amerika vətəndaşlarına Moskvada böyük toplantılarda və konsertlərdə iştirakdan çəkinmələri barədə xəbərdarlıq etdik”, – Kirbi xatırladıb.

Onun ehtimallarına görə, məhz ABŞ-ın Rusiyadakı səfirliyinin tövsiyəsi terrorçuları martın 8-də hücumdan çəkindirib:

Lakin Rusiya hökumətinə və geniş ictimaiyyətə etdiyimiz xəbərdarlıq bu hücuma görə məsuliyyət daşıyan İŞİD-in yaratdığı terror təhlükəsini dəqiq müəyyən edib”,– ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü qeyd edib.

Onun şərhləri Rusiya məmurlarının terror hücumunda Ukraynanı ittiham etmək cəhdləri fonunda səslənib:

İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürsə də və hücumla əlaqədar dörd Tacikistan vətəndaşı həbs olunsa da, Kreml Ukraynaya qarşı təcavüzünə bəraət qazandırmaq üçün təqsiri Qərbin üzərinə atmağa çalışır”.

Kirbi Rusiyanın təqsiri Ukraynaya, ABŞ-a və digərlərinə yıxmaq cəhdlərini “cəfəngiyyat” və “təbliğat” adlandırıb.

Con Kirbi. Mənbə: Reuters

Ağ Ev və Dövlət Departamenti rusların 22 mart terror hücumunun qarşısını almaq üçün onlara verilmiş məlumatlardan istifadə etməməsinin səbəblərini başa düşmədiklərini bəyan edib.

2023-cü ilin payızından indiyədək ABŞ Moskvanı dəfələrlə potensial terror təhlükəsi ilə bağlı məlumatlandırıb.

Martın 7-dəki xəbərdarlıq, 2023-cü ilin sentyabrından etibarən ABŞ hökumətinin Rusiyaya təqdim etdiyi çoxsaylı xəbərdarlıqdan biri idi”, – Kirbi bildirib.

Əvvəlki xəbərdarlıqların da potensial İŞİD təhlükəsi ilə bağlı olub-olmamasına gəlincə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller təfərrüatlardan yayınıb. Əlavə edib ki, Rusiya hökuməti təbliğat və dezinformasiya ilə məşğuldur.

Düşünürəm ki, onların bu terror hücumundan Ukraynaya qarşı təcavüzlərinə bəraət qazandırmaq üçün istifadə etməyə çalışdıqları tamamilə aydın idi”, – Miller deyib.

“Crocus City Hall”a hücum martın 22-də axşam saatlarında baş verib.

“Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə silahlı şəxs binaya soxularaq tamaşaçılara atəş açıb və salonda yanğın baş verib.

Son məlumatlara görə, terror hücumu nəticəsində 144 nəfər həlak olub, 380-dən çox insan yaralanıb.

Məsuliyyəti İŞİD terror qruplaşmasının “Vilayət Xorasan” adlı qolu öz üzərinə götürüb.

Rusiya hakimiyyəti terror hücumunda şübhəli bilinən 11 nəfəri saxladıqlarını açıqlayıb.

Martın 24-də terror hücumunda ittiham olunanlar həbs ediliblər.

Məhbuslar məhkəmə zalına döyülmə, işgəncə izləri ilə çıxıblar.

Daha sonra iş üzrə daha dörd təqsirləndirilən şəxs həbs edilib.

Müstəntiqlərin fikrincə, onlar terrorçulara mənzil və maşın kirayə veriblər.

Rusiya hakimiyyəti terror hücumunun arxasında Ukraynanın olduğunu iddia edir.

Bu barədə Prezident Vladimir Putin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov danışıblar.

Dmitri Peskov. Foto: Meydan TV

Kremlin sözçüsü Dmitri Peskov Rusiya xüsusi xidmət orqanlarının terror aktının müxtəlif versiyaları üzərində işlədiyini bildirib.

Mətbuat katibi eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar terror hücumunun yeganə variantı İŞİD-in olmasına israr etməklə diqqəti nədənsə yayındırmağa çalışır.

ABŞ Kremlin Moskvadakı terrorla bağlı şərhlərini “çirkin kampaniya” adlandırıb.

“Bloomberg”in məlumatına görə, Vladimir Putinə yaxın olanlar hesab edirlər ki, Kiyevin terror hücumunda iştirakına dair heç bir dəlil yoxdur.

Lakin Prezident faciədən istifadə edərək rusları Ukrayna ilə müharibəyə cəlb etmək niyyətindədir.

Ukrayna hakimiyyəti terrorda iştirakı inkar edib.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan konsert zalı 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəDünyaABŞ Rusiyanın terrorla bağlı ictimaiyyətə yanlış şərhlər verdiyini deyir