ABŞ konqresmenləri Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı otelin qarşısında baş vermiş insidentlə bağlı bəyanat yayıblar.
ABŞ Konqresində Azərbaycan üzrə Konqres Qrupunun həmsədrləri, konqresmenlər Stiv Koen və Robert Aderholt bildiriblər ki, fevralın 19-da İlham Əliyevin Vaşinqtonda qaldığı otelin qarşısında etirazçılara zorla müdaxiləsi ciddi narahatlıq doğurur.
“ABŞ Konstitusiyası dinc etirazları, normal fəaliyyətə mane olmadığı halda, qoruyur. Azərbaycan rəsmilərinin ABŞ prinsiplərinə hörmət etməsini gözləyirik. Hadisə inkişaf etdikcə, insidentin hərtərəfli araşdırılmasını tələb edirik və gələcəkdə bu kimi hərəkətlərdən çəkinməyə çağırırıq”, – bəyanatda qeyd olunub.
Hadisə ötən həftə, İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri zamanı baş verib. İlham Əliyevin qaldığı otelin qarşısında Azərbaycan hökumətinin tənqidçilərindən olan yeddi-səkkiz nəfər mühacir dinc etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar arasında Prezident İlham Əliyevin sərt tənqidçilərindən olan, hazırda dələduzluq ittihamı ilə 9 il həbs cəzası çəkən siyasətçi Tofiq Yaqublunun ABŞ-də yaşayan oğlu Rəhim Yaqublu da olub.
Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılara Prezidentin mühafizə xidmətinin əməkdaşları tərəfindən fiziki təzyiq göstərilib. Videolarda Rəhim Yaqublunun paltarı cırıldığı və digər etirazçılardan bir neçəsinin xəsarət aldığı görünür. Vaşinqton polisi və ABŞ Gizli Xidməti ərazidə olsa da, polis qarşıdurmaya birbaşa müdaxilə etməyib və məsələ Dövlət Departamenti tərəfindən araşdırıldığı bildirilib.
Azərbaycanda hökumətə yaxın media mühacirlərin təxribat yaratdığını və zorla otelə girməyə çalışdıqlarını iddia edib, etirazçılar isə bu iddiaları rədd ediblər.