ABŞ İsrailə hava bombası tədarükünü dayandırıb

ABŞ-İsrail. Foto: Svet foto/shutterstock.

Bu qərar İsrailin Qəzzaya hücumuna Baydenin təzyiqi kimi qiymətləndirilir

ABŞ hakimiyyəti İsrailə 3500 hava bombası tədarükünü dayandırıb.

Bu barədə CNN Bayden administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ bu addımı Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat zamanı istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda atıb.

Məlumata görə, söhbət 2 min funt (907 kq) çəkisi olan 1,8 min bombanın, həmçinin 500 funtluq (təxminən 227 kq) olan 1,7 min bombanın tədarükünün dayandırılmasından gedir.

“The New York Times” isə yazır ki, ABŞ Prezidenti Co Bayden İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bəri ilk dəfə olaraq silah tədarükünün dayandırılmasından yəhudi dövlətinin siyasətinə təzyiq vasitəsi kimi istifadə edib.

Vurğulanıb ki, bu tədbir müharibənin aparılma üsulu ilə bağlı ABŞ və İsrail arasında böyüyən fikir ayrılıqlarına işarə olub.

Nəşrin yazdığına görə, ABŞ administrasiyası gələcək tədarüklərin də dayandırılıb-dayandırılmaması üzərində düşünür.

Mayın 5-də “Axios” portalı iki israilli rəsmiyə istinadən xəbər verib ki, ABŞ 2023-cü il oktyabrın 7-dən bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb.

Deyilənə görə, bu addım İsrail hakimiyyət orqanlarının ciddi narahatlığına səbəb olub.

Mayın 6-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-nin İsrailə raket tədarükünün dayandırılması ilə bağlı məlumatı təsdiqləməkdən imtina edib.

Daha öncə ABŞ Dövlət Katibi Entoni Blinken bildirmişdi ki, İsrail onların bu müharibədə istədikləri dəyişiklikləri etməsə, bu zaman ABŞ da siyasətini dəyişməli olacaq.

İsrail-Fələstin qarşıdurması 2023-cü il oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailin cənubuna basqın edərək 1200-ə yaxın adamı öldürdüyü və 253 nəfəri girov götürdüyü zamandan başlayıb.

HƏMAS-ın idarə etdiyi Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla 33 mindən çox fələstinli ölüb.

İsrail HƏMAS-ı mülki əhalidən canlı qalxan kimi istifadə etməkdə ittiham edib.

Ana səhifəDünyaABŞ İsrailə hava bombası tədarükünü dayandırıb