ABŞ insan haqları hesabatını açıqladı: Azərbaycanda yaşamağı mümkünsüz edən hallar

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

Hesabatda həbslərdən, insan haqlarının pozulmasından söz açılıb

ABŞ Dövlət Departamenti 2023-cü ildə dünyadakı insan haqlarının durumunun necə olması ilə bağlı illik hesabatını açıqlayıb.

Hesabatda Azərbaycanla bağlı bölüm də yer alıb. Burada ötən ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi əməliyyat, onun nəticəsi olaraq erməni əhalinin bölgəni tərk etməsi, eyni zamanda, jurnalistlərin və fəalların həbsi, həbsxanalarda məhbuslara qarşı pis rəftar, mətbuat azadlığının boğulması, seçki saxtakarlığı tənqid edilib.

Qarabağa tam nəzarət

Sentyabrın 19-20-də Azərbaycan Dağlıq Qarabağa tam nəzarəti ələ keçirmədən öncə Laçın dəhlizi qapadılmışdı. Yalnız fasilələrlə humanitar keçidə icazə verilirdi.

Xankəndi. Foto: Meydan TV

Sonra Azərbaycan bölgəyə tam nəzarəti ələ aldı və sentyabrın 24-dən oktyabrın 1-dək 100.000-dən çox Dağlıq Qarabağ sakini – faktiki olaraq regionun bütün etnik erməniləri ərazini tərk etdi.

İranla əlaqədə günahlandırılanlar

Hesabatda həmçinin qeyd edilir ki, il ərzində səlahiyyətlilər hökumətin təsdiq etdiyi qurumlardan kənarda ibadət edən görünməmiş sayda şiə müsəlmanlarını İranla əlaqədə olduqları iddiası ilə həbs edib.

Bu həbslər İranın casus şəbəkələrini hədəfə alma kimi səciyyələndirilsə də, məlum ittihamların böyük əksəriyyəti narkotiklə əlaqəli cinayətlərlə bağlı olub”.

Məhkəmə. Foto: Meydan TV
Məhkəmə. Foto: Meydan TV

İnsan hüquqları pozuntuları

Hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycanda il ərzində təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən işgəncə və qəddar rəftar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlə bağlı faktlar qeydə alınıb. Həmçinin həbsxana şəraiti ağır, həyat üçün təhlükə yaradan şəraitdədir. Əsassız həbs; məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı ciddi problemlər də öz yerində:

“Siyasi məhbus problemi, ölkədən kənarda hökumət əleyhinə fikir səsləndirən şəxslərə qarşı transmilli repressiyalar var. Şəxsi həyatın toxunulmazlığına özbaşına və ya qanunsuz müdaxilə edilir. Mülki əhali ehtiyac duyduğu əşyalardan qəsdən məhrum edilir, onların humanitar yardıma əlçatanlığının qarşısı alınır. İfadə və media azadlığına ciddi məhdudiyyətlər qoyulub. Jurnalistlər, siyasi fəallar əsassız olaraq həbsə atılıb. Bu ölkədə internet azad deyil, dinc toplaşmaq mümkün olmur. Vətəndaşların azad və ədalətli seçkilər yolu ilə öz hakimiyyətini dinc yolla dəyişə bilməsi mümkün deyil”.

İşgəncə zamanı
Foto: Meydan TV

Həmçinin hesabatda bildirilir ki, Azərbaycanda ciddi hökumət korrupsiyası mövcuddur. Yerli və beynəlxalq insan haqları təşkilatlarına hökumət tərəfindən ciddi məhdudiyyətlər qoyulub. Geniş gender əsaslı zorakılıq faktları qeydə alınır. Eyni zamandan, lezbiyan, gey, biseksual, transgender, queer və ya interseks şəxsləri hədəf alan zorakılıqla bağlı cinayətlər baş verir.

Ölüm hallarının araşdırılması

Hesabatda bildirilir ki, Azərbaycan hökumətinin və ya onun agentlərinin il ərzində özbaşına və ya qeyri-qanuni qətllər törətdiyi barədə məlumatlar var.

Misal kimi fevralın 28-də Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində ölən Sübhan Ağayevin saxlanılması və döyülməsi faktı gətirilir.

Specify Caption
Foto: Meydan TV

Bildirilir ki, ailəsi onun meyitinin ayaq biləklərində izlər və açıq yaraları olan fotoşəkillərini yayıb. Səlahiyyətlilər isə kəskin ürək çatışmazlığından öldüyünü bildiriblər. Prokuror ailənin iddialarına cavab olaraq onun ölümünü araşdırıb. İstintaqdan sonra məhkəmə həbsxana rəisinin köməkçisini 2000 manat (1180 ABŞ dolları) cərimələyib, lakin hər hansı cinayət işi açılmayıb.

Yoxa çıxanlar

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məlumatına görə, 1990-cı illərdən indiyədək 4876 azərbaycanlı və ermənidən xəbər yoxdur.

Beynəlxalq Qızıl Xaç Komitəsi, Martin Good/shutterstock

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin ilin yekunlarında verdiyi məlumata görə, 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsində gedən döyüşlər nəticəsində itkin düşmüş kimi qeydiyyatda olan 3890 Azərbaycan vətəndaşı, o cümlədən 2020-ci il döyüşlərində itkin düşmüş 6 Azərbaycan hərbçisi var.

Qeyri-insani münasibətlər

Hesabatda bildirilir ki, Azərbaycan Konstitusiyası və Cinayət Prosessual Məcəlləsi bu cür təcrübələri qadağan etsə də, bu ölkədə işgəncə və digər sui-istifadə halları ilə bağlı çoxsaylı etibarlı iddialar var

Ən çox pis rəftar isə məhbusların polisdə saxlandığı vaxt baş verir və məlumatlara görə, səlahiyyətlilər etiraflara məcbur etmək üçün təhqiredici üsullardan istifadə edir. Məlumata görə, səlahiyyətlilər məhbusları ailəsi, vəkili ilə görüşdən məhrum edir, onların müstəqil tibbi xidmətə vaxtında çıxış imkanını məhdudlaşdırırlar.

İnsan haqları müdafiəçiləri bildiriblər ki, mühafizəçilər bəzən məhbusları döyməklə və ya təkadamlıq kameraya salmaqla cəzalandırır.

Həbsxana və təcridxana şəraitləri

Hesabatda deyilir ki, həbsxanalarda sıxlıq var. Qidalanmanın, istilik və ventilyasiya sisteminin normal olmaması həyat keyfiyyətini aşağı salır. Üstəlik, tibbi xidmət zəif, kanalizasiya sistemi çatışmazlığı da var.

Həbsxana. Foto: arxiv

Məhbuslar məhkəməni gözləyərkən saxlandıqları yerli məhkəmələrin izdihamlı zirzəmilərindəki qeyri-insani şəraitdən şikayətləniblər.

Həbs prosedurları və məhbuslarla rəftar

Yerli qanunlar həbs edilmiş və ya cinayət törətməkdə təqsirləndirilən şəxslərə lazımi qaydada baxılmasını, o cümlədən onların hüquqları və həbslərinin səbəbi barədə dərhal məlumat verilməsini, vəkillə təmin olunmanı nəzərdə tutur.

Siyasi motivli hesab edilən bütün işlərdə qanuni prosesə əməl olunmayıb və təqsirləndirilən şəxslər tez-tez müxtəlif saxta cinayət ittihamları ilə həbs ediliblər. Qanuna görə, məhbuslar həbs olunduqdan sonra 48 saat ərzində hakim qarşısına çıxmalıdır. Hakim ya həbs edilmiş şəxsin barəsində həbs-qətimkan tədbiri, ya da ev dustaqlığı barədə qərar çıxara bilər, ya da həbs edilən şəxsi azad edə bilər. Səlahiyyətlilər bəzən şəxsləri ordersiz 48 saatdan çox saxlayıblar. İlkin 48 saatlıq həbs müddəti yüngülləşdirici hallarda 96 saata qədər uzadıla bilər”, – hesabatda bildirilir.

İlin ilk 10 ayında kütləvi həbslər

Hesabat müəllifləri qeyd edir ki, ilin ilk 10 ayında hökumət kütləvi həbslər edib.

İyulun 24-də iqtisadçı Qubad İbadoğlu ölkədəki korrupsiya ilə bağlı tənqidi çıxışlarına görə saxta valyuta hesab edilən saxta pul ittihamı ilə həbs edilib.

Zamin Salayev. Foto: Meydan TV

Mayın 21-də Bakı məhkəməsi müxalif AXCP-nin rayon məmuru Zamin Salayevi “silahla xuliqanlıq” ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə zalının müşahidəçiləri məhkəmə prosesinin sübut pozuntuları ilə çox olduğunu bildirdilər, o cümlədən müstəqil şahidlərin ifadə verməyə gəlməsinə mane olunub.

Siyasi məhbuslar

QHT koalisiyası dekabrın 1-nə təxminən 254 siyasi məhbus olduğunu bildirib.

“Tərtər işi”. Foto: Meydan TV

Siyasi məhbuslar arasında akademik və antikorrupsiya müdafiəçisi, demokratiya və insan haqları fəalları, jurnalistlər və blogerlər, müxalif siyasi xadimlər, dindarlar və fəallar, “Tərtər işi” ilə bağlı həbsdə olan şəxslər var.

Mətbuat azadlığı

Azərbaycanda qanun ifadə azadlığını təmin edir, lakin hökumət adətən bu hüquqları pozur. Həmçinin ifadə azadlığı və media müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər, redaktorlar və müstəqil blogerlər hədə-qorxu ilə üzləşib, bəzən döyülüb və həbs ediliblər.

Foto: “AbzasMedia”

İyunda Gədəbəyin Söyüdlü kəndində ekoloji etiraz aksiyasından sonra polis “AbzasMedia”nın müxbiri Nərgiz Absalamova, Amerikanın Səsinin müxbiri Nigar Mübariz və müstəqil müxbir Elsevər Muradzadəni saxlayıb. Polis onların kəndə girişinə icazə verməyib.

İnternet azadlığı

İl ərzində hökuməti tənqid edən beynəlxalq xəbər saytları və müstəqil saytlar bloklanıb. Onlardan bir çoxu bir neçə ildir bloklanıb. Məsələn, “Azadlıq Radiosu”, “Amerikanın Səsi”nin saytı.

Həmçinin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP), “Azadlıq” qəzeti, “Toplum TV”, “Bastainfo”, “Criminal”, “Top Xeber”, “Xural”, “Az24saat”, “Anaxaber”,

Media, monticello/Shutterstock

“Gununsesi”, “Arqument.az” daxil olmaqla yerli KİV, Almaniyada yerləşən media orqanı Meydan TV hakimiyyət tərəfindən bloklanıb. Hökumət sosial media tətbiqi “TikTok”-u sentyabrın 19-dan oktyabrın 31-dək bloklayıb.

Fəallar iddia edir ki, hakimiyyət tez-tez kiberhücumlar da həyata keçirib.

Məişət zorakılığı

Hesabatda bildirilir ki, hökumət məişət zorakılığı məsələlərinə səthi baxdığından bu, zamanla ölümlə nəticələnib.

Uşaqlara qarşı zorakılıq
Foto: Meydan.TV

Məsələn, dekabrın 6-da BMT-nin rezident koordinatoru ölkədə hər üç qadın və ya qızdan birinin zorakılığa məruz qaldığını bildirib.

Lakin qanun məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması üçün çərçivə yaradıb.

Uşaqlara qarşı zorakılıq

Hesabatda bildirilir ki, Azərbaycan qanunları uşaqlara qarşı cinsi zorakılığı qadağan etsə də, hələ də bu ölkədə uşaq əməyinin istismarına və uşaqlara qarşı digər sui-istifadə hallarına rast gəlinir. Həmçinin erkən evlilik problemi də qalır.

Məmurlar cəzalandırılmır, QHT-lər sıxışdırılır

Həmçinin hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurları cəzalandırmır. Eyni zamandan, 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib.

Sənəddə vurğulanır ki, qanunlar ölkədəki QHT-lərin fəaliyyətini də məhdudlaşdırıb.

Hakimiyyət qanunlardan istifadə edərək QHT-lərin fəaliyyətinə dair cinayət işləri açıb. Həmin işlərdə vurğulanıb ki, belə bir şəraitdə çox az QHT fəaliyyət göstərə bilir.

Tənha qadın məmur təzyiqində. Foto: Meydan TV

Hesabata görə, Azərbaycanda QHT-lərin qrant almasını tənzimləyən qanunlar elə şəkildə yazılıb ki, faktiki olaraq bunun alınmasını mümkünsüz edir.

Qanunlar Ədliyyə Nazirliyinə QHT-lərin fəaliyyətinə monitorinq səlahiyyəti verir.

Hesabatda deyilir ki, Azərbaycanda filial açmaq istəyən xarici QHT-lərə ağır şərtlər qoyulur, onlardan “Azərbaycan xalqının milli və mədəni dəyərlərinə” dəstək verəcəklərinin, dini və siyasi təbliğatda iştirak etməyəcəklərinin nümayiş etdirilməsi tələb olunur.

Korrupsiya hissəsi

Hesabatın korrupsiya ilə mübarizə hissəsində deyilir ki, Azərbaycan hökuməti “aşağı səviyyəli” korrupsiya ilə əlaqədar müəyyən irəliləyiş əldə etsə də, korrupsiya yüksək səviyyəli rəsmilərlə davam edir.

“Korrupsiya ilə bağlı bəzi yüksək vəzifəli rəsmilər barəsində açılmış cinayət işləri istintaq mərhələsində qalır. Azərbaycan hökuməti hələ ki, bunları münasibət bildirmir”.

Korrupsiya, Atstock Productions/shutterstock

Azərbaycan rəsmiləri tez-tez çıxışlarında ölkədə korrupsiya faktının olmadığını, həmçinin söz və ifadə azadlığına müdaxilə edilmədiyini bildirir.

Ölkə rəsmiləri adətən beynəlxalq təşkilatların hesabatlarını qərəzli sayır və kimsənin peşəsinə, söz və ifadə azadlığına görə cəzalandırılmadığını söyləyirlər.

Ana səhifəSiyasətABŞ insan haqları hesabatını açıqladı: Azərbaycanda yaşamağı mümkünsüz edən hallar