“2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində ciddi irəliləyiş olmayıb. Əksinə, hökumət tənqidçilərinə və jurnalistlərə, həmçinin də fəallara qarşı repressiyalar artıb, ifadə azadlığı, dinc toplaşma hüququ sistemli şəkildə pozulub”.
Bu, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında əksini tapıb.
Bildirilib ki, ötən il ərzində Azərbaycanda insan hüquqları sahəsində bir sıra ciddi problemlər müşahidə olunub və etibarlı mənbələrə görə, bu pozuntulara qətl və işgəncələr, əsassız həbslər, transmilli repressiyalar, ifadə və media azadlıqlarına məhdudiyyətlər, jurnalistlərə qarşı zorakılıq və təqiblər, internet senzurası, həmkarlar ittifaqlarının qadağan edilməsi və uşaq əməyinin ən pis formalarının geniş yayılması daxildir.
“Vəzifəli şəxslərin törətdiyi pozuntulara görə heç bir tədbir görülməyib”
Qeyd olunub ki, hökumət insan haqlarını pozan vəzifəli şəxsləri müəyyən edib cəzalandırmaq istiqamətində heç bir addım atmayıb. 2020-ci ildə baş vermiş hərbi əməliyyatlar zamanı silahlı qüvvələr və ya fərdi şəxslər tərəfindən törədildiyi iddia olunan pozuntularla bağlı aparılan istintaqlarda heç bir irəliləyiş olmayıb. İl ərzində həmçinin hökumət və ya onun nümayəndələrinin əsassız və qanunsuz qətllər törətməsi barədə məlumatlar daxil olub.
Hesabatda deyilir ki, təcrid olunmuş hallarda isə təhlükəsizlik orqanları, o cümlədən polis və Penitensiar Xidmətin əməkdaşları tərəfindən saxlanılan şəxslərin öldürülməsi barədə xəbərlər yayılıb.
Media üzərində güclü nəzarət: fiziki hücumlar, həbs və təzyiqlər…
Dövlət Departamenti bidirir ki, Azərbaycan hakimiyyəti Media Qanunu çərçivəsində jurnalistlərin fəaliyyətinə məhdudiyyətlər qoyub. Həmçinin ölkə daxilində və xaricdə fəaliyyət göstərən media qurumlarına, jurnalistlərə, blogerlərə, fəallara və onların qohumlarına hökuməti tənqid etməkdən çəkinmələri üçün təzyiqlər göstərilib. İl boyunca ölkədə hökumətyönlü media orqanlarının dominantlıq etdiyi vurğulanır. Məhdud sayda müstəqil və yarı-müstəqil media orqanları isə yalnız onlayn işləməli olub.
Jurnalistlər öz reportajları səbəbilə həm onlayn, həm də real mühitdə hökumət və ya onun adından çıxış edən şəxslər tərəfindən zorakılığa, təqibə və ya hədələrə məruz qalıb. Polis, bəzən jurnalistlərin və blogerlərin peşəkar fəaliyyətinə mane olmaq və mətbuat azadlığını məhdudlaşdırmaq üçün fiziki gücdən və digər üsullardan istifadə edib. Müstəqil media nümayəndələri kibertəqiblər və digər təzyiqlərlə üzləşiblər. Hökumət vaxtaşırı müstəqil jurnalistləri, xüsusilə korrupsiya halları ilə bağlı araşdırmalar aparan və ya hökumət rəsmilərini tənqid edən şəxsləri həbs edib. 2023-cü ilin noyabrından 2024-cü ilin noyabrına qədər hökumət azı 40 müstəqil jurnalist və vətəndaş cəmiyyəti fəalını həbs edib, saxlanma zamanı onlara qarşı fiziki zorakılıq halları qeydə alınıb.
İnternet azadlığı və onlayn senzura
İl boyunca hökuməti tənqid edən beynəlxalq xəbər saytlarının bloklandığı, çoxunun illərdir blokda qaldığı bildirilir. Bu sırada Meydan TV, Azadlıq Radiosu, OCCRP, AbzasMedia, Toplum TV də var. Fəallar deyirlər ki, hakimiyyət internet televiziya proqramlarını vurmaq üçün kiberhücumlara, digər tədbirlərə əl atır.
Əmək haqları və işçi hüquqları
Hesabatda İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının bir neçə fəal üzvü – Afiəddin Məmmədov, Möhyəddin Orucov, Ayxan İsrafilov və Elvin Mustafayevin hazırda həbsdə olduğu qeyd edilib.
Qeyd olunur ki, bəzi qeyri-hökumət təşkilatlarının (QHT) məlumatına görə, həbs edilən həmkarlar ittifaqı fəallarına qarşı irəli sürülən ittihamların onların əmək fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb. QHT-lər bildirir ki, bu həbslərin əsas məqsədi fəalların səsini susdurmaq və əmək hərəkatında müxalif fikirləri boğmaqdır.
Hesabatda “siyasi məhbus” ifadəsi yoxdur
Dövlət Departamentinin ötənilki hesabatında QHT-lərin məlumatına istinadən Azərbaycanda dekabrın 1-dən 254 siyasi məhbusun olduğu deyilirdi. Həmin hesabatda ayrıca “Siyasi məhbuslar və saxlananlar” bölümü vardı. Builki hesabatda “Siyasi məhbus” ifadəsi olmayıb. “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son hesabatına görə, hazırda ölkədə 375 nəfər siyasi məhbus var.
Azərbaycan hökuməti hələ ki, bu hesabatla bağlı rəsmi açıqlama verməyib, amma indiyədək insan hüquqları ilə bağlı tənqidi hesabatları qəbul etməyərək onları “böhtan” və “qərəz” kimi qiymətləndirib.