ABŞ-da Azərbaycana sanksiya tələb edənlərin sayı artır

ABŞ Konqresi. Foto: Reuters

Daha 7 konqresmen 44 azərbaycanlı məmura sanksiya tələb edir

ABŞ Konqressində Nevadadan olan demokrat Dina Titusun Azərbaycana qarşı olan sanksiya layihəsinə daha 7 nəfər dəstək verib.

Bu barədə “Turan” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Azərbaycana qarşı sanksiyalar haqqında akt-2024-cü il” – Qarabağ müharibəsindəki roluna və insan hüquqlarının pozulmasına görə 44 azərbaycanlı yüksək vəzifəli məmura qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi bir ay əvvəl ABŞ Konqresinə təqdim olunub:

“Bu cür ilk qanun layihəsi (HR8141) aprelin 26-da demokrat Dina Titus və 24 digər həmmüəllif tərəfindən təqdim edilib, hazırda onların sayı 31-ə yüksəlib”.

“Təşəbbüsə qoşulanlar arasında demokratlar Daniel Qoldman, Mayk Kuiqli, Anna Eşu, Linda Sances, Cudi Çu, Lori Trehan və respublikaçı konqresmen Mişel Stil də var.

Təqdim edildikdən sonra qanun layihəsi Konqresin Xarici İşlər və Hüquq Komitəsinə verilib, lakin hələlik heç bir tədbir görülməyib”,-deyə agentlik əlavə edib.

Eyni zamanda, qeyd olunub ki, layihə qəbul edilərsə, Konqres Bayden administrasiyasından həmin  44 azərbaycanlı məmurun müharibədə iştiraka və Azərbaycanda siyasi müxalifətə qarşı amansız repressiyalara görə “Maqnitski qanunu” ilə müəyyən edilmiş sanksiyalara məruz qalıb-qalmayacağını 180 gün ərzində təsdiqləməsini tələb edəcək.

Siyahıda 44 nəfər – Prezident Administrasiyasının üzvləri, güc strukturlarının nümayəndələri, o cümlədən ordu rəhbərliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və digər qurumlar var.

Mayın 7-də Milli Məclisin üzvü Zahid Oruc Azərbaycanı ABŞ Konqresinin sanksiyalarından qorumaq üçün təkliflə çıxış etmişdi.

Zahid Oruc bildirmişdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanı Bakıya dəvət etməklə sanksiyaların qarşısını almaq olar:

Bununla da siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlansın”.

Onun sözlərinə görə, ABŞ Konqresində sanksiyalar ideyası 1992-ci ildə 907-ci düzəlişə təşəbbüs göstərən qruplardan gəlir.

Ana səhifəSiyasətABŞ-da Azərbaycana sanksiya tələb edənlərin sayı artır