ABŞ Apelyasiya Məhkəməsi “Azadlıq” və “Amerikanın səsi” radiolarının əleyhinə qərar verib

Mənbə: Reuters

Məhkəmə xəbər qurumlarının fəaliyyətini bərpa etməsinə icazə verən aşağı instansiyanın qərarını dayandırıb

ABŞ Apelyasiya Məhkəməsi “Azad Avropa/Azadlıq” radioları (RFERL) və digər xəbər qurumlarına fəaliyyətini bərpa etməsinə icazə verən qərarı dayandırıb.

Vaşinqtondakı üç hakimdən ibarət Kollegiyanın 1 may və eyni Kollegiyanın 3 may tarixli müvafiq qərarı “Azad Avropa/Azadlıq” radiolarının büdcəsinin, eləcə də material dərc etməyə və yayımlamağa davam etmək qabiliyyətini sual altına qoyur.

Aprelin 29-da ABŞ dairə hakimi Roys Lambert “RFERL”-in xeyrinə müvəqqəti məhdudlaşdırıcı qərar (TRO) çıxarıb, Konqresin ayırdığı pulun bir qisminin ayrılmasını istəyib.

Mayın 1-də Kolumbiya Dairəsi üzrə ABŞ Apelyasiya Məhkəməsinin qərarında isə Lambertin çıxardığı hökmün icrasına fasilə verilib.

Hakimlər kollegiyası bildirib ki, məhkəmədə ABŞ Qlobal Media Agentliyini (USAGM) təmsil edən ABŞ Ədliyyə Departamenti hüquqşünaslarına təcili vəsatətlərini dinləmək üçün “kifayət qədər fürsət” tanımaq istəyir.

“Azad Asiya” radiosu mayın 9-da işçilərinin, demək olar, hamısının, o cümlədən məcburi məzuniyyətə göndərilənlərin işdən çıxarılacağını bildirib.

“Azadlıq” radiosu isə büdcə sıxıntılarından dolayı artıq işçilərinin bir qismini məzuniyyətə göndərib, frilans müqavilələrini ləğv edib.

“Amerikanın Səsi”nin (VOA) durumu daha qarışıqdır. Hakim Lambert aprelin 22-də “VOA” əməkdaşlarının işə bərpası üçün “lazım olan bütün addımları atmaq” əmri verib.

Mayın 2-də USAGM yüzlərlə işçiyə e-mail göndərək onları növbəti günlərdə işə dönməyə hazır olmağı tapşırıb. Mayın 3-də isə “RFERL”-in işinə baxan məhkəmə heyəti Lambertin qərarına fasilə verib, onun “VOA” işçilərinin işə qayıtmasına göstəriş verməyə yurisdiksiyasının olmadığını bildirib.

Bu qərarın “Azadlıq” radiosu üçün də hüquqi nəticələri ola bilər, hazırda onun məhkəmə iddiasına baxılır.

Trampın USAGM-i bağlamaq səylərinə nəzarət üçün təyin etdiyi Keri Leyk “X” postunda apelyasiya məhkəməsinin qərarını alqışlayıb:

“Görünür, Dairə Məhkəməsi hakimi agentliyi istədiyi kimi idarə edə bilməyəcək”.

“Azadlıq” radiosu 2025-ci büdcə ili üçün pulunun qalan hissəsinə əldə etməyə çalışır.

Federal məhkəmə aprelin 22-də Tramp administrasiyasının “Amerikanın Səsi” (Voice of America), “Azad Asiya Radiosu” (Radio Free Asia) və “Yaxın Şərq Yayım Şəbəkələri” (Middle East Broadcasting Networks) kimi hökumət tərəfindən maliyyələşdirilən media orqanlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı qərar çıxarıb.

ABŞ-nin federal dairə hakimi Roys Lambert ABŞ Qlobal Media Agentliyinin (USAGM) bağlanmasından təsirlənən işçilər və podratçılar tərəfindən məhkəmədə qaldırılan altı işə baxıb. Hakim administrasiyaya işçiləri və podratçıları öz vəzifələrinə bərpa etmək və bu media qurumunun yayımını davam etdirmək üçün “bütün zəruri tədbirləri görmək” barədə qərar çıxarıb.

Lambert yayımın gələcəyi ilə bağlı hələ yekun qərar verilmədiyi və iddialara işdən çıxarılan əməkdaşlarla “əmək mübahisələri” çərçivəsində baxılmalı olduğu barədə USAGM-in məhkəmədəki arqumentlərini rədd edib.

“80 illik qabaqcıl xəbər xidməti olan VOA-nın tamamilə susdurulduğu və geri qayıdacağına dair heç bir əlamətin olmadığı bir şəraitdə USAGM-in hələ də “mövcud” olduğuna inanmaq çətindir”, – hakim Lambert bildirib.

Hakim həmçinin vurğulayıb ki, Tramp keçən ay ABŞ hökumətinin maliyyələşməsini təmin edən müvəqqəti büdcə qanununu imzalayıb, bu qanunla USAGM üçün maliyyə vəsaiti ayrılıb. Lambertin sözlərinə görə, Tramp xərclər haqda qanun layihəsinə veto qoymayıb və ya Konqresdən bu maliyyələşmənin ləğvini tələb etməyib.

USAGM-in 2024-cü ildə təxminən 3 min 500 işçisi və 886 milyon dollar büdcəsi olub.

Ana səhifəDünyaABŞ Apelyasiya Məhkəməsi “Azadlıq” və “Amerikanın səsi” radiolarının əleyhinə qərar verib