Abır-həya, ağıl-dərrakə

Foto: Meydan TV

Yazar: Zərdüşt Əlizadə

Deyəsən, Yer kürəsində bəşəriyyətin mövcudluğuna ucadan “Fatihə” deməyin vaxtı yaxınlaşır

Fərdlər və toplumlar arasında hakimiyyət və sərvət uğrunda mübarizə kəskinləşir.

Bu mübarizə çox vaxt qanlı müharibəyə çevrilir, necə ki, Azərbaycanla Ermənistan və Rusiya ilə Ukrayna öz ixtilaflarını sözlə deyil, güllə və mərmi ilə həll edirlər. Bu iki müharibə üzdə olanlardır, dünyanın müxtəlif yerlərində onlarla qanlı münaqişə aramsız olaraq davam etdiyindən, bəşəriyyət onları sanki unutmuşdur.
Dünyada kimin yadına indi düşür ki, Somalidə vətəndaş müharibəsi neçə ildir fasiləsiz davam edir?

Kim deyər Yəməndə vətəndaş müharibəsinin neçə yaşı var?

Suriyada və Liviyada insanlar bir-birini neçə ildir öldürür?

Myanmada vətəndaş qarşıdurmasında hər ay neçə binəvanı öldürürlər?

Necə deyərlər, “və sair və ilaxır”.

Düşünməyin ki, “iş çatdı ölüb-öldürməyə” yalnız geridə qalmış xalqlara aid olan üsuldur və səbəbi odur ki, bu xalqlara öz ixtilaflarını sözlə, məntiq və sübutla çözməyə nə abır-həya, nə də ağıl-dərrakə imkan verir. Xeyr, təəssüf ki, dünyada öz mədəniyyəti ilə fəxr edən bir çox xalq və dövlət cox vaxt nə abır-həya, nə də ağıl-dərrakə nümayiş etdirir.

Yadınızdan çıxmayıb Amerika Birləşmiş Ştatları özünün Əfqanıstanda 20 il apardığı müharibəni nə vaxt və necə biabırçılıqla qurtardı?

Səbəb barədə çox da baş sındırmağa dəyməz. İki səbəb var. Əvvəla, sərvət azdır, insan çox. Saniyən, insanların çoxunda nə abır-həya, nə də ağıl-dərrakə var.

Birinci səbəb haqqında bunu deyə bilərəm: 1950-ci illərin sonunda oxuyanda ki, Yer kürəsində 3 milyard insan yaşayır, öz uşaq ağlım ilə bu sayın böyüklüyündən sarsılmışdım. Düşünmüşdüm ki, bəşəriyyətin ağlı və dərrakəsi yəqin çatar ki, bu sayın daha da artmasına imkan verməsin.

Bu günlərdə BMT xəbər verdi ki, Yer kürəsinin əhalisinin sayı 8 milyarda çatıb. Maşallah, bəşəriyyətin ağlına və dərrakəsinə! Bir insanın ömrü boyu artım beş milyardı üstələyib!

Keçək ikinci səbəbə, yəni abır-həya çatışmazlığına.

Abır-həya o deməkdir ki, insan özündən savayı bu dünyada başqa insanların da yaşadığını, onların da nəyə isə haqqının çatdığını bilsin və düşünsün ki, bu sadə həqiqəti bilməmək və ya sanki bilməyirmiş kimi davranmaq ayıbdır. Bax, bəşər övladının əksəriyyətində bu məfhum yox dərəcəsindədir.

Daha doğrusu, elə az sayda xalq var ki, bu xalqların fərdləri elə uşaq vaxtlarından dəqiq bilirlər: bu dünyada onlardan başqa da insanlar yaşayır və onların hüququ heç də əskik deyil. Lakin belə insanlar və xalqlar çox, çox azdır.

Mən şəxsən öz qısır bilik və təcrübəmlə Skandinaviya və Baltikyanı ölkələrin xalqlarını belələrinə aid edirəm.
Öz xalqımda da beş-on nəfər tanıyıram ki, həyatları boyu abır-həya məfhumunu unutmayıblar. Lakin səd heyf ki, cəmi beş-on nəfər.

Ola bilsin ki, onların sayı qat-qat artıqdır, hətta ola bilsin, milyondur. Elə isə mənim bəxtim gətirməyib, mən onları görməmişəm, tanımamışam, günah mənim özümdədir.

Gördüklərimin mütləq əksəriyyətində nə abır-həya, nə də ağıl-dərrakə görmüşəm. İnanın ki, həyatım boyu minlərlə insanla təmasım olub.

Elə bu səbəbdən gördüyünüz kimi yaşayırıq.

YAP üzvü bu sətirləri oxusa, kükrəyib qəzəblənəcək və hikkə ilə soruşacaq ki: “Bizə nə olub ki?” Mən isə cavabında qısaca deyəcəyəm ki:”Canına azar olub, bu mətləb sənlik deyil, kiri otur, hakimiyyətin verdiyindən nuş elə”.

Bizdə indi Fransanın adı gələndə hamının qarnı sancılanır. Amma insaf xatirinə, Fransa tək Makron və senatorlar deyil, bu xalqın külli-əhli-dünya qarşısında danılmaz xidmətləri var.

Birini də mən sizə məsləhət görüm. Bir fransız fotoqrafı və rejissoru “Ev” adlı sənədli film çəkib. İstəsəniz, bu linklə baxa bilərsiniz:

Ümid edirəm ki, bu sənədli filmə baxan hər bir abrı-həyası və ağlı-dərrakəsi olan kəs dərin bir fikrə dalıb özünə belə bir sual verəcək: biz hara gedirik?

Yer kürəsində yaşayan 8 milyard insan özünə düşünmək əziyyəti vermədən yalnız əndazəsiz istehlak naminə çarpışır və nəticədə özünün yeganə məskəni olan planeti məhv edir. Bu bağışlanılmaz cinayətin faciəvi aqibəti barədə yüzlərlə alim xəbərdarlıq edir, həyəcan təbili və ya zəngi çalır, qışqırır, bağırır, söyür, ağlayır… Kimə deyirsən? Bəşəriyyətin abırsız-həyasız və ağılsız-dərrakəsiz əksəriyyəti özünün yeganə bənzərsiz beşiyini, evini və məskənini inadla və anlaqsız bir tərzdə məhv edir.

Bizdən uzaq dünyadan yazıb zəhlənizi mücərrəd fikirlərlə tökmək istəmirəm. Ətrafımız xalqımızın fərdlərinin bir-birinə və ana vətənimizə yad və düşmən münasibətinin təzahürləri ilə doludur. Biri barəsində neçə ildir gəncəli fəal Aslan Vəliyev car çəkib haray salır, bütün rəsmi və qeyri-rəsmi ünvanlara müraciət edir. Yazıb xəbər verir ki, Hacıkənd ətrafında meşələr qırılır, Qaxda örüşlər şumlanıb məhv edilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabineti öz səlahiyyətlərini unudub bu barbarlığa göz yumur. Neçə ildir yazır, müraciət edir.

İndoneziyanın, Braziliyanın, Keniyanın, Haitinin, Madaqaskarın, Rusiyanın müvafiq hakimiyyət qurumları təbiəti məhv edən cinayətkarların qarşısını ala bilirlərmi? Və ya almaq istəyirlərmi?

Yox. Bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bizim analoqu olmayan Nazirlər Kabineti də həmçinin, vətəndaş Aslan Vəliyevin bu həyəcan çağırışlarına əsla məhəl qoymur.

Onlar bu abırsız-həyasız və ağılsız-dərrakəsiz dünyada kimdən əskikdirlər? Heç kimdən. Onlar Yer kürəsini məhv edən amansız və anlaqsız qlobal məmur mexanizminin üzvi hissələridir. Onlar bəşəriyyətin yaxın müdhiş gələcəyini görməyə, anlamağa qadir deyil.

Deyəsən, Yer kürəsində bəşəriyyətin mövcudluğuna ucadan “Fatihə” deməyin vaxtı yaxınlaşır.
Macal olacaqmı?

Ana səhifəMənim FikrimcəAbır-həya, ağıl-dərrakə