40 ailə jurnalistə görə prezidentə müraciət edib

Cəmil Məmmədli. Mənbə: Media Hüququ İnstitutu

Sakinlər Cəmil Məmmədliyə qarşı təzyiqlərə son qoyulmasını xahiş edirlər

Xaçmazın Xudat kəndindən 40 ailə jurnalist Cəmil Məmmədliyə basqılarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Onlar jurnalistə qarşı təzyiqlərə son qoyulması üçün ölkə rəhbərliyindən kömək istəyiblər.

Müraciət İlham Əliyevin “xoşagəlməz, neqativ, qanunlara zidd hallarla qarşılaşdığınız zaman bu haqda mənə məlumat verin. Belə hallara qarşı sərt mübarizə aparılacaqdır” cümlələri ilə başlayır.

Ailə başçıları bildirirlər ki, jurnalist Cəmil Məmmədli Xaçmaz rayonunda və ümumilikdə regionda baş verən qanunsuzluqları, neqativ, xoşagəlməz halları işıqlandırır:

“Xaçmazda, eləcə də rayonun kəndlərində bir nəfər tapılmaz ki, jurnalistə qarşı mənfi fikirdə olsun. Bir sözlə o, çətinliyi olan hər bir rayon sakininə dəstək göstərməyə çalışır. Son zamanlar Cəmil Məmmədliyə qarşı şantaj xarakterli əməllərə yol verilir”.

Jurnalistin daim peşə fəaliyyətini yerinə yetirdiyini, hər hansı qanunsuz əmələ yol vermədiyini, ona qarşı təzyiqlərin də məhz bundan qaynaqlandığını vurğulayan sakinlər ölkə rəhbərliyindən Cəmil Məmmədliyə qarşı təzyiqlərin qarşısınan alınmasında kömək göstərməsini xahiş ediblər.

Cəmil Məmmədli şimal rayonlarında fəaliyyət göstərən jurnalistdir.

Əvvəllər “Azadlıq” Radiosunun əməkdaşı olan jurnalist hazırda müstəqil fəaliyyət göstərir.

O, bir müddət əvvəl Quba rayon icra hakimiyyətinin başçısının şikayəti üzrə təhqirə görə islah işləri cəzasına məhkum olunub.

2023-cü ilin əvvəlində isə ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb.

Jurnalistə həmçinin xuliqanlığa görə cinayət işi açılıb.

Jurnalist bütün ittihamları rədd edir, bütün təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirir.

Ana səhifəBölgə40 ailə jurnalistə görə prezidentə müraciət edib