“Tədqiqatçı “Bu boyda əməliyyatı 300 qrama görə qurmuşuq” desək, bizi məhv edərlər”, – dedi və evimə kilolarla marixuana qoydu”
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Məmmədov Ülvi Vahid oğlu ona qarşı açılan cinayət işi üzrə istintaqın natamam, qeyri-obyektiv və qərəzli aparıldığını bildirir və istintaqın yenidən başladılmasını tələb edir.
Ülvi Məmmədov Cinayət Məcəlləsinin 32.5 (bu maddə cinayətin törədilməsində iştirakı nəzərdə tutur), 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ititham olunur.
Aşağıda sizinlə Ülvi Məmədov tərəfindən onun saxlanması, haqqında cinayət işinin açılması, istintaqın aparılması ilə bağlı bizə ötürülən detalları paylaşırıq.
Onun Meydan TV-yə verdiyi məlumata görə, barəsində ittiham aktını tərtib edən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BNMİ) İstintaq İdarəsinin baş müstəntiqi polis mayoru Arazlı Toğrul Sevindik oğlu, işi başladan müstəntiq isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində işləmiş sabiq baş müstəntiq Yusifov Yusif Aslan oğludur.
İttiham aktında deyilir ki, Ülvi Məmmədov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 may 2024-cü ildə saxlanılıb. Saxlanmaya səbəb kimi onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat göstərilib.
Ülvi Məmmədov tədqiqatçı Anar Aslanov tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 1 iyun 2024-cü ildə ona Yusif Yusifov tərəfindən CM-in 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Nərimanov Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
1 avqust 2024-cü ildən ibtidai istintaqın aparılması Toğrul Arazlıya həvalə edilib.
25 sentyabr 2024-cü ildə ibtidai istintaqın müddəti daha 3 ay uzadılıb (30 dekabr 2024-dək).
16 dekabr 2024-cü ildə Ülvi Məmmədovun əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilib.
16 dekabr 2024-cü ildə həbs qətimkan tədbiri 30 yanvar 2025-ci il tarixinədək uzadılıb.
Saxlanmanın tarixçəsi
Ülvi Məmmədovun sözlərinə görə, o, 30 may 2024-cü ildə axşam evdə birgə yaşadığı qızla oturarkən birdən evin işığı sönüb. İşığa baxmaq üçün evin qapısını açıb, həmin an evinə 15 nəfər maskalı və silahlı şəxs soxulub.
Məmmədovun sözlərinə görə, marixuana istifadəçisi olsa da, satışı ilə məşğul olmayıb. Onun üzərində yalnız 300 qram narkotik olub, digər narkotik vasitələri isə polislərin özü yerləşdirib. Evdən ümumilikdə 29 kq 582.899 qram marixuana “aşkar edilib”.
Polis onu təhdid edərək, qalan narkotikin də ona məxsus olduğunu boynuna almayacağı təqdirdə birgə yaşadığı qadının da həbs olunacağını deyib.
“Zorakılıq olmayıb, ancaq qızla məni qorxudublar ki, qızı sənə “podelnik” qoşacağıq. Qızın da 2 uşağı var, kişilik olmazdı onu bura özümlə gətirmək, ona görə nə dedilər, dedim yaxşı”, – Ülvi Məmmədov bildirir.
Onun sözlərinə görə, evində məhkəmə qərarı və mülki şahidlərin iştirakı olmadan axtarış aparılıb. Axtarış zamanı üzərində 300 qram marixuana aşkar edilib, o da istintaqla səmimi əməkdaşlıq edərək, marixuana istifadəçisi olduğunu etiraf edib. Bunun kifayət etmədiyini bildirən tədqiqatçı
“Bu boyda əməliyyatı 300 qrama görə qurmuşuq” desək, bizi məhv edərlər”, – deyib və evinə kilolarla marixuana qoyub.
Ülvi Məmmədov onu da bildirir ki, ibtidai istintaq zamanı ondan izahat və ifadələr təzyiq və təhdid altında alınıb.
İttiham aktına görə, Ülvi Məmmədov Seyid adlı İran vətəndaşı və digər şəxslərə naməlum vaxtda və şəraitdə dəniz vasitəsilə 29 kq 584.549 qram narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinə kömək edib.
Ülvi Məmmədovu evdən BNMİ-nin inzibati binasına gətiriblər. Gəldikdən sonra birgə yaşadığı qadının da ora gətirildiyini görüb. Əməliyyatçılar narkotikin evdən çıxdığı üçün həmin qadının da məsuliyyət daşıdığını bildiriblər. Polis əməkdaşları ona ancaq bir yolla kömək edə biləcəklərini deyiblər. Ona 4 büküm nəşə verəcəkdilər, o da həmin nəşəni götürüb cibinə qoymalı idi. Bundan sonra başladılan videoçəkiliş zamanı da Məmmədov yaşadığı evin yaxınlığında tutulduğunu, marixuananın ona məxsus olduğunu, yaşadığı ünvanda da marixuana olduğunu deməli idi. Həmin bu “sözləşməyə” görə, polislər gedib onun yaşadığı ünvana da marixuana qoymalı, Məmmədov isə çəkiliş zamanı evdə tapılan nəşənin də ona məxsus olduğunu deməli idi.
“Marixuananı necə evə qoydular, görmədim. Çünki bizi gətirdilər idarəyə, guya yolda şübhəli şəxs kimi saxlayıblar bizi. Həmin vaxt bir qrup evdə qalmışdı, o “paykavoy” vəkili (hakimiyyətin formal olaraq tutduğu vəkil – red.) çağırdılar. Çəkiliş başladı, cibimdən 20 qram çıxardılar və sual verdilər ki, bundan başqa narkotik vasitə varındı? Mən də cavab olaraq deyirəm – hə, evdə də varımdı. Deyir: “Evə girib baxış keçirməyə icazə verirsən?”. Deyirəm – heç bir problem yoxdu, gedək. Beləliklə, tərpənirik evə.
Biz evə gələnə kimi o evdəki qrup hər şeyi yerbəyer eləmişdi. Gəldik evə, 2 “meşok” evin ortasında marixuana.
Deyir – hardan almısan? Deyirəm – Pirşağıdan götürmüşəm. 300 qramı hardan götürmüşdüm, guya ki, 30 kq ordan götürmüşəm”, – Məmmədov danışır.
Şikayətçinin sözlərinə görə, polis əməkdaşları ona Cinayət Məcəlləsini açıb, evdən çıxan marixuananın “könüllü təhvil vermə” hesab olunduğunu ona göstəriblər. Buna görə də evdən çıxan nəşəyə görə məsuliyyət daşımayacağını, yalnız üzərindən çıxan 4 büküm nəşə ilə sənədləşdirilib məsuliyyətə cəlb edəcəklərini deyiblər. Birlikdə saxlanıldığı qadını da buraxacaqlarına söz veriblər. Bundan sonra dedikləri qaydada çəkiliş ediblər və çəkiliş zamanı o narkotiki təqdim edib, özünə məxsus olmasını və İran vətəndaşı tərəfindən Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisinə göndərildiyini, onu da həmin yerdən götürdüyünü deyib.
Məmmədov bildirir ki, həqiqətən də onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra qadın sərbəst buraxılıb.
Bununla belə, istintaq orqanının tərtib etdiyi sənəddə qeyd olunur ki, Ülvi Məmmədov 31 may 2024-cü ildə Abşeron rayonu, Gənclər şəhərciyi yaxınlığında yaşadığı qadınla birlikdə piyada gedərkən onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib və xidməti vəsiqələrini göstərməklə BNMİ-nin inzibati binasına dəvət ediblər. İdarədə üzərinə baxış keçirilən zaman narkotik vasitələr aşkar edilib.
Həmin sənədə əsasən, Ülvi Məmmədov özü yaşadığı ünvanda da narkotik vasitələrin olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, polis tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalmadığını bildirib. Polis əməkdaşlarının vəkilin iştirakı ilə axtarış apardıqları da bildirilir.
“Evdə axtarış zamanı özlərinin “paykovoy” vəkili olub. Onun gözünün qabağında bütün işlər olub, heç bir iş görməyib, ağzına su alıb, durmuşdu. Mən də imtina elədim ondan, indi yaxşı vəkilim var, anam tutub”, – Ülvi Məmmədov deyir.
Ülvi Məmmədov ona qarşı irəli sürülən ittihamların saxta olduğunu, özünü yalnız CM-in 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) təqsirli bildiyini deyir. 300 qramın ona məxsus olduğunu etiraf etsə də, qalan narkotikin təhdidlə qəbul etdiyini bildirir.
“İşim Sumqayıt Ağır Cinayətlərdədir, 2 dənə proses oldu, 4 aydır məhkəməm olmur, hakimlər götürmür mənim işimi”, – Ülvi Məmmədov deyir.
O, əsassız ittihamlara görə bir neçə dəfə intihara cəhd etdiyini də qeyd edir:
“May ayının 17-si bütün bədənimi doğramışam, indi də özümə qəsd etməyin başqa yollarını axtarıram, istəyirəm özümü yandıram”.
Yazıda adı hallanan şəxslərlə əlaqə saxlamaq cəhdimiz baş tutmadığı üçün münasibət öyrənə bilmədik.