28 Mayda atəşfəşanlıq…

Mənbə: Meydan TV

Rövşən Hacıbəyli

Fişənglər Cümhuriyətin şərəfinə atılmırdı

28 May Azərbaycan tarixində ən şanlı, qürurverici, millət olaraq varlığımızı sübut edən, imzalar içində imzamızın göründüyü gündür. Qurucu babalarımız bu gündə üçrəngli müqəddəs bayrağımızı qaldırıblar və onu bizə əmanət ediblər, o bayrağı enməyə qoymamağı tapşırıblar bizə. Hər il bu gün ölkə boyu küçə yürüşləri, nümayişlər, mitinqlər, aksiyalar keçirmək, şadyanalıq etmək bizim qurucu babalar, o günü bizə əmanət edən kişilər qarşısında həm də borcumuzdur. Çox təəssüf, bu borcumuzu layiqli şəkildə verməyə gücümüz, iradəmiz yoxdur…

Ancaq bu gün yalnız bir kənddə – Novxanıda qeyd edilir, onu da hər il çox böyük basqılar, hakimiyyətin yeni-yeni sürprizləri altında kiçik bir qrup qutlayır. Məsələn, bu il Milli Şura və AXCP tərəfdarlarının birgə keçirdiyi aksiyaya polis müdaxiləsində yenilik vardı. Aksiyaçılar yürüşlə heykələ doğru irəliləyən vaxt PPX maşınlarını onların üstünə sürmək əmri verildi. Eyni zamanda aksiyaçıların arxasınca yenə PPX, yük maşınları, traktorlar, iki evakuator hərəkət edirdi. Məqsəd açıq şəkildə aksiyaçıları sıxışdırmaq, qəzəbləndirmək, provokasiyaya çəkmək, qarışıqlıq salmaq idi. Çünki kolonu həm öndən, həm də arxadan sıxışdırır, səsgücləndiricilərlə hay-küy yaradır, adamları yoldan çıxmağa məcbur edirdilər. Elə də işlək olmayan həmin yoldan gün ərzində keçən maşınların sayı qədər maşını bir neçə dəqiqənin içində polis ora cəlb etmişdi. Açığı, çox iyrənc mənzərə idi…

Əslində, başqa cür, elə polislər də əllərində gül dəstələri o adamlarla birgə olmalıydı, onlarla yanaşı addımlamalıydı, hətta çıxış etmək istəyənə belə söz verilməliydi. Çünki bu, Cümhuriyətimizin, sənin, mənim, onun… bayramıdı. Müstəqillikdən daha çox yararlanan, sadə vətəndaşlardan yaxşı dolanan, imtiyazları olan həm də  polislərdir. Ancaq ölkədə fərqli durum yaradılıb, sanki polis xalqdan deyil, kosmosdan gətirilmiş qoluzorlu əcaib varlıq, millətin düşmənidir.

Xatırlayırsınızsa, 2018-ci ildə – Cümhuriyətin 100 illiyində də polis dinc aksiyaçılara qarşı zorakılıq etdi. Həmin vaxt aksiyanın təşkilatçılarından olan Azər Qasımlı və bir neçə nəfər həbs edildi. Niyə? Ölkəsinin 100 illik bayramını dinc şəkildə başqalarıyla birgə qutladığı üçün. Həbsin rəsmi səbəbi isə onun “küçədə ünvansız söyüş söyməsi” idi. Onda bizi – aksiyaçıları bayram gəzintisi üçün bulvara buraxmadılar, Natəvanın heykəli yanında qarşımızı kəsib geri qaytardılar, sonra dağılışmaq üçün əllərindən gələni etdilər.

Builki 28 May fərqli oldu Azərbaycanda. Bəli, Cümhuriyət Gününü kiçik dəstələrlə bir kənddə keçirən adamlara qarşı hədsiz qəzəb, nifrət vardı polislərdə, polis rejimi yaradan hakimiyyətdə. Ancaq elə həmin gün adamlar heç bir problemsiz, qorxusuz-ürküsüz dəstələrlə küçələrə axışdılar, həm də şəhərin mərkəzində, regionlarda belə. İctimai asayişi də pozdular, yolları da kəsdilər, maşınların hərəkətinə də mane oldular, buna baxmayaraq, onların qarşısına nə PPX, nə Daxili Qoşunlar, nə də ordu çıxarıldı. Onlar siqnal verə-verə, şüarlar səsləndirə-səsləndirə, paytaxt sakinlərinin rahatlığını poza-poza istədikləri qədər şəhərdə dolandılar. Ölkəyə gətirilməsi və satışı qadağan edilən fişənglər də atdılar. Fişəngdən yaralanan da oldu… Onlar öz ölkələrində Cümhuriyət Gününü yox, Türkiyədə seçkidə qələbə qazanan Rəcəb Tayyib Ərdoğanın “zəfərini” bayram edirdilər. Heç bir ölkədə belə utancverici hərəkət kimsənin ağlına gəlməz. Ancaq azərbaycanlılar Bakı küçələrində bunu etdilər, 21 ildir hakimiyyət kreslosundan yapışıb onu buraxmaq istəməyən birinin şərəfinə şüarlar deyə-deyə oynadılar. Təhsilsiz, manqurtlaşdırılmış cəmiyyət çalınan bütün havalara həvəslə oynayır, nəyə, hansı gününə oynadığını bilmədən…

Fotolar: müəllifindir

Yeri gəlmişkən, Bakıda, 28 Mayda gecə adamlara sərbəst toplaşmaq azadlığı verilməsi səbəbsiz deyildi. Hakimiyyətdəkilər də Türkiyədəki seçkinin nəticələrinə sevinirdi. Yada salaq, birinci turda – 14 may seçkisində, nəticəni gözləmədən İlham Əliyev gecə saat 03.30-da Ərdoğana zəng vurub onu qələbə münasibəti ilə təbrik etmişdi, baxmayaraq ki, seçki ikinci tura qalmışdı. Mayın 28-də isə zəng daha tez – axşam saat 21.05-də olmuşdu. 22.45-dəsə bizim, yəni xalqın adından Ərdoğana təbrik yazılmışdı: “Yenidən qazanılan qələbə münasibətilə…”.

Cümhuriyət Günümüz qutlu olsun!

Ana səhifəMənim Fikrimcə28 Mayda atəşfəşanlıq…