12 min manatlıq mübahisə: Mebel ustası ödəniş ala bilmədiyini deyir, sifarişçi isə onu fırıldaqda suçlayır

Source: Meydan TV

Mebel ustası Elmir Abdullayev Bakıda yerləşən “Qarabağ” idman zalında gördüyü işə görə ona ödənilməli olan 12 min manat qalıq borcu ala bilmədiyini iddia edir.

Vətəndaşın Meydan TV-yə verdiyi məlumata görə, o, 2025-ci ilin əvvəlində memar Orxan Quliyevlə ümumi dəyəri 30 min manat olan mebel işlərinin görülməsi barədə razılığa gəlib.

Ustanın iddiası: “İş görülüb, pul ödənilmir”

Usta bildirir ki, işləri tam təhvil versə də, məbləğin yalnız bir hissəsini ala bilib:

“Orxan memar olmaqla yanaşı, həm də idmançıdır və zalın sahibi, idmançı Yusif Nurullayevin yaxın adamıdır. İş yekunlaşandan sonra mənə 18 min manat ödədi, qalan 12 min manatı isə büdcənin olmadığını bəhanə edərək vermədi. Dəfələrlə əlaqə saxlayıb, pulumu tələb etsəm də nəticəsi olmadı”.

Memarın cavabı: “İş keyfiyyətsizdir, ziyan vurulub”

Qarşı tərəf, memar Orxan Quliyev isə ittihamları rədd edərək ustanın işini qeyri-peşəkar adlandırır. Onun sözlərinə görə, ödənilən 18 min manat qarşılığında heç bir normal iş görülməyib:

“Bu adam məni aldadıb, işi çox keyfiyyətsiz görüb. Mənim ona verdiyim 18 min manatı mənimsəyib, əksinə, obyektə ziyan vurub. Buna görə də onu işdən uzaqlaşdırdım. Digər ustalar tərəfindən aparılan smeta yoxlaması da təsdiqlədi ki, görülən işin keyfiyyəti normadan qat-qat aşağıdır”.

Hüquq-mühafizə orqanlarına müraciət nətisəsiz qalıb

Elmir Abdullayev keyfiyyətsiz işlə bağlı ittihamları əsassız sayır və məsələnin hüquqi müstəvidə həllinə çalışdığını bildirir. O, Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə müraciət etdiyini, lakin hələlik heç bir nəticə almadığını vurğulayır.

“Daxili İşlər Nazirliyi şikayətimi Xətai Rayon Polis İdarəsinə yönləndirdi. Orxan da mənə dedi ki, Xətai Rayon Polis İdarəsində “öz adamları var” və mən heç nə edə bilməyəcəyəm. Doğrudan da heç bir tədbir görülmədi. Kredit götürərək bu işi görmüşəm, hazırda isə həm borc, həm də maddi ziyan içindəyəm”. 

Şikayətçi deyir ki, məsələ ilə bağlı Prezident Adminstrasiyasına, Baş Prokurorluğa və Ombudsmana müraciət edib.  

“Müraciətlərim də birmənalı olaraq Xətai Rayon Polis İdarəsinə və Xətai Prokurorluğuna yönləndirilir. Hər dəfə də bu qurumlara zəng edəndə deyirlər ki, işinizə baxılır. Üzərindən az qala bir il keçib, nəyə baxılır, nə hesablanır, nədir bilmirəm”.

Qarşı tərəf Orxan Quliyev isə deyilənləri rədd edir:

“Vəsaitimi mənimsədiyi halda, hələ bir məndən polisə şikayət də edir. Mən əlimdəki sübutlarla polisə gedirəm və haqlı olduğumu sənədlərlə göstərirəm. Davamlı narahatlıq yaratdığına görə etdiyim şikayət əsasında artıq həmin şəxs barəsində qanuni tədbir görülüb”.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Ana səhifəSosial12 min manatlıq mübahisə: Mebel ustası ödəniş ala bilmədiyini deyir, sifarişçi isə onu fırıldaqda suçlayır