”1 ildən çoxdur qazanımızda ət qaynamır”

Neftçala sakini çarəsiz durumda olduğunu deyir

Source:


Neftçala sakini çarəsiz durumda olduğunu deyir

“Yay gəlib, mövsüm meyvələri çıxıb, uşaqların ürəyi istəyir, alıb yedirdə bilmirəm. Dünyanın ən yoxsul ölkəsinin ən yoxsul məhəlləsində də belə yaşamırlar. Bəlkə 1 ildən çoxdur qazanımızda ət qaynamır. Ürəyim dərddən şişib… Kimə tökəsən dərdini? Məni işlə təmin eləsinlər, əlil olanda nə olar, əlim var, ayağım var, nə iş versələr, imtina etmərəm, təki hər axşam uşaqlarıma çörək aparım”.

Neftçalanın Söyüdlü kənd sakini Vüsal Tağıyev ikinci qrup əlildir. O, Meydan TV-yə danışır ki, əmək qabiliyyətli olsa da, illərdir işsizlikdən əziyyət çəkir. Deyir, rayonda ən çox gedib-gəldiyi yer Məşğulluq Mərkəzidir. Demək olar ki, hər gün qapısından içəri keçir, hər gün eyni sualı təkrarlayır və hər gün də “uyğun iş yoxdur” cavabını alır:

Burda işsizlikdir

“Yalandan deyirlər, rayonda işsizliyin sayı azalıb. Bilirsiz nə qədər işsiz var burda? Adamlar Məşğulluq Mərkəzinə gedib-gəlməkdən yorulublar. İşsiz kimi qeydiyyata dururlar, heç işsizlik müavinəti də verilmir. Mərkəz şəxsən məni neçə yerə göndərdi, ancaq hansına getdimsə, göndərişi alıb baxıb özümə qaytardılar, dedilər, nə vaxt iş olsa, çağırarıq. Vaxtilə rayondakı Qazçıxarma İdarəsində fəhlə işləmişəm. Ancaq səhhətimə görə öz ərizəmlə çıxdım, bir az müalicə olundum, sonra təkrar gedəndə işə götürmədilər, dedilər, bizə sağlam işçilər lazımdır. İki il əvvələdək idarə mənə hər ay 200 manat yardım edirdi, iki ildir ki, o da yoxdur”.

5 nəfərlik ailə, 52 manat pensiya…

Vüsal Tağıyev ikinci qrup əlil kimi vur-tut 52 manat pensiya alır. Ailə 5 nəfərdən ibarətdir – özü, həyat yoldaşı və üç azyaşlı övladı… Aldığı pulu böləndə heç adambaşına 10 manat düşmür. O, yaxından-uzaqdan ailənin durumuna acıyan insanların yardımı ilə dolandıqlarını deyir:

“Uşaqlar məktəbə getmir. Əyin-başları yox, qarınları ac, tez-tez təzyiqləri düşür, qan aşağı, üçündə də dəmir çatışmazlığı… Onları bu vəziyyətdə məktəbə necə buraxım? Ac başla dərs oxumaq olmur. Uşaqlar yemək istəyir. Ev başımıza dağılırdı, onun-bunun köməkliyi ilə dam örtüyü düzəldi, şükür, indi başımıza yağış tökmür”.

Vüsal Tağıyev aradabir kimlərinsə həyətində fəhləlik edir, 3-5 manat qazanır. Ancaq bu, ailəyə yetərli deyil.

9 aya 4584 iş yeri?…

Neftçala Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirilib ki, Mərkəzə işəgötürənlərin müraciəti çoxalıb. İşsiz vətəndaşlar vaxtaşırı işlə təmin olunur. Mərkəz işsiz kimi qeydiyyata alınanları işsizlik müavinətləri ilə təmin edir. Vüsal Tağıyevə gəlincə, mərkəzdən bildirildi ki, onun müraciətlərini bir daha araşdıracaq və işlə təmin olunması üçün nəzərdə saxlayacaq.

Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunur ki, ötən ilin 9 ayı ərzində rayonda 69 yeni müəssisə açılıb. 771 fiziki şəxs fəaliyyətə başlayıb. Mövcud müəssisə və təşkilatlarda 24, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda 5 olmaqla ümumilikdə 773 daimi yeni iş yeri açılıb. İşsiz və işaxtaran vətəndaşlar işlə təmin olunub. Rayonda aparılan tikinti-quruculuq və kənd təsərrüfatında mövsümü işlərə 3715 nəfər cəlb olunub.

Ümumilikdə rayon üzrə 4584 nəfər işlə təmin edilib. Yeni iş yerlərinin açılması üçün əlavə tədbirlər görülür. İşsiz Vüsal Tağıyev rəqəmlərə şübhəylə yanaşır. Onu bir sual maraqlandırır – kiçik bir rayonda ilin 9 ayı ərzində 4584 iş yeri açılıbsa, niyə işsizdir?..

Ana səhifəBölgə”1 ildən çoxdur qazanımızda ət qaynamır”