“Əsas nailiyyət regionda sabitlikdir”: Vaşinqton Sülh Sammitinə bir il sonra verilən qiymət

Əliyev, Tramp və Paşinyan Foto: Azərtac

JAMnews-un materialı

“Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh hamı üçün görünən və hiss olunan reallıqdır”, – Ermənistanın baş naziri Nikol Paşinyan 8 avqust hadisələrinə həsr olunmuş müraciətində bildirib.

Bir il əvvəl məhz bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tarixi Sülh Sammiti keçirilib. Yerevan və Bakı sülh sazişini paraflayıb, Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək, Ermənistan ərazisindən keçən tranzit marşrutu TRIPP (“Tramp marşrutu”) layihəsinə dair bəyannamə, həmçinin ABŞ-la bir sıra ikitərəfli sənədlər imzalayıblar.

Paşinyan bildirib ki, sülh sazişi “imzalanmağı və ratifikasiya olunmağı gözləyir”, TRIPP-in praktiki icrasına isə yaxın gələcəkdə başlanacaq və bu, “böyük regional və beynəlxalq hadisəyə” çevriləcək.

Baş nazir Ermənistan və Azərbaycan xalqlarını bu əlamətdar tarix, 8 avqust münasibətilə təbrik edib.

“Nəhayət, hisslərimizi alovlandırmayan, əksinə, sakitləşdirən bir günümüz var”, – o vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio da bəyanatla çıxış edərək, ötən il ərzində hər iki ölkənin nümayiş etdirdiyi “cəsarət və uzaqgörənliyi” xüsusi qeyd edib.

“Biz Cənubi Qafqazda davamlı və möhkəm sülhə doğru gələcək irəliləyişi gözləyirik”, – dövlət katibi bildirib.

Paşinyan Donald Tramp və İlham Əliyevlə telefon danışıqları aparıb.

Erməni analitiklər Vaşinqton sammitinin əsas nəticəsinin regionda sabitliyin bərqərar olması olduğunu bildiriblər.

Bununla belə, onlar müsbət irəliləyişlərdən danışarkən Bakının, məsələn, azərbaycanlıların qondarma “Qərbi Azərbaycan”a qayıdışı məsələsindəki “aqressiv gündəliyini” də nəzərə alıblar. Azərbaycanda Ermənistanın suveren ərazisinin demək olar ki, hamısı bu adla təqdim olunur.

Paşinyan həll olunmamış məsələlər və “sülhün dönməzliyinə” necə nail olmaq barədə

Paşinyan xalqa müraciətində bir daha Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu bildirib.

“Amma bu, əlbəttə, sülh gündəliyinin həyata keçirilməsi yolunda artıq son nöqtəyə çatdığımız anlamına gəlmir”, – o əlavə edib.

Baş nazirin sözlərinə görə, aşağıdakı məsələlər hələ də həll olunmayıb:

  • sülh sazişinin imzalanması və ratifikasiyası,
  • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası,
  • “soydaşlarımızın Azərbaycanda əsirlikdə qalması” (söhbət Bakı həbsxanalarında saxlanılan 19 erməni məhbusdan gedir).

Bununla yanaşı, o qeyd edib ki, 8 avqust 2025-ci il Ermənistan tarixini “bu tarixdən əvvəl və sonrakı” dövrlərə ayıran dönüş nöqtəsi olub. Baş nazir 8 avqusta qədərki mərhələni dalan, sonrakı dövrü isə “sonsuz perspektivlər” üçün imkan kimi xarakterizə edib.

Paşinyanın fikrincə, Vaşinqton sammitinin əsas siyasi və sosial-psixoloji nəticəsi “tariximizin sükanının yenidən öz əlimizə keçməsi” olub.

O, “Tramp marşrutu” layihəsinin həyata keçirilməsini də digər mühüm nəticə adlandırıb:

“Bu layihə ən yaxın gələcəkdə təkcə Ermənistanın blokadasına son qoymayacaq, təkcə Ermənistan və bütün region iqtisadiyyatının əsas dayağına çevrilməyəcək, həm də Ermənistanla Azərbaycanın bir-birini maneə kimi deyil, yol və qonşu kimi qəbul etməsinə kömək edəcək”.

Tranzit yolu öz adını vasitəçinin şərəfinə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adını alıb. Buna qədər Ermənistan və Azərbaycan hakimiyyətləri bir neçə il ərzində bu məsələ ilə bağlı razılığa gələ bilmirdilər.

Paşinyan ölkələr arasında bərqərar olmuş sülhün dönməz olması üçün Ermənistan və Azərbaycanda hansı addımların atılmalı olduğundan da danışıb:

“Dağlıq Qarabağ ermənilərinin geri qayıtmaq hüququ” və “Azərbaycandan olan erməni qaçqınların geri qayıtması” ilə bağlı müzakirələrə son qoymaq lazımdır. Azərbaycanda isə “Qərbi Azərbaycan və qərbi azərbaycanlıların geri qayıtmaq hüququ” barədə müzakirələr dayandırılmalıdır. Bu, gələcək nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə həm Ermənistanda, həm də Azərbaycanda həll olunmalı məsələdir”.

“Gələcək irəliləyişə ümid edirik” – Rubio

ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, son 12 ay ərzində Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanla işi davam etdirib. O, xüsusilə TRIPP layihəsinin əhəmiyyəti üzərində dayanıb. Rubionun sözlərinə görə, tranzit marşrutu tədricən reallığa çevrilir:

“Ermənistanda dəmir yolu ilə bağlı mühəndislik işlərinə artıq başlanılıb, Azərbaycanda isə Ermənistanla əlaqəni təmin edəcək avtomobil magistralı və dəmir yolunun tikintisi demək olar ki, başa çatdırılıb”.

O qeyd edib ki, TRIPP sadəcə infrastruktur layihəsi deyil, həm də Transxəzər ticarət marşrutunun mühüm həlqəsidir və ABŞ, eləcə də digər ölkələr üçün yeni ticarət imkanlarının hərəkətverici qüvvəsidir.

“Bu, Birləşmiş Ştatlar və digər ölkələr üçün yeni ticarət imkanları açan amildir. Eyni zamanda, uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyinə nümunədir”, – Rubio bildirib.

O həmçinin deyib ki, sülh ABŞ, Ermənistan və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün imkan yaradıb və bu amil hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək.

Trampa təşəkkür

Ermənistanın Baş naziri ABŞ Prezidenti ilə telefon danışığı zamanı Sülh Sammitinin təşkilinə və Ermənistanla Azərbaycan liderlərinin sülhün təsdiqi kimi qəbul etdikləri bəyannamənin imzalanmasına görə ona təşəkkür edib, sülhün bərqərar olmasında “Trampın şəxsi səylərinin mühüm əhəmiyyətini” vurğulayıb.

“Tərəflər məmnunluqla qeyd ediblər ki, Vaşinqton Sülh Sammiti Ermənistanla Azərbaycan arasında hər iki ölkənin xalqlarının gördüyü və hiss etdiyi real sülhə gətirib çıxarıb. […] Baş nazir Paşinyan və prezident Tramp yaxın vaxtlarda TRIPP-in tikintisi üzrə işlərə başlamaq əzmlərini təsdiqləyiblər. Həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətləri və beynəlxalq gündəliyin digər məsələləri müzakirə olunub”, -Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir.

Əliyevlə söhbət

Baş nazirin aparatının məlumatına görə, Əliyevlə telefon danışığı zamanı ötən il ərzində münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyiş qeyd edilib. Tərəflər xüsusilə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üzərində dayanıblar:

“Bu kontekstdə tərəflər Azərbaycan neft məhsullarının Ermənistana ixracını, həmçinin tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər. Bundan əlavə, tərəflər Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq TRIPP layihəsinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Sülh prosesinin irəlilədilməsi, regionda uzunmüddətli sülhün, sabitliyin, qarşılıqlı bağlılığın və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb”.

Şərh

Politoloq Tiqran Qriqoryan hesab edir:

“Vaşinqton sammitinin əsas nəticəsi regiona müəyyən sabitlik dövrü gətirməsidir. Artıq bir ildir ki, mümkün eskalasiyaları, Azərbaycandan qaynaqlanan təhlükəsizlik risklərini müzakirə etmirik.

İkinci müsbət amil atmosferin müəyyən dərəcədə dəyişərək əməkdaşlıq istiqaməti almasıdır.

Azərbaycandan danışsaq, əlbəttə, orada “Qərbi Azərbaycan” mövzusu kimi müəyyən aqressiv strategiyalar hələ də irəli sürülür. Amma sülhün bərqərar olmasına yönəlmiş addımlar da var. Məsələn, öz ərazisinin tranzit üçün açılması və buna bənzər digər qərarlar.

Təbii ki, Azərbaycanın ərazisinin açılması, müəyyən təmasların qurulması və ticarətin başlaması eskalasiya riskindən daha yaxşıdır.

Amma dəfələrlə qeyd etdiyimiz kimi, bu prosesin yekun nəticələrini yalnız TRIPP layihəsi işə salındıqdan sonra deyil, TRIPP-dən sonra daha nələrin həyata keçiriləcəyini gördükdə qiymətləndirmək mümkün olacaq. Yaxın illərdə verəcəyimiz qiymət məhz bu proseslərdən asılı olacaq.

Əgər TRIPP həyata keçirilsə, Ermənistan eyni zamanda Azərbaycan ərazisindən keçməklə İran və Rusiyaya çıxış imkanı əldə etsə, Ermənistan-Türkiyə sərhədi açılsa, əlbəttə, bu prosesi uğurlu hesab etmək mümkün olacaq.

Bütün bunlar baş verməsə və ya yalnız qismən həyata keçirilsə, qiymətləndirmələr fərqli ola bilər.

Amma bir daha vurğulamaq lazımdır ki, Vaşinqton sammitinin nəticəsində regionda yaranmış sabitlik Ermənistan üçün çox vacibdir. 2020-2025-ci illərdə həyatımızda təhlükəsizlik təhdidləri üstünlük təşkil edirdi. Təhlükəsizlik vəziyyəti baxımından əldə olunan irəliləyiş, şübhəsiz ki, diqqəti digər məsələlərə yönəltmək imkanı da yaradır”.

Ana səhifəSiyasət“Əsas nailiyyət regionda sabitlikdir”: Vaşinqton Sülh Sammitinə bir il sonra verilən qiymət