İlham Əliyev: “Heç kim bizim işimizə müdaxilə etməsin”

İlham Əliyev. Foto: president.az

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın xarici siyasətinin kənar təsirlərdən uzaq qurulmalı olduğunu bildirib.

Oktyabrın 2-də keçirilən qurultayda çıxış edən Əliyev “ideoloji məkan”, xarici təsirlər, ölkənin digər dövlətlərlə münasibətləri barədə danışıb.

O bildirib ki, Azərbaycanın “ideoloji məkanı yad ünsürlərdən və yad təsirlərdən azad olmalıdır” və bunu ölkənin xarici siyasət strategiyası ilə əlaqələndirib.

“Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin”, – Əliyev deyib.

Prezident çıxışının bu hissəsində Azərbaycanın başqa dövlətlərin köməyinə və himayəsinə ehtiyacı olmadığını da bildirib.

“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq”, – o deyib.

Əliyev bu fikrin ardınca Azərbaycanın silah alışı məsələsinə də toxunub. Onun sözlərinə görə, ölkənin xaricdən aldığı silah və hərbi texnikaya görə hər hansı güzəşt edilməyib.

“Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər”, – prezident bildirib.

Əliyev 2003-cü ildən sonra Azərbaycanın həm yerli hərbi istehsal yaratdığını, həm də xaricdən silah aldığını deyib.

Onun sözlərinə görə, bu müddətdə Azərbaycana silah satışında maliyyə güzəşti edilməyib:

“Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq”.

Prezident həmin fikirləri Azərbaycanın xarici siyasətdə müstəqil mövqe tutması barədə dedikləri ilə əlaqələndirib.

Çıxışının başqa hissəsində Əliyev müxtəlif ölkələrin ayrı-ayrı siyasi düşərgələrə daxil olduğunu və ya daxil olmağa çalışdığını deyib. Azərbaycanın isə belə seçim etmədiyini bildirib.

“Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil”, – Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif siyasi qütblərlə əlaqələr saxlayır. Əliyev Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq formatının olduğunu, Çin və ABŞ-la da strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu bildirib.

Ölkə başçısı xarici siyasətin bundan sonra daha fəal aparılmalı olduğunu da deyib.

Əliyevin bu fikirləri Azərbaycanın xarici siyasəti ilə bağlı son günlər Türkiyədə və Azərbaycanda gedən müzakirələrin fonunda səslənib.

Sentyabrın 24-də İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı onlarla ölkənin nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk edib. Anadolu Agentliyinin görüntülər əsasında apardığı hesablamaya görə, etiraza 70 ölkənin nümayəndələri qoşulub. Türkiyə də zalı tərk edən ölkələr arasında olub.

Azərbaycan nümayəndəsi isə zalda qalanlar arasında göstərilib.

Azərbaycan nümayəndəsinin zalda qalması xüsusilə Türkiyə mediasında və sosial şəbəkələrin Türkiyə seqmentində müzakirəyə səbəb olub. Hadisə Azərbaycanın İsraillə münasibətləri fonunda şərh edilib. Azərbaycan mediasında və bəzi şərhlərdə isə Türkiyədə səslənən tənqidlər Bakıya qarşı kampaniya və hadisənin yanlış təqdim olunması kimi qiymətləndirilib.

Əliyev çıxışında informasiya sahəsində xarici təsirlərdən də danışıb. O, xaricdə Azərbaycan dilində fəaliyyət göstərən media resurslarını Azərbaycandakı ictimai rəyə təsir göstərməyə çalışmaqda ittiham edib və bunu ölkəni “müstəqillik yolundan döndərmək” kimi qiymətləndirib.

Ana səhifə ▸ Xəbərlər ▸ İlham Əliyev: “Heç kim bizim işimizə müdaxilə etməsin”