Vəkil: Əfqan Sadıqov Baş Prokurorluğa aparılıb. Yenilənib

Əfqan Sadıqov Gürcüstanda saxlanılarkən. Foto: Sevinc Sadıqova

Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, “Azel TV” saytının baş redaktoru, jurnalist Əfqan Sadıqov hazırda Baş Prokurorluğa aparılıb.

“Hazırda əlavə məlumatım yoxdur, yanına gedirəm. Baş Prokurorluğa aparıblar. Yəqin ki, istintaq hərəkəti başladacaqlar”, – vəkil deyib.

***

“Azel TV” saytının baş redaktoru, jurnalist Əfqan Sadıqovun saxlanıldığı bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova “Facebook” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, mülki geyimli və maskalı 4-5 nəfər Əfqan Sadıqovun olduğu yerə gələrək ona zor tətbiq edib və naməlum istiqamətə aparıb.

Sevinc Sadıqova bildirib ki, həyat yoldaşının hara aparıldığı və hansı səbəbdən saxlanıldığı barədə onlara heç bir məlumat verilməyib:

“Elə indi maskalı, mülki geyimli 4-5 nəfər Əfqanın olduğu yerə basqın edərək onu zorakılıqla aparıblar”.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.

Əfqan Sadıqov 2024-cü ilin avqustunda Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Gürcüstanda saxlanılmışdı. Tbilisi Şəhər Məhkəməsi onun barəsində ekstradisiya məqsədilə həbs qətimkan tədbiri seçmişdi.

Jurnalist Azərbaycana ekstradisiyasına etiraz olaraq 2025-ci ilin fevralında quru aclıq aksiyası elan etmişdi.

2025-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edən müvəqqəti tədbir tətbiq etmişdi. Həmin ilin aprelində isə o, doqquz aylıq həbsdən sonra girov müqabilində azadlığa buraxılmışdı.

2026-cı il aprelin 5-nə keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Sadıqovun 2000 lari məbləğində cərimələndiyini, ölkədən deportasiya olunduğunu və onun Gürcüstana girişinə üç il müddətinə qadağa qoyulduğunu açıqlamışdı.

Həmin gün Sadıqov bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılmışdı.

Ana səhifəXəbərlərVəkil: Əfqan Sadıqov Baş Prokurorluğa aparılıb. Yenilənib