Şuşaya getmək daha da bahalaşır: Tarif Şurası yeni yolun qiymətlərini açıqladı

Foto: Azərtac

Tarif (qiymət) Şurası yeni tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan gediş haqlarını təsdiqləyib. Qərara əsasən, yolun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bu qərar Qarabağ turları və fərdi səfərlərin xərclərini daha da artıracaq.

Rəsmi məlumata görə, tariflər nəqliyyat vasitəsinin növündən asılı olaraq hər kilometr üçün 4,65 qəpiklə 17,7 qəpik arasında dəyişir. Qiymətlərə Əlavə Dəyər Vergisi (ƏDV) də daxildir.

Qiymətlər cibə necə təsir edəcək?

Yeni rüsumlarla Şuşaya gedib-gələn sürücü və sərnişinlərin xərcləri belə hesablanır:

  • Sıravi vətəndaşlar və kiçik sahibkarlar: Minik avtomobilləri və çəkisi 3,5 tona qədər olan yüngül yük maşınları üçün hər kilometrə 8,6 qəpik tarif qoyulub. Bu isə o deməkdir ki, Şuşaya gedən tək bir minik avtomobili təkcə bu yolun bir istiqaməti üçün təxminən 7 manat (6,99 AZN), gedib-gəlmək üçün isə 14 manat ödəməli olacaq.
  • Rayonlararası avtobuslar: Şuşaya sərnişin daşıyan avtobuslar üçün gediş haqqı kilometrə 7,1 qəpik (bütün yol üçün bir tərəfə ~5,77 AZN) müəyyən edilib ki, bu da birbaşa sərnişin biletlərinin qiymətinə təsir göstərəcək.
  • Böyük yük maşınları və tikinti texnikası: Çəkisi 3,5 tondan yuxarı olan ağır texnikalar üçün kilometrə 10,6 qəpik (8,62 AZN), 3 və daha çox oxlu qoşqulu maşınlar üçün isə 17,7 qəpik (bir tərəfə ~14,40 AZN) gediş haqqı kəsilib.

Rəsmi məlumatlara görə, yeni tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu əvvəlki ənənəvi yolla müqayisədə 19,7 kilometr daha qısadır. Bununla yanaşı, yeni yolda sürət həddinin daha yüksək olması sürücülərin mənzil başına daha tez çatmasını təmin edir. Lakin ekspertlər vurğulayırlar ki, dövlətin vətəndaşlara daha rahat və qısa yol təqdim etmək öhdəliyi fonunda, bu zaman və məsafə qənaətinin pullu xidmətə çevrilməsi bir növ “vaxtın və rahatlığın vətəndaşa satılması” mənzərəsini yaradır. Xüsusilə alternativ yolların yararsız və ya daha təhlükəli olması sürücüləri seçim qarşısında qoyaraq ödənişli magistraldan istifadəyə məcbur edə bilər.

İqtisadçılar və sosial şəbəkə istifadəçiləri bərpa və yenidənqurma prosesinin hələ də davam etdiyi, habelə məcburi köçkünlərin tam qayıtmadığı bir bölgəyə gedən strateji yolun ödənişli edilməsini tənqid edirlər. Bildirilir ki, dövlət büdcəsindən milyardlarla vəsait xərclənərək tikilən yolların yenidən vətəndaşlara pullu xidmət kimi təqdim edilməsi onsuz da yüksək olan daxili turizm qiymətlərini və Qarabağda biznes qurmaq istəyən kiçik sahibkarların logistika xərclərini daha da bahalaşdıracaq.

Yeni qərar sabahdan, iyunun 2-dən qüvvəyə minir.

Ana səhifəXəbərlərŞuşaya getmək daha da bahalaşır: Tarif Şurası yeni yolun qiymətlərini açıqladı