Paşinyan COP17-də mənimsəmə iddialarına görə müxalifət mediasını məhkəməyə verib

Paşinyan. Foto: rəsmi səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətyönlü Yerevan Today nəşrinin baş redaktoru Sevak Hakobyan, nəşrin sahibi Media Plus MMC və Hayeli.am saytına qarşı iddia qaldırıb. Paşinyan onun haqqında böhtan xarakterli hesab etdiyi bəyanatların təkzib olunmasını və 4 milyon dram (11 min dollar) təzminat ödənilməsini tələb edir.

OC Media yazır ki, Paşinyan məhkəmədən qərar qüvvəyə mindikdən sonra beş iş günü ərzində cavabdehlərin ictimai təkzib verməsini tələb edir.

Noyabrın 19-da qaldırılan iddia oktyabrın 19-20-də dərc olunmuş materiallarla bağlıdır. Hakobyan Yerevan Today və Hayeli.am saytlarında yayımlanan “Qısa desək” (“Karch Asats”) proqramında Ermənistanın oktyabrın 19-dan 30-dək ev sahibliyi etdiyi BMT-nin Biomüxtəliflik Konfransının (COP17) təşkili zamanı “yüksək səviyyəli mənimsəmə” və “yüksək səviyyəli korrupsiya” hallarının baş verdiyini iddia edib.

Paşinyanın ittihamlarına cavab olaraq Hakobyan bildirib ki, nə özü, nə də nəşrin hüquqşünasları proqramda böhtan və ya təhqir xarakterli hər hansı ifadə müəyyən ediblər. Buna görə də onlar Paşinyanın nümayəndəsindən mübahisə doğuran konkret fikirləri göstərməyi xahiş ediblər. Lakin məhkəmə iddiası barədə çərşənbə axşamı mediadan xəbər tutana qədər heç bir cavab almayıblar.

Ermənistan müxalifəti hökumətin COP17 üçün ayırdığı 18,5 milyard dramı (51 milyon dollar) da tənqid edib. Müxalifət bu məbləğin həddindən artıq olduğunu və korrupsiya riskləri yaratdığını bildirib. Hökumət isə cavabında şirkətləri işə götürən və konfransın keçiriləcəyi məkanı müəyyənləşdirənin Yerevan deyil, BMT olduğunu deyib.

“Bu, milyonlarla dollar xərclənən yüksək səviyyəli tədbirdə yüksək səviyyəli korrupsiyaya dair müxtəlif ifşalar da qeydə alınıb”, – Hakobyan deyib.

O, həmçinin Paşinyanın dəfələrlə səsləndirdiyi “milyonlarımın harada olduğunu göstərin” tələbini xatırladaraq, Baş nazirin iddia olunan israfçılıqda heç bir iştirakının olmamasının mümkün olub-olmadığını sorğulayıb.

“Və mən də öz növbəmdə soruşuram: bu qədər pulun tədbirə xərclənməsi, belə açıq-aşkar israfçılığın baş verməsi və onun bununla heç bir əlaqəsinin olmaması mümkündürmü?”, – Hakobyan proqramın sonunda deyib.

Hakobyan çərşənbə axşamı “Facebook” paylaşımında yazıb ki, Paşinyanın nümayəndəsindən bir neçə gün əvvəl məktub alıb. Məktubda Baş nazirin nüfuzuna xələl gətirdiyi iddia olunan, böhtan və təhqir kimi qiymətləndirilən fikirlərin təkzib edilməsi tələb olunub.

Hakobyan iddianın “azad mətbuata və analitiklərə təzyiqlərin yeni mərhələsinin” bir hissəsi olduğunu bildirib.

“Mən düşünmürəm ki, iddianın məqsədi pul qazanmaqdır. Məqsəd, daha çox, bizim onun haqqında danışmağımıza və onu tənqid etməyimizə mane olmaqdır. O, bizi özünə təhlükə kimi görür”, – Hakobyan yazıb.

O, növbəti addımları vəkillərlə məsləhətləşdikdən sonra müəyyən edəcəyini də bildirib.

Məhkəmə iddiası Ermənistanda media üçün hüquqi mühitlə bağlı daha geniş narahatlıqların olduğu bir vaxta təsadüf edir.

Ermənistanın aparıcı media hüquqları təşkilatlarından doqquzu bu yaxınlarda hökuməti ictimai müzakirəyə çıxarılan qanun layihəsini geri götürməyə çağırıb. Layihə təhqir və böhtana görə təzminat məbləğlərində dəyişikliklər edilməsini nəzərdə tutur.

İddia, həmçinin Paşinyanla müxalifətyönlü jurnalist Hripsime Cebeçyan arasında baş vermiş son mübahisədən sonra qaldırılıb. Cebeçyan Baş nazirin həftəlik mətbuat konfransı zamanı onu dəfələrlə “iyrənc” adlandırmasından sonra Paşinyanı məhkəməyə verəcəyini bildirib. Mübahisə jurnalistin Azərbaycanla münaqişə zamanı ermənilərin ölümünə görə Paşinyanı məsul tutmasından sonra yaranıb. Paşinyan isə cavabında onu məhkəməyə verəcəyini deyib.

Bundan sonra müxalifətyönlü Satik Seyranyanın rəhbərlik etdiyi Ermənistan Jurnalistlər İttifaqı bəyanat yayaraq Paşinyanın “jurnalistlərə müharibə elan etdiyini” bildirib.

Bu yazı ingilis dilindən tərcümə edilib. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifə ▸ Dünya ▸ Paşinyan COP17-də mənimsəmə iddialarına görə müxalifət mediasını məhkəməyə verib