Ermənistan Azərbaycan və Türkiyə ilə enerji şəbəkələrini birləşdirməyi planlaşdırır

Foto-kollaj: Chatgbt

Ermənistan Azərbaycan və Türkiyə ilə elektrik şəbəkələrinin əlaqələndirilməsinin ölkənin enerji sisteminin dayanıqlığını artıracağını düşünür.

Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan bu barədə ölkənin İctimai Televiziyasına müsahibəsində danışıb.

O, Ermənistanın enerji sisteminin Türkiyə və Azərbaycanla əlaqələndirilməsi planını tənqid edən müxalifət qüvvələrinin bunun ölkənin enerji sektorunun Türkiyənin nəzarətinə keçməsinə və Ankaradan asılılığın yaranmasına səbəb olacağı barədə fikirlərinə münasibət bildirib.

Kostanyanın sözlərinə görə, bu tənqidlər psixoloji və siyasi amillərlə də bağlıdır. O, Ermənistanın 30 ildən artıq müddətdə təcrid olunmuş şəkildə yaşamağa çalışdığını, lakin bu yanaşmanın uğur gətirmədiyini deyib.

“Tarix göstərir ki, bu, uğura aparmır. Avropa İttifaqının timsalında görürük ki, Avropa ölkələri müəyyən mərhələdə əlavə bağlantılar sayəsində hər biri üçün daha böyük iqtisadi nəticələr əldə etməyin mümkün olduğunu anlayıblar”, – Kostanyan bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistan artıq Gürcüstanla müvafiq layihələr həyata keçirir, İranla isə üçüncü elektrik ötürücü xəttini inşa edir. Onun fikrincə, Türkiyə və Azərbaycanla əlavə enerji bağlantıları ölkənin enerji sistemini daha dayanıqlı edəcək.

Kostanyan bildirib ki, hazırda Türkiyə və Azərbaycanla enerji sistemlərinin “ada metodu” adlandırılan üsulla əlaqələndirilməsi müzakirə olunur. Gələcəkdə tam sinxronlaşdırma nəzərdə tutulsa, Ermənistanın enerji sistemini Avropa standartlarına uyğunlaşdırması tələb olunacaq.

“Bu halda söhbət yalnız Türkiyə ilə sinxronlaşdırmadan deyil, Avropa enerji məkanına qoşulmaqdan gedəcək. Bunun üçün Avropa enerji şəbəkəsinin razılığı tələb olunur və həmin şəbəkənin texniki tələbləri var”, – o əlavə edib.

Paşinyan da elektrik şəbəkələrinin birləşdiriləcəyini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan və Türkiyə ilə elektrik şəbəkələrinin birləşdirilməsi planını açıqlamışdı.

O, noyabrın 22-də Yerevanda keçirilən DigiTec 2026 tədbirində “Nvidia” şirkətinin fiziki süni intellekt simulyasiyası üzrə vitse-prezidenti Rev Lebaredian ilə açıq müzakirə zamanı bildirib ki, Ermənistan qonşu ölkələrlə enerji bağlantılarını genişləndirmək niyyətindədir.

“Biz elektrik şəbəkələrimizi Türkiyə və Azərbaycanın elektrik şəbəkələri ilə birləşdirəcəyik. Artıq İran və Gürcüstanla əlaqəmiz var və enerji ötürülməsini daha səmərəli etmək üçün investisiyalar yatırırıq”, – Paşinyan deyib.

Baş nazir həmçinin TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi ilə bağlı fikir bildirərkən deyib ki, təşəbbüsün mühüm hissələrindən biri enerji və elektrik enerjisinin tranzitidir.

“Bu, həqiqətən də çox əhəmiyyətli və inanılmaz transformasiyadır. ‘Sülhün kəsişməsi’ layihəsi reallığa çevrilir”, – Paşinyan qeyd edib.

Süni intellekt enerji tələbatını artırır

Paşinyan Ermənistanın süni intellekt sahəsində mövqeyini qoruyub saxlamaq üçün daha çox elektrik enerjisinə, tərəfdaşlıqlara və açıq sərhədlərə ehtiyacı olduğunu bildirib.

Onun sözlərinə görə, cəmi səkkiz ay əvvəl Ermənistanda elektrik enerjisi istehsalı üzrə artıq güc mövcud idisə, hazırda məlumat mərkəzlərinin genişlənməsi ölkəni enerji idxalı üçün təchizatçılar axtarmağa vadar edir.

“Nvidia” şirkətinin vitse-prezidenti Rev Lebaredian da süni intellekt infrastrukturunun inkişafı üçün enerji təchizatının artırılmasının vacibliyini vurğulayıb. O, Ermənistanın mövcud üstünlüyündən istifadə edərək enerji imkanlarını yüzlərlə meqavatdan bir neçə giqavata çatdırmasının yollarını Paşinyandan soruşub.

Lebaredian hesab edir ki, Ermənistanın enerji təchizatını müxtəlif mənbələr hesabına genişləndirməsi vacibdir. Onun fikrincə, qonşu ölkələrdən enerji almaq və onlara süni intellekt xidmətləri göstərmək qarşılıqlı iqtisadi maraqlar yaradaraq uzunmüddətli sülh ehtimalını artıra bilər.

“Biz bir-birimiz üçün əhəmiyyətli oluruq və bu, uzun müddət davam edəcək sülhün əldə olunması ehtimalını artıracaq”, – o bildirib.

Paşinyan enerji tələbatının qarşılanması üçün günəş enerjisi də daxil olmaqla bərpaolunan enerji mənbələrinin inkişafı, enerji saxlanc sistemlərinin yaradılması və binalarla müəssisələrdə enerji səmərəliliyinin artırılması planlarından da danışıb. O, yeni atom elektrik stansiyasının tikintisi niyyətini də təkrarlayıb.

Ermənistan və Türkiyənin fəaliyyətsiz vəziyyətdə olan Gümrü-Qars elektrik xəttinin bərpası və yenidən istifadəyə verilməsini də müzakirə etdiyi bildirilir.

Lebaredian Avropa və ABŞ-nin süni intellekt infrastrukturu qurmaqda gecikəcəyi təqdirdə bu texnologiyanı inkişaf etdirən ölkələrdən idxal etməli olacağını deyib:

“Əgər ABŞ və Avropa öz təchizatlarını inkişaf etdirməsələr, sadəcə olaraq süni intellekti onu inkişaf etdirən yerlərdən idxal etməli olacaqlar”.

Ana səhifə ▸ Siyasət ▸ Ermənistan Azərbaycan və Türkiyə ilə enerji şəbəkələrini birləşdirməyi planlaşdırır