Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır: banklar, viza məhdudiyyətləri və idman yarışları

İllustrasiya: newsmaker.md

Newsmaker-in materialı

Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiya paketinin layihəsini təqdim edib. Təkliflər banklara, enerji sektoruna və neft daşıyan “kölgə donanması”na yeni məhdudiyyətlərlə yanaşı, Ukraynaya qarşı müharibədə iştirak edənlərin Avropa İttifaqına giriş qaydalarının sərtləşdirilməsini də nəzərdə tutur.

Noyabrın 23-də açıqlanan layihə barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib. Bu barədə “Newsmaker” “Deutsche Welle”yə istinadən yazır.

Fon der Leyenin sözlərinə görə, məqsəd Moskvaya təzyiqi artırmaq və Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulmasına nail olmaqdır.

“Rusiya Ukraynada davamlı sülhə nail olmaq üçün həqiqi niyyət nümayiş etdirənədək yeni sanksiyalar təklif etməyə davam edəcəyik”, – Avropa Komissiyasının rəhbəri bildirib.

Paketin qəbul edilməsi üçün Aİ-yə üzv bütün ölkələrin razılığı tələb olunur.

Müharibə iştirakçılarına giriş qadağası

Təkliflərdən biri Rusiya tərəfində döyüşmüş şəxslərin Avropa İttifaqına girişinin qadağan olunması ilə bağlıdır. Fon der Leyen onları Avropanın təhlükəsizliyi üçün təhdid adlandırıb və təşəbbüsü Rusiya agentlərinin Aİ ölkələrində zorakı əməliyyatlarının artması ilə əlaqələndirib.

Ukraynaya qarşı müharibədə iştirak edənlərə viza qadağası artıq 21-ci sanksiya paketində nəzərdə tutulub. Bu məhdudiyyət vətəndaşlığından asılı olmayaraq, 2022-ci il fevralın 24-dən Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşmüş bütün şəxslərə şamil edilir.

Qadağanın tətbiqi üçün Avropa Komissiyası yenilənmiş tövsiyələr və əlavə yoxlama vasitələri, o cümlədən hərbi xidmətlə bağlı xüsusi sorğu anketi hazırlayıb. Məhdudiyyətin nə vaxt tətbiq olunacağını Aİ Şurasında üzv dövlətlər müəyyənləşdirəcək.

“Ukraynaya qarşı Rusiya tərəfində döyüşənlər Avropada arzuolunmazdır. Buna görə üzv dövlətlərə həmin şəxsləri müəyyənləşdirmək və onların girişinə ardıcıl şəkildə icazə verməmək üçün vasitələr təqdim edirik”, – daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner bildirib.

Brunner noyabrın 23-də yaydığı ayrıca açıqlamada Rusiya vətəndaşlarına turist vizalarının yalnız sənədlərlə əsaslandırılmış ayrı-ayrı hallarda verilməsinin nəzərdə tutulduğunu da deyib. Lakin hansı halların bu kateqoriyaya aid olduğunu açıqlamayıb.

Avropa Komissiyası Aİ-nin xarici sərhədlərində hər bir Rusiya vətəndaşının fərdi qaydada yoxlanılmasını da təklif edir. Girişinə icazə verilməyən şəxslər barədə məlumatların ortaq informasiya sisteminə daxil edilməsi planlaşdırılır. Məqsəd həmin şəxslərin başqa üzv ölkə üzərindən Aİ-yə daxil olmaq cəhdlərinin qarşısını almaqdır.

Bununla yanaşı, Rusiyanı tərk etməli olan hüquq müdafiəçilərinin, müxalifət nümayəndələrinin və müstəqil jurnalistlərin Aİ-də müdafiə almaq imkanının saxlanılması nəzərdə tutulur.

İdmançılar və sənətçilər üçün əlavə məhdudiyyətlər

Avropa Komissiyası Rusiya komandalarının və idmançılarının Aİ ərazisində keçirilən yarışlarda Rusiya bayrağı altında çıxış etməsini qadağan etməyi təklif edir. Məhdudiyyətlər rəsmi Rusiya simvollarının nümayişinə də aid olacaq.

Fon der Leyen idman tədbirlərinin təbliğat meydanına çevrilməməli olduğunu bildirib.

Brunnerin sözlərinə görə, məhdudiyyətlər qüvvəyə mindikdən sonra Aİ ölkələri Rusiya adından, ölkənin bayrağı və ya digər milli simvolları ilə çıxış edən idmançı və komandalara viza verməkdən imtina edə biləcəklər.

Rusiya hakimiyyətinin dəstəklədiyi sənətçilər üçün də əlavə yoxlamaların tətbiqi planlaşdırılır.

Bundan başqa, Avropanın idman və mədəniyyət təşkilatlarının Rusiya sponsorları tərəfindən maliyyələşdirilməsinə, eləcə də Rusiya vətəndaşlarının Avropada yerləşən idman federasiyalarında rəhbər vəzifə tutmasına məhdudiyyətlər təklif olunur.

Ayrıca bir tədbir isə Aİ vətəndaşlarının Rusiya şirkətlərində rəhbər vəzifələr tutmasının qadağan edilməsini nəzərdə tutur.

Təxminən 60 bank və 70-dən çox gəmi

Yeni paketlə daha təxminən 60 Rusiya bankı ilə əməliyyatların qadağan edilməsi təklif olunur. Fon der Leyenin sözlərinə görə, həmin bankların hamısı beynəlxalq SWIFT sistemindən ayrılacaq.

Məhdudiyyətlər Rusiyada və üçüncü ölkələrdə sanksiyalardan yayınmağa kömək edən kriptovalyuta platformalarını və ödəniş şəbəkələrini də əhatə edəcək. Kriptovalyutalar vasitəsilə sanksiyalardan yayınma ilə mübarizə üçün xüsusi işçi qrup yaradılıb.

Avropa Komissiyası Rusiyanın enerji sektoruna xidmət göstərilməsi ilə bağlı qadağaları da genişləndirmək istəyir. Avropa şirkətlərinin Rusiyanın enerji infrastrukturunun, xüsusilə neft emalı zavodlarının tikintisində, istismarında və təmirində iştirakının qadağan olunması nəzərdə tutulur.

İlk dəfə elektrik enerjisi sahəsində göstərilən xidmətlərin də məhdudiyyətlərə daxil edilməsi planlaşdırılır.

Bundan əlavə, Qərbin məhdudiyyətlərindən yayınaraq neft daşınmasında istifadə olunan Rusiyanın “kölgə donanması”na aid daha 70-dən çox gəminin sanksiya siyahısına salınması təklif edilir.

Ayrıca təşəbbüs Rusiyada sığortalanmış bütün tankerlərə qadağa tətbiqini nəzərdə tutur. Lakin bu tədbirin necə işləyəcəyi hələ açıqlanmayıb.

22-ci paket çərçivəsində sadalanan yeni tədbirlər hələlik təklif mərhələsindədir. Onların qüvvəyə minməsi üçün Aİ ölkələrinin yekdil razılığı lazımdır.

Ana səhifə ▸ Siyasət ▸ Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır: banklar, viza məhdudiyyətləri və idman yarışları