Fatimə Mövlamlı ailəsi ilə görüşlərinin ləğv ediləcəyi barədə xəbərdarlıq alıb

Fatimə Mövlamlı – İllüstrasiya: Chatgpt

Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyev Fatimə Mövlamlıya onunla bağlı yazısına görə ailəsi ilə görüşlərinin ləğv edilə biləcəyi barədə xəbərdarlıq edib. 

Bu barədə jurnalistin sosial şəbəkə hesabında məlumat yayılıb.

“Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyev mənə xəbər göndərib ki, onunla bağlı yazıma görə ailəmlə görüşlərimi ləğv edəcək”, – Fatimə Mövlamlının statusunda deyilir.

Söhbət noyabrın 22-də Meydan TV-də yayımlanan, Bakı İstintaq Təcridxanasında qadın məhbuslara qarşı rəftarla bağlı jurnalistin məktubundan gedir.

Mövlamlı həmin məktubunda noyabrın 20-21-də təcridxananın Tibb-Sanitar Hissəsində baş verən hadisələrdən bəhs edib.

Jurnalistin yazdığına görə, hicab qadağasına qarşı aksiyalara görə həbs olunan qadınların başqa müəssisələrə köçürülməsindən sonra məhbuslar buna etiraz ediblər. Mövlamlı məktubunda etiraz zamanı Cavid Güləliyevin qadın məhbusları təhqir etdiyini, onları cinsi zorakılıqla hədələdiyini bildirib.

O, hadisəyə müdaxilə etməyə çalışarkən özünün də Güləliyev tərəfindən təhdid edildiyini yazıb. Məktubda həmçinin Meydan TV-nin baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşməsi, qadın məhbusların telefon əlaqəsindən məhrum edilməsi və etiraz edənlərin təkadamlıq kamerada saxlanılması barədə məlumat verilib.

Mövlamlı Ədliyyə Nazirliyini və aidiyyəti qurumları baş verənləri araşdırmağa, məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb.

Bakı İstintaq Təcridxanasının rəhbərliyinin və Penitensiar Xidmətin jurnalistin ailəsi ilə görüşlərinin ləğv ediləcəyi barədə xəbərdarlıqla bağlı mövqeyi məlum deyil.

Jurnalist Fatimə Mövlamlı 2025-ci il fevralın 28-də “Meydan TV işi” çərçivəsində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Fatimə Mövlamlı ittihamları qəbul etmir. O, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Ana səhifə ▸ Xəbərlər ▸ Fatimə Mövlamlı ailəsi ilə görüşlərinin ləğv ediləcəyi barədə xəbərdarlıq alıb