Dövlət mediasına büdcədən dəstək azalır

Foto: fornStudio\shutterstock

Bu günlərdə Milli Məclisdə Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirələri gedir. 17 noyabr 2026-cı ildə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib. 2027-ci il büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 38 milyard 518 milyon manat nəzərdə tutulub. Büdcənin gəlirlərinin əsas mənbəyi dövlət neft fondundan daxilolmalardır (11,9 milyard manat). Onu əlavə dəyər vergisi (9,4 milyon manat) və hüquqi şəxslərin mənfəət vergisi (7 milyard manat) izləyir.

Dövlət büdcəsindən mediaya dəstək azalır

Deputat Hikmət Babaoğlu Milli Məclisdə çıxışı zamanı bildirib ki, media sahəsinə ayrılan pul çox azdır: 

“Gələn il üçün mediaya ayrılan məbləğ 68 milyon 369 min manatdır. Ötən illə müqayisədə məbləğ xeyli azalıb”. 

Deputat Elnarə Akimova da ədəbi nəşrlərə dövlət büdcəsindən daha çox maliyyə ayrılmasını istəyib.

Narazılıq tək deputatlar tərəfindən gəlmir. “Şərq Media Qrup” MMC-nin direktoru Akif Aşırlı “Pravda.az”a verdiyi müsahibədə bildirib ki, ayrılan maliyyənin yalnız 3-5 faizi qəzetlərə və saytlara çatır. Məbləğin böyük hissəsi AzTV və İctimai Televiziyaya, media ilə bağlı beynəlxalq və daxili layihələrin həyata keçirlməsinə sərf edilir. Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də deputat Hikmət Babaoğlunun fikirlərini dəstəklədiyini bildirib.

Azərbaycan hökumətinin öz nəzarətində olan mediaya dəstəyi hər kəs tərəfindən  bilinən faktdır. Nəzarət altında olan media vasitəsilə Azərbaycan hökuməti öz təbliğatını aparır, rəqiblərini və digər tənqidi səsləri susdurur və informasiya məkanına nəzarəti təmin edir. Bu fəaliyyətin qarşılığında, təbii olaraq, hökumətin nəzarətində olan media qurumları hökumətdən dəstək alırlar.

2027-ci ildə media sahəsinə ayrılan 68,4 milyon manat vəsait son 6 ilin ikinci ən böyük vəsaitidir. Bu vəsait yalnız 2026-cı ildə media sahəsinə ayrılan 78,7 milyon manatlıq vəsaitdən geri qalır.

Qeyd: 2027-ci il dövlət büdcəsi hələ təsdiqlənməyib

Cədvəldən də göründüyü kimi 2021-2027-ci illər arasında dövlət büdcəsində media sahəsinə yarım milyard manatdan bir az az, 465 milyon manat ayrılıb (2027-ci il dövlət büdcəsi hələ təsdiqlənməyib).

Azərbaycan Televiziyası son 6 ilin ən az vəsaitini alacaq

Ümumi media sahəsinə ayrılan vəsaitlə bərabər, həmin vəsaitin ayrıldığı subyektlər də diqqət çəkir. 2027-ci ilin dövlət büdcəsində media sahəsinə ayrılan vəsaitin necə bölüşdürləcəyi rəsmi olaraq açıqlanmasa da, daxili mənbələrdən əldə etdiyimiz məlumatlar bu müqayisəni aparmağa imkan verir. Məsələn, Azərbaycan Televiziyası dövlət büdcəsindən 2027-ci ildə 33,13 milyon manat ilə son 7 ilin ən az maliyyəsini alacaq. İctimai Televiziyaya ayrılan vəsait də təqribən 2 milyon manat azalaraq 2023-cü ildən bəri ən az vəsait olacaq.

“Media Mükəmməllik Şəbəkəsi”nə ilk dəfə dövlət büdcəsindən vəsait ayrılır

2027-ci il büdcəsindən media sahəsinə ayrılan vəsaitlər içində digər diqqət çəkən məqam “Media Mükəmməllik Şəbəkəsi” adlanan quruma 1,75 milyon manat vəsaitin ayrılmasıdır. Təşkilatın nə zaman yaradılması haqqında açıq mənbələrdə məlumat tapmaq mümkün olmasa da, bu qurumun tərkibində İlham Əliyevin təşəbbüsü ilə D-8 Media Mükəmməllik Mərkəzi adlı struktur bölməsi yaradılıb. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun açıqlamasına görə mərkəzin yaradılmasında məqsəd D-8 təşkilatına üzv ölkələrin media subyektləri əməkdaşlarının arasındakı əlaqələrin genişləndirilməsini, dezinformasiya və saxta xəbərlərlə mübarizə aparılmasını və s. fəaliyyətləri hədəfləyir.

Media və Yayım Şurasının büdcəsi azaldılır

Media sektoruna dövlət büdcəsindən ayrılan vəsaitin azalması Media və Yayım Şurası nümunəsindən də görünür. Belə ki, 2026-cı ilin avqustunda “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” ləğv edilmiş və qurum Audiovizual Şuranın varisi olaraq yaradılan Media və Yayım Şurasına birləşdirilmişdi. Media və Yayım Şurasının  2027-ci ildə dövlət büdcəsindən 5,2 milyon manat vəsait alması nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsində isə təkcə Medianın İnkişaf Agentliyi üçün 6,5 milyon vəsait nəzərdə tutulmuşdu. Şura həm də ölkədə fəaliyyət göstərən media subyektlərinə qrantlar şəklində maliyyə vəsaiti təmin edir. Şuranın dövlət büdcəsindən daha az vəsait alması, ölkədə fəaliyyət göstərən və hökumətin də nəzarət etdiyi media subyektlərinə daha az maliyyə vəsaiti təmin etməsi mənasına gəlir.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinə ayrılan büdcə tamamilə kəsilir

2027-ci ilin dövlət büdcəsində diqqət çəkən digər bir məqam “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə verilən subsidiyanın tamamilə kəsilməsidir. Qurum ən azı 2021-ci ildən dövlət büdcəsindən subsidiya formasında dəstək alırdı. 2026-cı ildə quruma dövlət büdcəsindən 658 min manat vəsait ayrılıb. Qurum 1992-ci ildə “Müstəqil Dövlətlər Birliyinə” üzv dövlətlər tərəfindən təsis edilmişdi və üzv dövlətlər arasında əməkdaşlığı işıqlandırmağı, vahid informasiya məkanı formalaşdırmağı hədəfləyirdi.

Ana səhifə ▸ Xəbərlər ▸ Dövlət mediasına büdcədən dəstək azalır