Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də ABŞ prezidenti Donald Trampın adını daşıyan TRIPP nəqliyyat layihəsinin praktiki mərhələsinə başlanıldığını elan edib. İran isə layihənin regiondakı geosiyasi vəziyyətə təsir etməməli olduğunu bildirərək onun icrasını yaxından izləyəcəyini açıqlayıb.
Paşinyan televiziya müraciətində bildirib ki, layihə çərçivəsində ilkin tikinti işlərinə Ermənistanın Sünik vilayətinin Mehri icmasında başlanır. Onun sözlərinə görə, TRIPP Ermənistanın müstəqillik əldə etməsindən sonra həyata keçirilən ən böyük iqtisadi layihə olacaq.
Baş nazir layihənin Ermənistanla ABŞ hökumətləri tərəfindən birgə həyata keçirildiyini deyib. O, TRIPP-in Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Ermənistanın da beynəlxalq nəqliyyat əlaqələrini genişləndirəcəyini bildirib.
Paşinyan layihənin regionda sülhə, iqtisadi inkişafa və təhlükəsizliyə töhfə verəcəyini vurğulayıb. Onun çıxışından sonra ABŞ prezidenti Donald Trampın videomüraciəti yayımlanıb.
Tramp layihənin rəsmi başlanmasını alqışlayıb, Paşinyanın sülh istiqamətindəki addımlarını yüksək qiymətləndirib. O, TRIPP-in regionda malların, enerjinin və sərnişinlərin hərəkəti üçün yeni nəqliyyat marşrutları yaradacağını bildirib. Tramp həmçinin Azərbaycan prezidenti İlham Əliyevə və Paşinyana layihənin reallaşmasına verdikləri töhfəyə görə təşəkkür edib.
İran layihəni yaxından izləyəcəyini deyir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi noyabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib ki, Tehran TRIPP-in icrası ilə bağlı yalnız Ermənistanın verdiyi təminatlarla kifayətlənməyəcək.
O, İranın müvafiq dövlət qurumlarının layihənin gedişini yaxından izlədiyini və zərurət yaranarsa, müvafiq addımlar atacağını deyib.
Bəqayinin sözlərinə görə, İran Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını və iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Bununla belə, Tehran layihələrin regionun geosiyasi vəziyyətini dəyişməməsini, qonşu ölkələrin maraqlarının nəzərə alınmasını və üçüncü ölkələrin müdaxiləsinin qarşısının alınmasını vacib sayır.
İran rəsmisi ABŞ-ın regionda hərbi və ya güc strukturlarının mövcudluğunun təhlükəsizlik riski yarada biləcəyini də vurğulayıb. O bildirib ki, Ermənistan tərəfi Tehrana lazımi təminatlar verib, lakin İran bu etimadı layihənin digər iştirakçılarına avtomatik şəkildə şamil etmir.
Tehran daha əvvəl də TRIPP-lə bağlı narahatlığını ifadə edib. İranın Ermənistandakı səfiri Xəlil Şirqolami sentyabrda bildirib ki, layihə Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə zərər verməməli, ölkədə ABŞ-ın hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğuna gətirib çıxarmamalıdır. Səfir bu şərtlər qorunarsa, İranın layihəyə qarşı çıxması üçün əsas görmədiyini deyib.
Azərbaycan da layihənin hazırlanmasında iştirak edir
Azərbaycan tərəfinin noyabrın 23-də TRIPP-in başlanması ilə bağlı ayrıca rəsmi açıqlaması barədə məlumat yoxdur. Bununla belə, noyabrın 6-da Azərbaycan, ABŞ və Ermənistan layihənin irəlilədilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan edib.
Qrupların ilk iki istiqaməti nəqliyyat və elektrik enerjisinin ötürülməsi olacaq. Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edib. Birgə bəyanatda tərəflər TRIPP-in bütün istiqamətlərinin sürətlə həyata keçirilməsinə sadiq olduqlarını bildiriblər.
ABŞ və Ermənistan arasında mayın 26-da açıqlanan çərçivə sazişinə əsasən, layihəni həyata keçirmək üçün TRIPP Development Company adlı birgə şirkətin yaradılması nəzərdə tutulur. Sənəddə ABŞ tərəfinin şirkətdə 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olması planlaşdırılır. Razılaşmaya əsasən, şirkətə layihə ərazilərində ilkin olaraq 49 il müddətinə müstəsna torpaqdan istifadə və inkişaf hüquqları verilməsi nəzərdə tutulur.
Sazişdə Ermənistanın öz ərazisi üzərində suverenliyini, sərhəd və gömrük nəzarətini, hüquq-mühafizə və təhlükəsizlik funksiyalarını saxlayacağı da qeyd olunur. TRIPP-in əsas məqsədi Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisi vasitəsilə birləşdirmək və regionda nəqliyyat, enerji və digər kommunikasiya əlaqələrini genişləndirməkdir. Layihə avtomobil və dəmir yolları ilə yanaşı, neft-qaz boru kəmərləri, fiber-optik xətlər və elektrik ötürücü infrastrukturu da əhatə edə bilər.
Hazırda elan olunan mərhələ tikinti üçün hazırlıq işlərinin başlanmasıdır. Layihənin bütün infrastruktur komponentlərinin nə vaxt tamamlanacağı ilə bağlı konkret müddət açıqlanmayıb.