Noyabrın 20-də Bakı İstintaq Təcridxanasının (BİT) Tibb-Sanitar Hissəsində (TSH) saxlanılan Nübar Həsənova ilə Nərgizxanım Məmmədova Lənkəran Penitensiar Kompleksinə köçürülüb. Onlarla eyni kamerada qalan Çinarə Dərgahova isə BİT-in qadın korpusuna yerləşdirilib.
“Hicaba azadlıq!” aksiyasında həbs olunan qadınlara hara aparıldıqları barədə əvvəlcədən məlumat verilməyib. Qadınlar buna etiraz etdikdə BİT-in qadın əməkdaşları tərəfindən zorla maşına mindiriliblər.
Hadisə zamanı Tibb-Sanitar Hissədəki bütün kameraların nəfəslikləri bağlanıb, digər məhbuslara baş verənlər barədə məlumat verilməyib.
TSH-də saxlanılan digər hicablı qadınlar isə “onlayn məhkəməyə aparılmaq” adı ilə ərazidən uzaqlaşdırılıblar. Məhbuslar yalnız səs-küydən dəhlizdə hansısa insidentin baş verdiyini eşidiblər.
TSH-yə qaytarılan Aytən Həsənova və Nigar Bağırova inanclı qadınların aparılmasına və özlərinin “məhkəməyə aparılmaq” adı ilə aldadılmasına etiraz edərək dəhlizdə yerə oturublar, kameralarına keçməkdən imtina ediblər.
Onlara Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə köçürüldüyü barədə məlumat verilib, qadınlarla əlaqə saxlanılacağı vəd edilib. İnanclı qadınlar saat 19:30-da aksiyanı dayandıraraq kameralarına keçiblər.
Məlumatlara görə, aksiya zamanı BİT rəisinin müavini Ceyhun Hacıyev qadınları telefon vasitəsilə kameraya çəkib. Bu zaman onlara hər hansı fiziki təzyiq göstərilməyib.
Noyabrın 21-də isə Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar Hissəsində saxlanılan inanclı fəallar Aytən Həsənova və Nigar Bağırova zorakılıqla naməlum istiqamətə aparılıblar.
TSH-yə axtarış-baxış əməkdaşı Dəyanət adlı şəxs gətirilib. Onun jurnalistlərlə kobud danışdığı, “anqırmayın” ifadəsini işlətdiyi bildirilir. TSH-də saxlanılan jurnalistlər buna etiraz etdikdə kameralarının nəfəslikləri bağlanıb.
Tibb-Sanitar Hissəyə gələn BİT rəisinin müavini Cavid Güləliyev jurnalistləri nalayiq ifadələrlə təhqir edib. O, inanclı fəalların kamerasının qapısına təpik vuraraq söyüşlər söyüb.
Həmin gün TSH-də telefon danışığı üçün məhbuslara zəng hüququndan istifadə etməyə imkan verilməyib, telefon bağlantısı kəsilib. Həbsdə olan jurnalistlər baş verənlərlə bağlı açıqlama tələb etsələr də, onlara hadisələrin səbəbi izah edilməyib.
Təxminən yarım saat sonra kişi məhbusların kameralarının nəfəslikləri bağlı saxlanılmaqla qadın məhbusların nəfəslikləri açılıb.
Noyabrın 21-də axşam saat 19 radələrində Nigar Bağırova ilə Aytən Həsənova yenidən “sançast”a qaytarılıblar. Gün ərzində bağlı saxlanılan telefon xətti saat 16:00-dan sonra cəmi bir saatlıq açılıb və məhbuslar bu müddət ərzində ailələri ilə əlaqə saxlaya biliblər.
Hicablı qadınlar bir neçə saat “kars”da saxlanıldıqlarını və təzyiqlərlə üzləşdiklərini bildiriblər. “Hicab məhbusları” Nübar Həsənova ilə Nərgizxanım Məmmədovanın isə döyülərək Lənkəran Penitensiar Kompleksinə aparıldığı barədə məlumatlar var.
Məlumatlara görə, rəis müavini Cavid Güləliyev qadınları “kars”a apararkən nalayiq ifadələr işlədib və onları təhqir edib.
Cavid Güləliyev noyabrın 19-da Ədliyyə naziri Fərid Əhmədov tərəfindən yaxşı işlədiyinə görə diplomla təltif edilib. Ona əlavə səlahiyyətlər verildiyi də bildirilir.
O, söyüş və zorakılığına qarşı çıxan məhbus jurnalistlərə “Siz də mənim haqqımda tənqidi yazın. Nə qədər söysəniz, o qədər təltif alacağam”, – deməklə əslində ADA-da dərs deyən nazir Fərid Əhmədovun da hüquqa deyil, zora üstünlük verdiyinə işarə vurub.
Cavid Güləliyev Penitensiar Xidmətə yeni rəis təyin olunmuş Sahib Rzayevin əvvəllər müstəntiq işlədiyini söyləyərək, “Siz məhbusların zamanı getdi, indi bizim zamanımızdır”, – deyib.
Məlumata görə, Cavid Güləliyev “sançast”a gələndə ondan spirtli içki iyi gəlib. O, psixotrop dərmanlar qəbul etdiyini bildirib. Həmçinin, hərəkətlərinin adekvat olmadığı və davranışlarında psixoloji problemlərin ola biləcəyi barədə müşahidələr ifadə olunub.
Nübar Həsənova, Nərgizxanım Məmmədova və Günarə Dərgahova oktyabrın 13-də həbs olunaraq Xəzər Rayon Məhkəməsinə çıxarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
İnanclı qadınlar özlərini təqsirli bilmirlər və “Hicaba azadlıq!” tələb etdikləri üçün həbs olunduqlarını bildirirlər.
Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, bu qaydalardan sonra hicablı şagird və müəllimlər məktəblərə buraxılmayıb. Bu da ölkə üzrə narazılıq və etirazlara səbəb olub.
Hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar xeyli insan həbs olunub. Daxili İşlər Nazirliyinin iddiasına görə, həmin şəxslər ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanıb.