Bu gün, noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın sədr müavini Məmməd İbrahimin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Qapalı keçirilən məhkəmə prosesində şahid qismində politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iştirak edib.
Məhkəmə prosesi qapalı keçirildiyindən şahidlərin ifadələri barədə məlumatlar məhkəmədəki mənbələrə istinadən yayılıb.
Politoloq Eldar Namazov ifadəsində bildirib ki, 2013-cü ildə Milli Şura yaradılarkən onun məqsədi Azərbaycanda hakimiyyət dəyişikliyinin dinc yolla həyata keçirilməsinə dəstək vermək olub.
Namazovun sözlərinə görə, nə onun, nə də Əli Kərimlinin dövlət çevrilişi ilə bağlı məqsədi olmayıb. Əli Kərimli onunla Azərbaycanda dövlət çevrilişi ilə bağlı hər hansı bir söhbət etməyib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Əli Kərimlinin zorakılıq və dövlət çevrilişinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, Kərimli hakimiyyətin zorla dəyişdirilməsinə qarşı olan bəyanatlara da imza atıb.
Cəlaloğlu Əli Kərimlinin hər hansı cinayətdə iştirak etmədiyini söyləyib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Əli Kərimlinin əleyhinə geniş ifadə verib. O, ifadəsində bildirib ki, Əli Kərimli 2010-2013-cü illərdə Əli Kərimli onunla hakimiyyətin zorla ələ keçirilməsi, dövlət çevrilişi ilə bağlı söhbətlər edib. Rauf Arifoğlu deyib ki, Əli Kərimli ondan daim dövlət çevrilişinə dəstək verməsini istəyib.
Məhkəmədə kifayət qədər təzadlı ifadələr verən Rauf Arifoğlu deyib ki, bağ evində görüşü zamanı Əli Kərimli ondan hakimiyyət ilə əlaqə qurmasını istəyib. Baş redaktor bildirib ki, AXCP sədri onu Daxili İşlər Nazirliyindən çıxan zaman çəkilmiş fotosu ilə şantaj edirmiş.
Daha sonra Təhlükəsizlik Şurasının katibi, keçmiş daxili işlər naziri Ramil Usubovun Ramiz Mehdiyevlə qohum olduğunu bildirən Rauf Arifoğlu sabiq nazirin müxalifətlə yumşaq davrandığını bildirib.
Bundan sonra Rauf Arifoğlu ilə Əli Kərimlinin vəkilləri arasında gərginlik yaşanıb. Vəkillər ondan dövlət çevrilişi barədə söhbətlərdən sonra niyə hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşublar.
Rauf Arifoğlu isə görüş zamanı telefonu olmadığını söyləyib, daha sonra bu cür söhbətlərin qanuna zidd olduğundan xəbərsiz olduğunu bildirib. Rauf Arifoğlunun ifadələri zaldakıları və hətta hakimlər tərəfindən gülüşlə qarşılanıb.
Əli Kərimli Rauf Arifoğlunun çıxışından sonra hakimlərə xitabən bildirib ki, “Məhkəməyə bir “işverən”, “üzəduran” gətirmisiz. Bu adam açıq müsahibəsində bildirmişdir ki, əlində silah məni öldürməyə hazırdır”.
Əli Kərimli məhkəmədə ifadə verməkdən imtina edib.
Məhkəmə iclası başlamazdan əvvəl polis Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən yolları nəzarətə götürüb. AXCP fəalları məhkəmə binası önünə buraxılmayıblar.
AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-da saxlanılıblar. Dekabrın 1-də Səbail Rayon Məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib.
Onlara Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb.
Əli Kərimli və Məmməd İbrahim ittihamları rədd edirlər. AXCP isə həbsləri siyasi təzyiq kimi qiymətləndirib.