Yeni qayda qəbul edilərsə, Bakıda aylıq gəliri 1800 manatdan çox olan taksi sürücülərinin vergisi artacaq, bu məbləğdən az qazananların isə azalacaq. Digər şəhər və rayonlarda verginin artması daha aşağı gəlirdən başlayacaq.
Azərbaycanda taksi sürücülərinin vergi ödəmə qaydasının dəyişdirilməsi təklif olunur. 2027-ci ilin büdcə zərfinə daxil edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, sürücülər indiki kimi sabit məbləğdə deyil, əldə etdikləri gəlirin 1 faizi həcmində sadələşdirilmiş vergi ödəyəcəklər.
Yeni qayda taksi sifarişi operatorları vasitəsilə çalışan sürücülərə şamil olunacaq. Vergi platformaların sürücülərə ödədiyi gəlirdən tutulacaq.
Hazırda taksi sürücülərinin aylıq sadələşdirilmiş vergisi fəaliyyət göstərdikləri ərazidən asılıdır. Bakıda bu məbləğ 18 manat, Sumqayıt, Gəncə və Abşeronda 13,5 manat, digər şəhər və rayonlarda isə 9 manatdır. Sürücünün ay ərzində nə qədər qazandığı verginin məbləğinə təsir etmir.
Yeni sistemdə isə vəziyyət dəyişəcək. Məsələn, Bakıda aylıq gəliri 1000 manat olan sürücü indiki 18 manat əvəzinə 10 manat ödəyəcək. Gəliri 2000 manat olduqda isə vergi 20 manata yüksələcək.
Sumqayıt, Gəncə və Abşeronda aylıq gəliri 1350 manatdan, digər şəhər və rayonlarda isə 900 manatdan çox olan sürücülərin vergi ödənişi artacaq. Bu hədlərdən aşağı gəlir əldə edənlər isə əvvəlkindən az vergi ödəyəcəklər.
Məsələn, aylıq gəliri 2000 manat olan taksi sürücüsü Bakıda hazırkı 18 manat əvəzinə 20 manat, Sumqayıt və Gəncədə 13,5 manat əvəzinə 20 manat, digər rayonlarda isə 9 manat əvəzinə 20 manat vergi ödəyəcək.
Dəyişikliyin əsas məqsədi taksi sürücülərini faktiki gəlirlərinə uyğun vergiyə cəlb etməkdir. Mövcud sistemdə gündə bir neçə saat işləyən sürücü ilə tam iş günü çalışan sürücü eyni məbləğdə vergi ödəyir.
Yeni mexanizmdə verginin hesablanması və tutulması taksi sifarişi operatorları vasitəsilə həyata keçiriləcək.
Məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta ödənişlərinin isə əvvəlki qaydada ödənilməsi nəzərdə tutulur.
Dəyişikliklər hələ qanun layihəsi mərhələsindədir. Qəbul edilərsə, taksi sürücülərinin vergi yükü onların aylıq gəlirindən asılı olaraq artacaq və ya azalacaq.