Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək üçün Berlində sərgi təşkil edilib

“Mikroskop Media”nın həmtəsisçisi Fatimə Kərimova: “İstəyirik ki, jurnalistlər unudulmadıqlarını hiss etsinlər”

Almaniyanın paytaxtı Berlində həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək məqsədilə sərgi və məktubyazma aksiyası təşkil olunub.

Tədbir Berlin Divarının süqutuna həsr olunan “Berlin Freedom Week” (Berlin Azadlıq Həftəsi) çərçivəsində keçirilib.

Sərginin təşkilatçıları “Mikroskop Media” və “Exile Team” təşkilatlarıdır.

“Mikroskop Media”nın həmtəsisçisi, araşdırmaçı jurnalist Fatimə Kərimova bildirib ki, tədbirin məqsədi Azərbaycanda həbsdə olan jurnalistlərin vəziyyətini Avropa ictimaiyyətinin diqqətinə çatdırmaq və onlara həmrəylik nümayiş etdirməkdir.

Onun sözlərinə görə, sərgidə həbsdə olan 30-dan çox jurnalisti təmsil edən 10 nəfərin portreti nümayiş olunur. Portretlərdəki jurnalistlər “Meydan TV”, “Toplum TV” və “Abzas Media”nın əməkdaşlarıdır.

Sərgiyə gələnlər jurnalistlərin fəaliyyəti, həbs olunma səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat ala bilirlər.

Burada “Meydan TV”, “Abzas Media” və “Toplum TV” ilə bağlı cinayət işləri, həmin redaksiyalardan həbs olunanların sayı, eləcə də digər media qurumlarından olan jurnalistlər haqqında məlumatlar da təqdim edilir.

Jurnalistlərə yazılan məktublar azadlığa çıxdıqdan sonra onlara təqdim olunacaq

Sərgidə iştirakçılar həbsdə olan jurnalistlərə məktub da yaza bilirlər. Bunun üçün müxtəlif dizaynda açıqcalar hazırlanıb.

Fatimə Kərimovanın sözlərinə görə, təşkilatçılar yazılan məktubların fotoşəkillərini vəkillər və ya ailə üzvləri vasitəsilə jurnalistlərə çatdırmağı planlaşdırırlar: “Məktubların orijinalları isə saxlanılacaq və jurnalistlər azadlığa çıxdıqdan sonra onlara təqdim ediləcək. Bununla həm jurnalistlərə mənəvi dəstək göstərmək, həm də onların həbsdə olduqları müddətdə unudulmadıqlarını hiss etdirmək istəyirik”.

Təşkilatçılar məktubların sonradan jurnalistlərin şəxsi arxivinin bir hissəsinə çevriləcəyinə ümid edirlər.

“Bəziləri təsəvvür edə bilmir ki, bir redaksiyadan 10 nəfər birdən həbs oluna bilər”

Fatimə Kərimova Avropada Azərbaycan jurnalistlərinin həbsi ilə bağlı məlumatlılığın müxtəlif səviyyədə olduğunu bildirib.

Onun müşahidələrinə görə, media və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqəsi olan insanlar Azərbaycandakı vəziyyətdən daha çox xəbərdardırlar. Lakin bu sahələrdən kənarda çalışanların bir çoxu baş verənlər barədə kifayət qədər məlumatlı deyil.

Araşdırmaçı jurnalist deyir ki, ünsiyyətdə olduğu bəzi insanlar Azərbaycanda bir redaksiyanın 10, digərinin isə 7 əməkdaşının eyni vaxtda həbs oluna biləcəyini təsəvvür etməkdə çətinlik çəkirlər.

Kərimovanın fikrincə, siyasi səviyyədə Azərbaycandakı insan hüquqları problemlərinə kifayət qədər diqqət ayrılmır. O, bunu siyasi razılaşmalar və maraqlarla əlaqələndirir.

Bununla belə, jurnalist Avropada Azərbaycanda baş verənlərlə maraqlanan insanların da az olmadığını düşünür: “Bəzi insanlar sadəcə məlumat çatışmazlığı səbəbindən jurnalistlərin həbsindən xəbərsizdirlər. Belə tədbirlər isə həmin insanlara baş verənləri öyrənmək imkanı yaradır. Azərbaycandakı jurnalistlərin vəziyyəti barədə davamlı danışmaq, onların hekayələrini bölüşmək və ictimaiyyəti məlumatlandırmaq vacibdir”.

Təşkilatçılar sərgi və məktubyazma tədbiri vasitəsilə həm həbsdə olan jurnalistlərə dəstək göstərməyi, həm də onların azadlığı məsələsini beynəlxalq ictimaiyyətin gündəmində saxlamağı hədəfləyirlər.

Almaniya Bundestaqının deputatı Frank Şvabe

Tədbirdə xarici jurnalistlər, siyasətçilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Onların arasında Almaniya Bundestaqının deputatı Frank Şvabe (Frank Schwabe) də olub. Sosial Demokrat Partiyasını (SPD) təmsil edən Şvabe həmçinin Avropa Şurası Parlament Assambleyasında Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədridir. O, uzun illərdir insan hüquqları məsələləri, o cümlədən Azərbaycanda siyasi məhbusların vəziyyəti ilə bağlı fəaliyyət göstərir.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək üçün Berlində sərgi təşkil edilib