2027-ci ildən kənd təsərrüfatı istehsalçılarına gəlir və mənfəət vergisi tətbiq ediləcək. 2001-ci ilin əvvəlindən etibarən kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla, gəlir, mənfəət, əlavə dəyər vergisi (ƏDV) və sadələşdirilmiş vergidən tam azad edilib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, gələn ildən fermerlərə tətbiq edilən vergi güzəştləri beş il müddətinə 100 faizdən 90 faizə endiriləcək.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, aqrar sektorda uzun illər tətbiq edilən vergi güzəştlərinin iqtisadi səmərəliliyi təhlil olunub:
“Əldə olunan nəticələr və sektorun mövcud inkişaf səviyyəsi kənd təsərrüfatında vergitutmaya yeni yanaşmanın tətbiqi üçün imkanların formalaşdığını göstərir. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur. Layihəyə əsasən aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir. Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq”.
O. Nəzərli qeyd edib ki, sadələşdirilmiş vergi üzrə tam azadolmanın müddəti isə daha beş il uzadılacaq.
Xidmət rəisinin sözlərinə görə, qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Bu, heyvandarlıq sektoru üzrə idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı üç il müddətinə ƏDV-dən azad ediləcək.
Kiçik fermer təsərrüfatlarının sahibləri isə gözlənilən dəyişikliklərdən narazıdırlar. Fermerlərin fikrincə, indiyədək vergilərdən tam azad olunmaları belə onlara məhsullarından kifayət qədər gəlir əldə etməyə kömək etməyib. Onların sözlərinə görə, istehsal xərcləri ildən-ilə artır. Fermerlər keyfiyyətli gübrə və toxum əldə etməkdə çətinlik çəkir, əkin-biçin mövsümündə texnika tapmaqda problemlərlə üzləşirlər. Anomal iqlim şəraiti və su çatışmazlığı kimi amillər isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bütün bu çətinliklərə baxmayaraq, onların məhsulları ucuz qiymətə alınır. Nəticədə fermerlər ilboyu dolanışıqlarına yetəcək qədər mənfəət əldə edə bilmirlər. İndi isə kiçik fermerlər üçün yeni vergilər tətbiq edilir və əlavə bürokratik maneələr yaradılır.
“Həyətindəki almaları satan kəndlilər də 2 faizlik vergi ödəyəcək”
Sahibkar Vəli Əliyev feysbuk səhifəsində yazır ki, növbəti vergitutma kəndlinin həyətinə qədər gəlib çatıb. Sahibkar Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər arasında xüsusi diqqətə layiq iki məqamın olduğunu qeyd edir.
Birinci dəyişiklik Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə aiddir. Söhbət tam vergi azadolmasının aradan qaldırılmasından və hesablanan verginin yalnız 90 faizinin güzəştə şamil edilməsindən gedir.
İkinci dəyişiklik isə Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə bağlıdır. Bu maddə vergi orqanında uçotda olmayan fiziki şəxslərin müəyyən malların satışından əldə etdikləri gəlirlərdən 2 faiz vergi tutulmasını nəzərdə tutur.
V. Əliyev yazır ki, indiyədək kənd təsərrüfatı məhsullarını bilavasitə istehsal edən fiziki şəxslərin gəlirləri vergidən azad olunduğu üçün bu vergi onlara tətbiq edilmirdi:
“İndi isə tam vergi azadolmasının aradan qaldırılması həmin şəxslərin məhsul satışından əldə etdikləri gəlirlərə də 2 faizlik verginin tətbiqi məsələsini gündəmə gətirir.
Kəndli həyətində bir neçə alma ağacı yetişdirib. Məhsulunu yığıb, 1000 manata tədarükçü müəssisəyə satır. Təklif edilən dəyişikliklərin qarşılıqlı tətbiqi nəticəsində həmin 1000 manatdan 20 manat vergi tutulması ehtimalı yaranır.
Özü də kəndlinin nə qədər xərc çəkdiyinin, nə qədər qazandığının heç bir əhəmiyyəti yoxdur. Vergi mənfəətdən deyil, satış məbləğindən hesablanır”.
Sahibkar qeyd edir ki, dövlət büdcəsinin gəlirlərini artırmaq üçün yeni mənbələrin axtarışı artıq kəndlinin həyətinə qədər gəlib çıxıb:
“İllərlə kənd təsərrüfatının inkişafından, ərzaq təhlükəsizliyindən, yerli istehsalın dəstəklənməsindən danışmışıq.
İndi isə kəndlinin həyətində yetişdirdiyi bir neçə yeşik alma da büdcə gəlirlərinin artırılmasına öz töhfəsini verə bilər.
Bu gedişlə kəndlinin həyətindəki alma ağacına da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməsi təklif olunsa, təəccüblənmərəm.
Ən maraqlısı isə odur ki, müəllimlər təklif olunan dəyişiklikləri ciddi-cəhdlə gizli saxlayırlar.
Görünür, kəndlinin həyətindəki alma ağacı da bu dəyişikliklərdən xəbər tutmamalıdır. Yoxsa gələn ildən bar verməkdən imtina edər”.
Yeni vergilər torpaqların konsolidasiyası üçün təzyiq vasitəsi ola bilərmi?
İqtisadçılar hesab edirlər ki, aqrar sahədə əldə olunan gəlir və mənfəətin müəyyənləşdirilməsi olduqca mürəkkəb prosesdir. Bunun üçün ilk növbədə, təsərrüfatlarda uçot sistemi qurulmalıdır. Gəlir və xərclərin hesablanması, vergi ödəyicisi kimi qeydiyyata alınma və gəlirlərin bəyan edilməsi kiçik fermerlər üçün çətin prosedura çevrilə bilər. Nəticədə kiçik fermerlər bu sahəni tərk etmək məcburiyyətində qala bilərlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, kənd təsərrüfatı sahəsində mənfəətlə işləyən müəssisələrin sayı ildən-ilə azalır, zərərlə fəaliyyət göstərənlərin sayı isə artır.
Belə ki, 2025-ci ildə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 1060 müəssisədən 825-i mənfəətlə, 77-si isə zərərlə işləyib. 2024-cü illə müqayisədə bu sektorda mənfəətlə işləyən müəssisələrin sayı 4,8 faiz azalıb, zərərlə fəaliyyət göstərən müəssisələrin sayı isə 16,7 faiz artıb.
Kənd təsərrüfatı sahəsində fərdi sahibkar təsərrüfatlarının sayı da bir il ərzində 21 faizdən çox azalıb. Belə ki, 2025-ci ilin sonunda 577 fərdi sahibkar təsərrüfatı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 21,6 faiz azalma deməkdir.
Ümumiyyətlə, son vaxtlar hökumət kiçik təsərrüfatların fəaliyyətinin səmərəli olmadığını əsas gətirərək kənd təsərrüfatına yararlı torpaqların konsolidasiyası məsələsini də gündəmə gətirib. Bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik edilməsi barədə təkliflər də irəli sürülüb.
Təkliflərə görə, torpaq mülkiyyətçilərinin razılığı və torpaq sahələrinin ekvivalent bazar dəyəri nəzərə alınmaqla, torpaq sahələri birləşdirilə, bölünə və onların sərhədləri yenidən müəyyən edilə bilər. Nəticədə torpaq sahələri üzərində mülkiyyət hüquqları yenidən rəsmiləşdiriləcək.
Ekspertlərin fikrincə, yeni vergi qaydaları 5 hektardan az torpaq sahəsinə malik kəndlilərə təzyiq vasitəsi kimi istifadə oluna bilər. Bununla da onlar torpaqların konsolidasiyasına razılıq verməyə məcbur edilə bilərlər. Çünki mövcud şərtlər altında kiçik pay torpaqlarına sahib olan kəndlilərin mənfəətlə işləməsi kifayət qədər çətin olacaq.