AŞPA və ATƏT PA nümayəndələri Azərbaycandakı həbslərlə bağlı bəyanat yayıblar
AŞPA-nın Siyasi Məhbuslar üzrə Baş Məruzəçisi Azadə Rojhan və ATƏT Parlament Assambleyasının Siyasi Məhbuslar üzrə Xüsusi Nümayəndəsi Stiv Koen 30 oktyabrı – Beynəlxalq Siyasi Məhbuslar Günü ərəfəsində birgə bəyanat yayıblar.
Oktyabrın 29-da yayımlanan bəyanatda Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli, müxalifət lideri Əli Kərimli, jurnalistlər Ülvi Həsənli, Fərid Mehralızadə və Ülviyyə Əlinin adları çəkilir.
Bəyanatda deyilir ki, onların həbsi Azərbaycanda ifadə azadlığının, müstəqil ictimai və siyasi fəaliyyətin nə dərəcədə məhdudlaşdırıldığını göstərir.
Azadə Rojhan və Stiv Koen bəyanatda bildirirlər ki, haqsız yerə həbs olunan şəxslərin azadlığa buraxılması hansısa siyasi və ya iqtisadi razılaşmanın şərti olmamalıdır:
“Bu cür hallar hakimiyyət orqanları və məsuliyyət daşıyan şəxslər üçün utancvericidir. Ədalətsiz yerə həbs edilmiş insanların azadlığa buraxılması öhdəlikdir, alver predmeti deyil”.
Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti siyasi məhbusların vəziyyətini diqqətdə saxlamağa çağırıblar.
Fərid Mehralızadə və Ülvi Həsənli ötən ilin iyununda “AbzasMedia işi” çərçivəsində bir sıra iqtisadi ittihamlarla 9 il həbsə məhkum ediliblər. “Meydan TV işi” ilə əlaqədar həbsdə olan Ülviyyə Əli də qaçaqmalçılqda günahlandırılır. Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Hüquq müdafiəçisi Anar Məmmədli qaçaqmalçılıqda ittiham edilərək 12 il həbs cəzası alıb, özü ittihamı rədd edir.
Müxalifətdə olan AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, isə dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri bu ittihamı rədd edərək həbsini siyasi, sifarişli adlandırır.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var.
Hökumət təmsilçiləri isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda adları keçən şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.
Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız yerə tutulanları dərhal azad etməyə çağırır.