İctimai fəal və qazi Hacı Vəliyevin həbs müddəti 6 ay azaldılıb

Hacı Vəliyev. Foto: Şəxsi Facebook səhifəsi

“Gənc Qazilər” İctimai Birliyinin sədri, ictimai fəal və qazi Hacı Vəliyevin həbs müddəti 6 ay azaldılıb.

Bu gün, oktyabrın 29-da hakim Vidadi Cəfərovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə kassasiya şikayəti qismən təmin edilib. Qərara əsasən, onun cəzası 2 il 6 aydan 2 ilə endirilib.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunub.

2026-cı il mayın 6-da Tovuz Rayon Məhkəməsinin hökmü ilə Hacı Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Vəliyev şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemlərini mediada və sosial şəbəkələrdə işıqlandırması, eləcə də məmurları tənqid etməsi ilə tanınır.

2025-ci il martın 18-də Hacı Vəliyev Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi. O, həmin vaxt Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə küçəsi, 156 ünvanında yerləşən satış yerlərinin dağıdıldığını, özlərinin isə polis bölməsinə aparıldığını bildirmişdi. Bunun ardınca isə o, martın 31-də gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Daxili İşlər Nazirliyi onun saxlanılması ilə bağlı yaydığı məlumatda Hacı Vəliyevin barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlandığını bildirmişdi.

“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb. 2025-ci il mayın 28-də Birliyin İdarə Heyəti bəyanat yayaraq fəaliyyətini dayandırdığını açıqlayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ İctimai fəal və qazi Hacı Vəliyevin həbs müddəti 6 ay azaldılıb